İlyas Adıgözəlli

İlyas Xıdır oğlu Adıgözəlovjurnalist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti[1] (1992).

İlyas Adıgözəlli
İlyas Xıdır oğlu Adıgözəlov
Doğum tarixi (85 yaş)
Doğum yeri Sadaxlı, Borçalı, Gürcüstan SSR
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 1992

İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962)[2] bitirmişdir.

Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963–2007-ci illərdə)[3] işləmişdir. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), "Araz" proqramının baş direktoru(1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına(1971,1984)və 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb[4]

2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır. Bakı Avrasiya Universitetində[5] və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb. 7-ci sinifdə oxuyanda Tbilisidə "Zarya Vostoka" qəzetinə Azərbaycan dilində göndərdiyi məktubunu ilk qələm məhsulu hesab edir. Oxuduğu məktəbdə dərs vəsaitinin çatışmadığından narahatlıq keçirən məktəblinin qaldırdığı problem öz həllini tapır. Beləliklə jurnalist olmaq istəyinə işıq salan bu məktub mətbuata gəlişini qətiləşdirir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirəndən sonra radioda işləməyi qərara alır. 1962-ci ilin sonlarından 2007-ci ilə kimi müxtəlif vəzifələrdə "Araz" radiostansiyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, "Araz" proqramının baş direktoru, radioda şərhçi ştatlarında çalışır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatına və 1992-ci ildə isə Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb…

Milli Radionun səs arxivində onun ölkənin tikinti quruculuq işlərinin getdiyi müxtəlif obyektlərdən, kənd təsərrüfatı sahələrindən, Neft Daşlarından, sənaye müəssisələrindən və s. müxtəlif səpkilərdə hazırladığı reportajlar saxlanılır.

Qəzet yaradıcılığından fərqli olaraq radio jurnalistikasının spesifik xüsusiyyətləri var. Radio üçün səs yazmaq və onu dinləyiciyə inandırıcı şəkildə təqdim etmək jurnalistdən xüsusi istedad, yaradıcılıq qabiliyyəti, operativlik və çeviklik tələb edir. Hadisə yerindən hazırlanan reportaj danışıqdan əlavə digər səs effektləri ilə müşayiət olunmalıdır ki, dinləyici üçün "görüntü" rolunu oynasın. Radionun bir nömrəli informatoru olan İlyas Adıgözəllinin fond yazıları onun bu sahədə mükəmməl bacarığa malik olduğunu təsdiq edən sənədli nümunələrdir.

Radio hər dövrdə günün real mənzərəsini yaratmağa çalışıb, abı-havaya uyğun köklənib. Hər bir sahədə baş verən yeniliklər "Son xəbərlər"in əsas qayəsini təşkil edib. Ölkənin həyatında əlamətdar hadisələrdən biri sayılan Şamxor (indiki Şəmkir) su elektrik stansiyanın tikintisini işıqlandırmaq məqsədi ilə əraziyə ezam olunan jurnalistin hazırladığı silsilə reportajlar bu gün arxiv materialları içərisində canlı tariximizi əks etdirən qiymətli səs yazılarından hesab olunur.

Radio üçün xəbər süjeti işləmək, səs effektləri ilə zəngin veriliş hazırlamaq olduqca çətindir. Xəbərlər istisna olmaqla digər radio verilişlərində musiqidən gen-bol istifadə mümkündürsə, xəbər süjetində hadisənin baş verdiyi məkanın təbii səsi materialı qüvvətləndirməlidir. Canlı həyati səslərin fonunda yazılan çıxış radio üçün məqbul sayılır. Bu çətinliyin öhdəsindən məharətlə gələn böyük sənətkarın hər söhbətində mövzuya uyğun fon səslərindən istifadə İlyas müəllimin mükəmməl radio işçisi, xüsusən xəbər əməkdaşı olduğuna işarədir. İllər öncə Şamxorda (Şəmkir) traktorun içərisində yazılan söhbətə, iş başında alınan müsahibəyə qulas asan dinləyici texnikanın səsi fonunda jurnalistin suallarını cavablandıran sürücünün danışığını eşidir. O səs jurnalistin hansı məkanda olduğunu və söhbətin nədən getdiyini bildirir. Ancaq düşünək görək traktorun gur səsi olan yerdə efir üçün keyfiyyətli səs yazmaq mümkündürmü? Əlbəttə ki, yox. Məhz budur radio sənətkarlığının sirləri, incəliyi, peşə məziyyətləri. İlyas Adıgözəllinin Neft Daşlarından gətirdiyi söhbətdə dalğaların sədası, yaxud Nabranda yeni açılan istirahət guşəsindən hazırladığı müsahibənin səs fonundakı bulaq, quş səsləri və s. fərqli-fərqli süjetlər radio sənətinin xarakteristikası üçün xas olan əlamətlərdir…

Xəbərlər redaksiyasının əməkdaşı hadisə yerindən radio üçün materialı vaxtında hazır etməlidir. Efir vaxtı müxbirə bağlananda o tam hazır vəziyyətdə olmalıdır ki, deyilən saatda efirə çıxa bilsin. İlyas Adıgözəlli xatirələrində deyir: "1971-ci ildə, 24-cü qurultaya mən tək getmişdim. Estoniya radiosunun baş redaktoru Feliks Kazik isə jurnalistləri ilə gəlmişdi. Qurultayın açılışı günü martın 30-da, Moskvada Kremldə saat 10-nu vurur və mən həmin an reportajımda deyirəm ki, hörmətli dinləyicilər saat 10-dur, Kremlin Qurultaylar Salonundayıq, indi qurultay öz işinə başlayır. Səfər Rzayev adında bir neftçimiz də getmişdi qurultaya, əvəvlcədən səsini yazmışdım. Lazım olan anda həmin söhbəti təqdim etdim. Gördüm ki, estoniyalı həmkarım çox dilxor vəziyyətdədir ki, mən efirə veriliş verməliyəm, ancaq çıxış tapa bilmirəm. Dedim ki, qurultay nümayəndəsini yazmışam, azərbaycanlı danışır və mətni də verəcəm, sən də eston dilində təqdim edərsən, Bakıdan gələn neftçinin çıxışını verərsən. O çox sevindi və həmin reportajı eston radiosu ilə də verdi. Radio jurnalisti öncədən işini elə tutmalıdır ki, efir anı çatanda əliboş qalmasın…"

İlyas müəllim Azərbaycanda ilk milli efir olan "Araz" radiostansiyasının fəaliyyətində önəmli rol oynayan insanlardan biridir. Xatirələrində danışır: "1991-ci 18 oktyabrda bizim müstəqilliyimiz elan olunanda bu xəbər də ilk olaraq "Araz" radiostansiyası vasitəsilə yayıldı. Təbrizdən gələn zəng yadımdadır ki, oradan sevinc içərisində göz yaşları ilə zəng edib Araza qulaq asdıqlarını, xəbərin təsirindən kövrəldiklərini və fəxr etdiklərini bildirmişdilər. 1993-cü ildə Vaşinqtonda mən silsilə verilişlər hazırlamışdım, maraqlı bir cəhətdir ki, orda Güney və Quzey Azərbaycandan olan iki gənc Həbib və Nəidə evlənmişdi. Onların da Araz adında bir oğlu olmuşdu. Bu da efir vasitəsilə dinləyicilərə çatdırıldı ki, Qüneylə Quzeyin birlik rəmzi kimi Vaşinqtonda müstəqil Azərbaycanın dövləti kimi ilk səfirliyimizin açılması mərasimində Araz balamız da iştirak etmişdi… 41 il ərzində "Araz" radiostansiyasında çoxlu verilişlər səslənib, onların əksəriyyəti nadir fond nümunələridir. Onların bəzi nümunələrini şəxsi arxivimdə saxlamışam".

İlyas Adıgözəlli yaxşı informasiya işçisi olmaqla yanaşı, həm də gözəl həmkar, nəcib insan, qayğıkeş baş redaktor kimi də kollektivin hörmətini qazanıb. Radioda müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq işçi ilə xoş münasibət qurub, adi bir operatorla söhbətində belə etik davranışı ilə alicənablıq göstərib, bir sözlə böyüklə böyük, kiçiklə kiçik olub. Onu oturduğu otağında tapmaq qeyri-mümkün idi. Ya obyektdə, ya montajda olardı, ya da yazı makinasının qarşısında material diktə edərdi. Həmkarlarına qarşı həmişə diqqətcil və mehriban olan baş redaktorun əsas tələbi maraqlı və məmun cəhətdən keyfiyyətli süjet hazırlamaq, günün aktual mövzularını diqqətdə saxlamaq idi…

Radionun tələbləri səviyyəsində yazan gənclərə xüsusi qayğı ilə yanaşıb. Bugünün özündə də gənclərə radiojurnalistikanın incəliklərini tədris edir, yaxşı informasiya işçisi olmaq üçün tələb olunan meyarları öyrədir. Avrasiya Universitetində, Bakı Slavyan Universitetində pedaqoji fəaliyyəti, bu sahədəki səmərəli xidmətləri alqışlara layiqdir. Ancaq bəzi gənclərin efir sərbəstliyindən sui-istifadə etməsinə, Azərbaycan ədəbi dilinin bədii danışıq üslubunun kobud şəkildə pozulmasına qarşı çıxır, belə etinasız gəncləri yamanca qınayır. O deyir ki, bir vaxtlar radioya işə girəndə jurnalistin dilinə, danışığına ciddi fikir verilərdi və sonra onun yazı qabiliyəti yoxlanılardı. Dilində qüsur olan şəxslərin nöqsanları düzəlməyincə onları efirə buraxmazdılar. Bu amillərə görə efirdə hər kəs öz səsində material oxuya bilməzdi…

İlyas Adıgözəlli yaşının bu vaxtında da radio üçün yazmaqdan zövq alır. Doğma ocağında ömrünün bu vədəsində də yenə qismətinə "Araz" yazılıb. Gəncliyində Araz üzərində inşa olunan su elektrik stansiyasının tikintisindən silsilə reportajları, Araz redaksiyasında uzun illər can qoyması, uzaq Vaşinqtonda güneylə quzeydən olan iki gəncin sevgisinə Araz adının verilməsi, illər sonra həmin Arazın müstəqil dövlətimizin ABŞ-dakı səfirliyimizin açılışında iştirakı, ömrünün 70-ci baharından Güney üçün söz ünvanlayan sənətkarın əvvəl və axır sözünün Arazdan olması, hazırda Güney Azərbaycan redaksiyasında o tayda yaşayan həmvətənlərimiz üçün verilişlər hazırlaması və s. təsadüflər İlyas Adıgözəllinin radioda yaşadığı gerçək dolu anlardır…

KİTABLARI

  1. Elim-obam Sadaxlı. Bakı,"Azərbaycan"nəşriyyatı,2000,336 səh.
  2. Əzizim Vətən yaxşı… Bakı,"Nurlan"nəşriyyatı,2004,188 səh.
  3. Borçalının Sadaxlı dünyası, Bakı,"Nurlar"nəşriyyatı,2014,575 səh.
  1. name="1992–295">"T. T. Vəliyevə, S. Q. İbrahimova (Sadıq Elcanlıya) və İ. X. Adıgözəlova Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli, 295 nömrəli Fərmanı Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine  (az.)
  2. Borçalının Sadaxlı dünyası". Bakı, 2014, səhifə 285–287.
  3. "Arxivlənmiş surət". 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  4. "T. T. Vəliyevə, S. Q. İbrahimova (Sadıq Elcanlıya) və İ. X. Adıgözəlova Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  5. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.

5. https://525.az/site/?name=xeber&news_id=66915#gsc.tab=0