İbə piri

Özümüzü və ətrafımızı hələ tam dərk etməmişdən xeyli öncə dil açırıq, danışırıq, bir-birimizlə mexaniki olaraq ünsiyyət qururuq. Uşaq olaraq bir-birimizə dediklərimizi isbatlamaga, sübut etməyə çalışırıq. Arqumentlərimiz yetərli olmayanda and içirik. Elə bu xasiyyətimiz bizi böyüyəndə də tərk etmir. Hər gün neçə dəfələrlə and içirik. "Sən öl", "Özüm ölüm", "Atam canı", "Anam canı", "Atamın, anamın ölmüşü haqqı", "Dədəmin, nənəmin goru haqqı", "Quran haqqı", "Çörək haqqı", "Duz haqqı", "Allah haqqı", "Ocaq haqqı" kimi andlardan istifadə edirik. Hələ bəzən "Yer haqqı", "Göy haqqı", " Həzrəti Abbasın kəsilmiş qolları haqqı" da deyirik. Bütün bunlardan başqa bizim kəndlərdə bir and yeri də var idi ki, o da bizlər üçün daha əziz idi, qiymətli idi. Bizlər and içirdik: İBƏ HAQQI. Ibə bizim üçün sanki müsəlmanların KƏBƏsi idi. Biz ora əl uzadaraq "O İbə haqqı" deyə and içərdik. Biz İbə deyəndə Aşağı Aybasanlı kəndinin qarşısındakı təpəliklərdə yerləşmiş qədim qəbiristanlıqda ucalan türbəni nəzərdə tuturduq. Sonralar biləcək idim ki, xalq arasında "İbə İbrahim" türbəsi kimi tanınan həmin türbədə Şeyx İbrahim uyuyur. İbənin ətrafındakı konkret sahiblərini tanımadığımız qəbirlər çox idi. Ərəb qrafikası ilə yazılmış çox başdaşılar var idi. Bəzi başdaşıları 2 m-dən hündür, naxışlı formada idi. Bəziləri orta hündürlükdə, bəziləri çökmüş halda, bəziləri yıxılmış halda idi. Bəziləri qoç fiqurasını xatırladırdı. Lap yaxın ətrafdakı kəndlərin əhalisinin iqtisadi vəziyyətini nəzərə alaraq demək olardı ki, həmin qəbirlər bu kəndlərin əhalisinə aid deyil. Çünki yaxın kəndlərin də demək olar ki, qədim qəbiristanlığın yanlarında kompakt şəkildə salınmış qəbirləri var idi. Qəbiristanlıqda yəqin ki, nüfuzlu Şəxslərin müqəddəs yerlərə çevrilmiş, bəzən də yüngülcə hasarlanmış qəbirləri var idi. İbədən 100–150 m aralıda onunla üzbəüz, Qarasu deyilən böyük bulağın qaynadığı yerə lap yaxın çox hündür və çox enli qoşa Ibə çinarları var idi. O çinarların gövdəsinə kimlərin adı bıçaqla yazılmamış idi?.. O çinarların kölgəsində neçə-neçə qurbanlar kəsilmiş, nə qədər ehsanlar verilmişdir. Uzaqdan İbəni ziyarətə gələnlər, İbəyə niyyət edənlər, İbəyə nəzir deyənlər o çinarın kölgəsində əylənər, çay içər, istirahət edərdilər. Ibə çinarlarının qədimliyini, böyüklüyünü, hündürlüyünü, enliliyini, mən sonralar 2005-ci ilin avqustunda Şəkidə ezamiyyətdə olarkən Xan qızı sarayının qarşısındakı qoşa Xan çinarları ilə müqayisə edəcəkdim. RƏSMİ MƏLUMAT (23 avqust 2008 – www.azr.baybak.com/il_2008_say_3021.azr BayBək, Azərbaycan | Saturday, 23rd August , 2008 , 00:42 [am] | İç Xəbərlər). Cəbrayıl və Füzuli rayonunun işğalından 15 il keçir. Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Aşağı Aybasanlı, Qorqan, Seyidəhmədli kəndlərinin "İbə piri" adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları təbiət abidəsi kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pasportlaşdırılıb və işğaladək mühafizə olunub. QEYD. Məlumatdan da göründüyü kimi İBƏ ətrafındakı qədim qoşa ÇİNAR Füzuli rayonunda ən qədim, ən hündür və ən enli çinar olubdur. İbəyə əzizlərinin qəbirlərini ziyarətə gələnlər bir qayda olaraq halva, fəsəli və digər şirin şeylər paylayar, adam olmayanda isə qəbirlərin üstünə qoyub gedərdilər. Aşağı Aybasanlı kəndinin uşaqlarına da, bəzən hətta cavanlarina və böyüklərinə də həmin paydan, ehsandan çatardı. Ona görə də uşaqlar bəzən bir-birinə "fəsəıiyeyən Aybasanlı" deyərdilər. Kəndə isə "Aşağı" əvəzinə "İbə Aybasanlısı"da deyərdilər. Ibənin yaxın ətrafında iki-üç dənə susuzluğa davamlı dağdağanmı, yoxsa nəydi yadımda deyil, ağac vardısa da, aşağısında yəqin ki, sonralar "Çəkillik" (tut ağacları) salınmışdı. Ətrafda gəndəlaş bitkisi, kol-kos çox olardı. İbəyə 1980-ci illərə qədər Mülayim arvad baxardı. Gələnləri də əksər vaxt o qarşılardı. Onun ölümündən sonra isə deyilənə görə onyn oğlumu, ya qohumumu Qurban baxardı. Mülayim arvadın evi də İbəyə ən yaxın yerdə, təpənin aşağısında tikilmişdi. Balaca bağı da var idi. İnsanlar, xüsusilə arvadlar İbəni ziyarət edəndə, onun da evinə gedərdilər. Mülayim arvad sadə və sadəlövh idi. Deyilənə görə o, ölümünə qədər də əri Camalı gözlədi. XATİRƏ. Kəndin cavanları, xüsusən mənim dayım Əfsərgil toplaşaraq Mülayim xalanın yanına gedər, yuxuda Camalı gördüklərini deyər, ordan-burdan danışarlarmış. Mülayim arvad da onlara halvadan-zaddan verər, halva olmayanda da onların bağındakı üzüm ağacına çıxıb üzüm yeməklərinə icazə verərmiş. Ibədə ən izdihamlı tədbirlər Aşura günü mərasimlərində olardı.

    XATİRƏ.  Aşura günü ətraf kəndlərdən uşaqlı-böyüklü, cavanlı-qocalı yüzlərlə, minlərlə insanlar İbəyə axışardı. İbədə hər il böyük təziyə məclisləri keçirilərdi. Sovetlərin təzyiqinə baxmayaraq Aşura günü həmişə qeyd olunardı. Aşuranın nə vaxt olacağını insanlar bir-birindən soruşmaqla öyrənərdilər. Həmin günə o vaxtlar bizlərdə "Qətil günü" deyərdilər. İnsanlar Məhərrəm aylarında bir-birindən "Qətil nə vaxt sınır"? deyə soruşar və aşuranın dəqiq vaxtını müəyyənləşdirərdilər. Həmin gün İbədə "Ələm ağacı"  qurular, ona qara bayraq bağlayardılar. Ələm ağacı ətrafında fəal kişilər dövrə vuraraq "Şaxsey-vaxsey" qoparar, həzin, ağladıcı səslə "Hüseyn faciəsini" andıran mərsiyələr oxuyardılar. Qadınlar, uşaqlar, bir qədər passiv kişilər isə nəqarət yerinə "Şaxsey-vaxsey", "Hüseyn vay!", "Həsən vay!", "Qasım vay!", "Həsən-Hüseyn", "Əli", "Zeynəb" deyə-deyə şivən qoparardılar. İnsanlar həmin sözləri bəzən yavaş, bəzən də tükürpədici şəkildə tez-tez deyərdilər.  Camaat İbədən aralıda yerləşən üstüaçıq türbəni də bəzəyər, sanki Qasıma gəlin otağı düzəldərək, adına "Qasım otağı" deyər və Kərbəla faciəsini, Yezidin, Şümürün hərəkətlərini yada salan  şəbih-tamaşalar oynardılar. İnsanlar üz gözlərinə, sinələrinə döyər, başlarını yarar, qan çıxarardılar. Uşaqların başlarını ülgüclə çərtərdilər.

QEYD: Bu sətirlərin müəııifinin başını da uşaqlıqda həmin İbədə, aşura günündə ülgüclə çərtmiş, İmam yolunda qanını tökmüşlərdi. Həmin ülgüc yerləri hələ ki, indi də müəllifin başındadır. Sadəcə olaraq onları tük örtdüyündən görünmür. HAŞIYƏ. Müəllifin 1980-cı illərin ortalarında yolu bir daha oraya düşdü. Yenə də həmin İbədə, Aşura mərasimində iştirak etdi. Ancaq bu dəfə Aşura tədbirləri daha sivil qaydalarda keçirilirdi.

TARIXI MƏLUMAT.

İstedadlı memar-alim dostumuz, eloğlumuz Rizvan Qarabağlı "Qarabulaqdan Füzuliyədək" (Bakı, Nurlan nəşriyyatı, 2004) kitabında Seyidəhmədli sovetliyi ərazisində olan türbə və abidələr haqqında ətraflı məlumatlar və mütəxəssis rəyi vermişdir. Biz də Rizvan müəllimə minnətdarlıq hissi ilə, onun tədqiqatlarına çox böyük önəm verərək həmin kitabdan bəzi qeydləri və seçmələri burada təkrarən verməyi məqsədə uyğun saydıq.

  ŞEYX İBRAHİM TÜRBƏSİ. Rizvan Qarabağlı yazır ki, Füzuli ərazisindəki maraqlı abidələrdən biri də Aşağı Aybasanlı kəndinə məxsus qədim məzarlıqda ucaldılan Şeyx İbrahim türbəsidir. Ümumi hündürlüyü 6 m-ə çatan Şeyx İbrahim türbəsi təbii əhəng daşı ilə səkkizbucaqlı şəkildə inşa edilmişdir. Türbənin gövdəsi daşdan tikilsə də, onun künbəzi bişmiş kərpiclə hörülmüşdür. Lakin keçən əsrin – 1990-cı illərin əvvəllərində təbii və süni dağıntılara məruz qalan künbəzin mərkəzi uçub tökülmüşdür. Sonralar yerli sakinlərin köməyi ilə türbənin yarıuçuq künbəzinə toxunulmadan onun üst hissəsini yenidən dəmir-beton künbəzlə örtmüşlər (interyerindən onun tavanına baxanda bu vəziyyət aydın görünürdü). Ancaq bu örtük də təbii suları saxlamadığından, onu da bayır tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Doğrudur, metal təbəqə təbii suları türbənin mərkəzinə ötürmürdü, lakin abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görümünə xələl gətirirdi.

El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin yalnız künclərində və giriş qapısı yanlarında işlədilmiş daşlar yaxşı cilalanmış, gövdənin digər yerlərində işlədilən daşlar isə öz təbii formasında divara düzülmüşdür. Hündürlüyü 150 sm, eni isə 73 sm olan giriş qapı açırımını yuxarıdan yeganə daş bağlayır. Həmin daşın aşağı hissəsinin düz olmasına baxmayaraq onun üst hissəsi yarımdairə şəklində yonulmuşdur. Əlbəttə, qapı boşluğu üzərində belə formalı daşların istifadəsi onun daha da möhkəm olmasına xidmət edir. Qapının soldan yuxarı küncündə qoyulmuş digər sal daş üzərində ağac altında ayaq üstdə durmuş qadın və yanında da at şəkli işlənmişdir. Həmin səviyyədən qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə vardır. Kitabə "Allahın Rəsulu Məhəmmədə salam. 1042... Əvəzəli bin Əlimərdan..." sözləri yazılmışdır. Çoz güman ki, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi göstərir. Həmin tarixi miladi ilinə çevirdikdə 1632-33-cü illərə uyğun gəlir. Rizvan müəllim yazır ki, hələ 1980-ci illərdə Füzuli bölgəsindəki abidələr üzərində elmi- tədqiqat işləri apararkən yaşı 90-ı keçmiş Kürdlər kənd sakini Usub kişi ilə Şeyx İbrahim türbəsi haqqında söhbət etmişdi. Usub kişi deyirmiş ki, "mən balaca uşaq olanda dedilər ki, İbə İbrahim türbəsi uçub. O vaxtlar Məşədi İmamverdi kişinin təşəbbüsü ilə kəndimizin yaxınlığındakı "İlanlı " dağından çoxlu daş çıxartdılar, sonra 20 öküz arabası ilə birdəfəyə o daşları türbəyə apardılar". Rizvan müəllim Usub kişinin dediklərindən belə qənaətə gəlir ki, Şeyx İbrahim türbəsi 1900-cı ilin əvvəllərində bərpa olunmuşdur. Çox güman ki, türbəni bərpa edən usta onun əvvəlki tikilmə tarixini göstərən kitabəli daşının yazılarına toxunmadan yenidən onu divara qoymuşdur. Giriş qapısının bütün tərəflərində işlənmiş, həmçinin kitabə yazılmış daşın digər divar daşlardan kəskin surətdə fərqlənməsi müəllifin həmin fikrini bir daha təsdiq edir. Ona görə də Rizvan müəllim yuxarıda qeyd olunan dəlillərə əsaslanaraq qətiyyətlə bildirir ki, Şeyx İbrahim türbəsi ötən əsrin əvvəllərində bərpa olunmamış, əslində o, əvvəlki bünövrəsi üzərində demək olar ki, yenidən səkkizbucaqlı şəklində tikilmişdir. Türbə xaricdən səkkizbucaqlı formada olmasına baxmayaraq daxili divarı dairəvi formada hamar şəkildə icra olunmuş və əhəng məhlulu ilə suvanmışdır. Buranın işıqlandırılması üçün, türbənin künbəzə yaxın məsafədə, onun beş tərəfində eyni sayda, kiçik ölçülü (20 x 40 sm) pəncərə qoyulmuşdur. Bu da türbənin daxilini alaqaranlıq işıqlandırmağa imkan verirdi. Şeyxin məzarı türbənin mərkəzində, döşəmədən 80 sm hündürlüyə malikdir. Şeyx İbrahim türbəsinə daxil olarkən məzarın aşağı tərəfində üzəri ərəb qrafikası ilə yazılar olan bir sal daş parçası diqqəti cəlb edirdi. Həmin daşın yazılarını tarixçi alim, AMEA-nın müxbir üzvi, professor Məşədixanım Nemət belə oxumuşdur: "Bissimillah İrrəhman İrrəhim... 1302... Hüseyini Kərkəzi, Məhəmməd, Fatimə, Əli, Həsən, Hüseyn... əl Müzəffər... Bəy ibn Şərif bəy ". Yazılardan göründüyü kimi, burada Şeyx İbrahimi yada salacaq heç nəyə rast gəlinmirdi. Söz yox ki, yazıların bir qismi hansısa səbəbdən sındırılmış daşın digər parçası üzərində qalmışdır. Buradakı 1302 rəqəmini isə Şeyxin ölüm tarixi kimi qəbul edə bilmərik. Çünki bu miladi tarixi ilə 1884-85-ci illərə uyğun gəlir. Bu tarixlə türbə üzərindəki 1632-33-cü il tarixlərini müqayisə etdikdə belə çıxır ki, Şeyx İbrahim ölümündən təxminən 252 il qabaq özünə türbə tikdirmişdir!!! Yerli yaşlı sakinlərin dediklərinə görə, Sovet hakimiyyəti gələndən sonra türbə ilə birlikdə Şeyxin məzarını da dağıtmışlar. Buna əsasən demək olar ki, həmin yazılı daş parçası sonradan qəbrin bərpası zamanı izi itmiş qəbirlərdən birinindir və səhv olaraq bura qoyulmuşdur. Həmin daşın qəbrin aşağı tərəfində başıaşağı vəziyyətdə qoyulması da bu fikri bir daha təsdiq edir. 1980-ci illərdə yerli əhali türbənin giriş qapısı tərəfindən dəhliz tikmişlərdi. Doğrudur bu tikili ziyarət üçün türbəyə daxil olanların ayaqqabılarını çıxarması üçündür. Lakin bu əlavə tikili də türbənin memarlığına xələl gətirir, yamaq kimi görünürdü.

ƏHMƏD SOLTAN TÜRBƏSİ. Şeyx İbrahim türbəsindən təxminən 80-100 metr şimal tərəfdə üstüaçıq və dördbucaqlı şəkildə inşa olunmuş digər iki türbə də var. Birinci türbə xırda ölçülü bir neçə tip təbii daşların qarışığı ilə tikilmiş, özül üzərində "epoxa" adlı bişmiş kərpiclə (22 x 22 x 5) inşa olunmuşdur. Ümumi sahəsi 8,6 x 6,86 metrə çatan hasar tipli bu türbənin şərq tərəfundə çox da böyük olmayan yeganə giriş qapısı var idi. Həmin qapı divarda işlədilmiş bişmiş kərpiclə oxvari tağbənd şəklində düzəldilmişdir. Qapı açırmı yuxarı və yan tərəflərdən qismən dağılsa da türbənin ümumi divarları bütün tərəflərdən özülə qədər ciddi zədələnmişdir. Hər tərəfdən ümumi hündürlüyü 2 metrə çatan abidənin yuxarıdan divar sonluğu oxvari şəkildə tamamlanmışdır. Əlbəttə bu üsul təbii suları yanlara tez axıtmaqla divarı vaxtından əvvəl dağılmaqdan xilas edir. Türbənin bütün xarici divarları boyu bir cərgə (yerdən 80 sm hündürlükdə) təbii formasında çay daşları düzülmüşdür. Bu daş düzümü uzaqdan türbənin ortasına bağlanmış alabəzək ipi xatırladırdı. Türbənin daxilində üç şəxs dəfn olunmuşdur. Burada ustanın yaradıcılıq məharəti daha qabarıq şəkildə özünü büruzə verirdi. Belə ki, o, qəbirlərin baş daşlarını bilavasitə türbənin divarına daxil etmişdir. Belə kompozisiya Füzuli bölgəsi üçün hələ ki, yeganə hesab olunur. Baş daşlarının bu cür kompozisiya həllinə Qax bölgəsinin İlisu kəndinə məxsus olan məzarlıqda rast gəlinirdi. Doğrudur, burada qəbirlər qapalı hörgü daxilində məhdudlaşmasa da ümumi prinsipində bir oxşarlıq təşkil edirdi. Abşeronun Zığ qəsəbəsindəki, məzarlığında da eyni ilə belə bir türbə mövcuddur. Ancaq buradakı türbənin üstü yarıya qədər tağ-tavan şəklində təbii daşla örtülmüşdür. Qəbirlər isə türbənin mərkəzində yerləşdirilmişdir. Ümumiyyətlə, bu kimi türbələrdə ümumi məqsəd eynidir. Yəni türbə daxilində bir nüfuzlu şəxs və ətrafında isə onun ən yaxın adamları dəfn olunurlar. Elə bu baxımdan da İbənin yaxınlığındakı üstü açıq türbələrin verdiyi tarixi məlumatlar çox maraqlıdır. Həmin başdaşlarının yazı nümunələrini, onların foto surətlərindən professor Məşədixanım Nemət oxuyub tərcümə etmişdir. Bu mətnlərin tərcüməsi tarixçilərimizlə yanaşı, həm də ədəbiyyatçılarımız üçün də maraqlı olar. Çünki burada yazılmış şeirlərdə Vidadi adı çəkilir. Çox güman ki, bu şeir şair Molla Vəli Vidadinin hələ elmə bəlli olmayan şeirlərindəndir. Sağdan birinci başdaşındakı yazının tərcüməsi belədir. "1209 Mərhum günahları bağışlanılmış Əhməd Soltan Qəzzaq (Qazaxlı).

Gəl olma ey Vidadi, çox bivəfaya mütaq, Heç kəs bu kor cəfadan çıxmadı qəlbi yağnaq. Bu qəbir saibi bil bir şəxs idi xoş mobəğın Məşhur filxəlaiqzişən fövq afaq. Vaxtında xoş cavanmərd mütləq şəci dövran Fəslində əhli-eysan, əlhəqq səxi işfaq Getdi əcəl gələndə, qoydu bu puç fənayi Yüz dağ həsrətiylən məlum cani bitaq Fövtündə vəfq əhval bu misra oldu tarix Məqbul seyr Firdövs Əhməd Soltan Qəzzaq".

Sağdan ikinci başdaşına yazılmış kitabənin mətni tərcüməsi belədir. "Bu Qazaxlı Əhməd Soltanın qızı Pəri xanımın məzarıdır. Pəri xanımın vəfatında bu misra gəldi xoş tarix Vidadi, oldu hasil ol Pərinin məskəni cənnət" – 1208.

Sağdan üçüncü daş üzərindəki mətnin tərcüməsi isə belədir: "Mərhum günahları bağışlanılmış Həvva xanım b. Saleh Ağa b. Əhməd Soltan Qəzzaq. Oldu bu misra əcəb tarix fövtində cəla cənnət müad. şood Şəvval 1207". Göründüyü kimi, türbədə təxminın 1790-cı illərdə vəfat etmiş Qazaxlı Əhməd Soltan və onun ən yaxın adamları dəfn olunmuşdur. Doğrudur, bu şəxsin Qarabağdakı fəaliyyəti hələ ki, müəmmalı qalır. Yəqin ki, tarixçilərimiz bu barədə öz fikirlərini nə vaxtsa tezliklə açıqlayarlar. Lakin onların məhz bu məzarlıqda dəfn edilməsi çox güman ki, Şeyx İbrahim məzarına görə olmuşdur. Rizvan müəllimin kitabında indiyə qədər memarlıq tariximizə bəlli olmayan bu adsız abidəni o, Əhməd Soltan türbəsi adlandırmışdır. Əhməd Soltan türbəsindən 20-30 metr şərqdə eyni ilə ikinci bir türbə də mövcuddur. Bu türbə əvvəlkinə nisbətən qismən dağılmışdır. O, Əhməd Soltan türbəsindən sonra tikilmişdir. Bu fikri hər iki türbələr üzərində yazılmış tarixlərin müqayisəli təhlil də təsdiq edir. Ancaq buna baxmayaraq, ikinci türbəni tikən usta əvvəlkinə nisbətən öz işinə yaradıcılıqla yanaşaraq türbəni iri ölçülü təbii əhəng daşlarından tikdiyi 67 sm hündürlüyü olan kürsü üzərində "epoxa" adlı kərpiclə ucaltmışdır. Usta həm də türbənin şərq tərəfində eni 55, hündürlüyü 90 sm ölçüyə malik olan giriş qapısını da iri ölçülü sal daşlardan quraşdırmışdır. Düzbucaqlı formada olan yeganə qapını yuxarıdan tamamlayan sal daş, Şeyx İbrahim türbəsinin giriş qapısı üzərinə qoyulmuş daşla formaca eynidir. Yəni daşın alt hissəsi düz, üstü isə yarımdairə şəklində yonulmuşdur. Qapının sol yanında dik qoyulmuş sal daşın girişə baxan tərəfində isə ərəb qrafikası ilə müxtəlif yazı nümunələri vardır. Burada həmçinin türbənin tikilməsi h.t.1269-cu il göstərilir. Bu da miladi tarixi ilə 1852-53-cü illərə uyğundur. Ümumi ölçüləri 8,57 x 6,96 metrə çatan həmin türbənin yuxarıdan divar sonluğu Əhməd Sultan türbəsində olduğu kimi oxvari düzəlmişdir. Maraqlısı odur ki, buradakı qəbirlərin baş daşları Əhməd Sultan türbəsində olduğu kimi divara salınmamış, sadəcə olaraq mərhumlar abidənin mərkəzində adi qayda ilə dəfn olunmuşlar. Rizvan müəllim bu türbədə ölçü və tədqiqat işləri apararkən ermənilər bu səmti şiddətli atəşə tutmuşdular. Elə bu səbəbdən də həmin türbə üzərində elmi tədqiqat işlərini və abidə üzərindəki yazı nümunələrinin foto surətini müəllif əldə edə bilməmiş və oradakı qəbirlərin kimə məxsus olmasını aydınlaşdıra bilməmişdir.

DAŞLITƏPƏ ABİDƏSİ. Özünün sirli-soraqlı dünyası ilə zəngin olan abidələrdən biri də Qorqan kəndi ilə Şükürbəyli kəndlərinin arasında, Quruçayın sağ sahilində "Daşlıtəpə" deyilən yerdədir. İlk baxışdan Daşlıtəpənin düzəldilməsində kütləvi əhali əməyindən istifadə olunduğu açıqca hiss olunur. Tapılan abidə isə həmin təpənin tən ortasındadır. Onun adi çaylaq daşından tikilmiş, yerüstü hörgüsü tamamilə dağılmış, yalnız yer səthindən 30-50 sm hündürlükdə olan hissəsi qalır. Hörgünün planda dairəvi formada olmasına əsasən güman etmək olar ki, onun dam örtüyü yuxarıya qalxdıqca yığılaraq künbəz formasında olub. Ətrafa səpələnmiş xeyli daşlardan hiss olunur ki, abidənin yerüstü hündürlüyü təxminən 3 m-dən yuxarı olmuşdur. Yerli yaşlı adamların dediyinə görə 70-80 il bundan qabaq bu hörgünün hündürlüyü 1,5–2 m-ə qədər imiş. Bu abidənin yeraltı hissəsinin üzə çıxması haqqında onu qeyd etmək olar ki, yerli sakinlərin dediyinə görə bu təpə el arasında müqəddəs sayıldığından burada əkin işləri aparılmamış və həm də adi çaylaq daşından tikilmiş divar qalıqlarına da adamlar bir o qədər fikir verməmişlər. Lakin əsrlər keçdikcə təbiət də öz işini görmüşdür. Yəni yağışın, qarın təsirindən abidənin divarları üçduqca onun sərdabəsinin üst qatına tökülmüş torpaq səthi də yuyularaq nazilmişdir. Nəhayət, burada gəzən çobanlar öz ayaq səslərinin torpaq altında əks-səda verdiyini aydınca eşitmiş və türbənin sərdabəsini onun tavan hissəsindən vurub deşmişlər. Beləliklə, türbənin yeraltı hissəsi məlum olmuşdur. Yerli əhalinin dediyinə görə sərdabə daxilində dağınıq formada bir neçə insan skeletləri görmüşlər. Lakin onlar tamamilə dağıldığından skeletlərin sayı və düzülüş forması haqqda heç bir məlumat əldə olunmamışdır. Abidənin yerüstü hissəsi adi çaylaq daşı ilə dairəvi formada tikilsə də sərdabəsi əksinə ağ əhəng daşından yüksək keyfiyyətlə (planda) düzbucaqlı formada tikilmişdir. Sərdabənin arxa və qabaq divarları düz qalxsa da, yan divarlar yuxarıya doğru qalxdıqca yığılaraq tağ-tavan şəklində tamamlanır. Buna baxmayaraq, tavanda qıfıl daşı yoxdur. Sərdabəyə yeganə giriş baş tərəfdəndir. Giriş qapısı bayır tərəfdən bir sal daşla bağlıdır. Onun yuxarı hissəsi tağvari deyil, yastı formada yeganə daşla (19 x 98) məhdudlaşır. Qapının ümumi hündürlüyü 1,26 m-dir. Bu da sərdabəyə daxil olarkən mərhuma ehtiram əlaməti olaraq baş əyilməsi kimi izah olunur. Sərdabənin eni 3,5 m, uzunluğu 3,1 m, mərkəzdən hündürlüyü isə 2,25 m olduğundan onun daxılındə bir neçə adam sərbəst hərəkət edə bilir. Ümumiyyətlə sərdabənin inşasında müxtəlif ölçülərə malik olan daşlardan istifadə olunsa da, onlardan yüksək sənətkarlıqla istifadə olunduğu aşkar görünürdü. Belə ki, daşlar gözəl cilalanıb və hörgüarası tikiş xətləri güclə seçilir. Abidənin təpənin mərkəzində yüksək zövqlə tikilməsi və ətrafda digər qəbir izlərinin olması göstərir ki, cənazəsi burada saxlanılanlar öz dövründə yüksək nüfuza malik olan şəxslərdir. Təəssüf ki, abidədə heç bir kitabə və yazı nümunəsinə və eləcə də digər əşyalara rast gəlinməmişdir. Odur ki, həmin türbənin dəqiq hansı əsrə aid olmasını söyləmək çətindir. Gəncə yaxınlığındakı məzarlıqda 1950-60-cı illərdə belə sərdabələrdə dəfn olunma mərasimini öz gözləri ilə görənlər var. Lakin Rizvan müəllim memarlıq həllinə əsaslanaraq abidəni orta əsrlərə aid etmişdir. Türbənin yerüstü hissəsinin hörgüsündə çaylaq daşından bolluca istifadə olunsa da, onun sərdabəsində (yeraltı hissəsində) bir ədəd də olsa bu daşdan istifadə olunmamışdır. Eyni zamanda plan etibarı ilə də bu hissələr kəskin surətdə fərqlənir. Bütün cəhətlərinə görə qeyd etmək olar ki, türbənin sərdabəsi əvvəllər, onun yerüstü hissəsi isə çox sonralar tikilmişdir. Çox güman ki, türbənin yerüstü hissəsi sadəcə olaraq onun itib-batmaması məqsədilə tikilmiş və sərdabənin yerini nişan vermək məqsədi güdmüşdür. Qeyd edək ki, Şükürbəyli, Qorqan və Aybasanlı kəndləri yaxınlığında Daşlıtəpəyə bənzər digər bir neçə təpəliklər də diqqəti cəlb edirdi. Kim bilir, bəlkə də bu təpələr altında hansı əsrin öz sirlı, soraqlı dünyası uyuyurdu. XATİRƏ. R. Qarabağlının Daşlı təpə abidəsi kimi təqdim etdiyi türbə-qəbir mənim orta məktəb illərində yaşadığım Qorqan kəndindən Quruçay boyunca 2–3 km aşağıda, çayın sağ sahilində yerləşirdi. Bizim kənddə ona sonralar "Qəbirçıxan təpə"də deyərdilər. Valideynlərimin təzyiqinə rəğmən, ürəyimdən olmasa da bir neçə dəfə bizim mal-qaramızın da qoşulmuş olduğu kənd sürüsünü otarmaq üçün həmin ərazidə olmuşam. Bir neçə dəfə də yay aylarında o tərəfdəki sahələrdə işlətmək üçün atam uşaqlarla birgə məni də oraya aparmışdı. 1970-ci illərdə mən həmin təpəyə qalxmışam, üst tərəfdən həmin qəbrin içinə düşmüşəm, həmin səliqəli tağvari divarları görmüşəm, seyr etmişəm, neçə illər öncə belə hamar divarların hörülməsinə təəccüb etmişəm. Mən baxan vaxt o qəbrin içərisinə artıq xeyli torpaq və daş qırıntıları da töküldüyündən qəbrin iç hündürlüyü bir qədər azalmışdı. Onu da demək istəyirəm ki, Aşağı Aybasanlı kəndinin aşağısında da, Qarasuyun sağ sahilində Daşlı təpə deyilən bir təpə var idi. Ümumiyyətlə Aşağı Aybasanlı və Qorqan kəndləri özü də əvvəllər təpəlikdə yerləşmişdilər. Qorqan kəndi sonralar təpəlikdən aşağıya enmiş və Quruçayın sol sahilinə yerləşmişdir. Aşağı Aybasanlı ilə Şükürbəyli kəndləri arasında demək olar ki, onlarla bir-birinə paralel olan təpələr və onların arasında olan dərələr uzanıb gedirdi. O da yadımdadır ki, 1960-cı illərin ortalarında Qorqan kəndində – bizim həyətlə üzbəüz üzbəüz təpəliklərdən birində kolxoz rəhbərliyi mal tövləsi tikdirmək üçün buldozerlə həmin təpəliyin ortasını uzununa 2–3 m dərinliyində qazdırdı. Torpaq altından hər tərəfdə xeyli insan sümükləri çıxmışdı. Əl, ayaq, bud, çənə, kəllə sümükləri. Çox təəssüf ki, biz uşaq olduğumuzdan, böyüklərsə nədəndir bilmirəm, buna çox adi şey kimi baxırdıq. Əslində isə R.Qarabağlı demişkən, bu təpələrin altında tarixin çox sirrləri yatırdı. Həmin sirrləri araşdıransa yox idi...