ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir.
Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Zaqatala, Lənkəranda və Abşeron yarımadasında park və bağlarda rast gəlinir.
Qızardılmış toxumları kofenin surroqatı kimi istifadə olunduğu üçün Amerikada bu “kofe ağacı” adlanır. Cütlələkvari iri yarpaqları bitkiyə gözəl görünüş verdiyi üçün dekorativ bitki kimi istifadə edilir.
Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm. Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov