Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi.
Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər.
Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır.
Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır.
Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur.
İndi də qalib avtomobilləri nəzərdə keçirək.
İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub. Elə ilk illərdə çoxsaylı yarışların qalibi olan avtomobillər, müəssisənin rəhbəri Matteo Seyranoya başucalığı gətirir. 1907-ci ildə 120 at gücü mühərriklə təchiz olunmuş bu model avtomobil İtaliyada sürət yarışmasının qalibi olur. Eyni model avtomobil Pekin Paris rallisini digər rəqiblərindən 20 gün tez başa vurur.
Birinci Dünya Müharibəsi zamanı müəssisə italyan ordusu üçün yük avtomobilləri istehsal edir. 1916-cı ildə isə aviasiya mühərrikləri istehsalını mənimsəyir. Lakin sifarişlər yerinə yetirilmədən müharibə sona çatır və zavod istehsal etdiyi 3000 mühərriki sata bilmədiyi üçün iflas edir. 1929-cu ildə müəssisəni hərbi vasitələr istehsal etmək yolu ilə böhrandan çıxarmaq cəhdi fiaskoya uğrayır. 1934-cü ildə isə müəssisənin fəaliyyətinə birdəfəlik xitam verilir.
De Dion Bouton isə 19-cu əsrin sonlarında təşəkkül tapmış bir fransız şirkətidir. Şirkət ilkin olaraq buxar maşınları, 1894-cü ildən buxarla işləyən yedəkçi vasitələr, 1885-ci ildə isə benzin mühərrikli üçtəkərli vasitələrin istehsalına başlayır. 1899-da daxili yanma mühərrikli avtomobil istehsalının başlanması müəssisənin tarixində dönüş nöqtəsi olur. Müəssisə tezliklə Latil, Peugeot, Renault kimi müəssisələri mühərriklə təchiz edir.
1900-cü ildə De Dion Bouton dünyanın ən böyük avtomobil istehsalçısına çevrilir. Motor istehsalı 3200, avtomobil istehsalı isə 400-ə çatır. 1909-cu ildə De Dion Bouton V8 mühərriklərin seriya ilə istehsalına başlamış ilk şirkət kimi tarixə düşdü.
İtala kimi De Dion Bouton da 1929-cu il böhranı ilə sarsıldı və 1933-cü ildən velosiped istehsalına başladı. 1953-cü ildə isə şirkət birdəfəlik olaraq satıldı.
Bu gün də Paris Pekin marşrutu ilə yarışlar təşkil edilməkdədir. İlk illərdən fərqli olaraq, indi yarışa gedən avtomobillər mükəmməl rabitə ilə təchiz olunur, texniki xidmət avtomobilləri yarış iştirakçılarını müşayiət edir. Marşrut isə çox cüzi dəyişikliyə uğrayıb. Ralli iştirakçıları Qobu səhrasını, tayqanı, sonu gəlməyən stepləri, Karpat dağları və digər maraqlı əraziləri keçməli olurlar.