İmamzadə türbəsi (Masallı)

İmamzadə ziyarətgahı Masallı rayonunun Hişkədərə kəndi ərazisində yerləşən tikili. Ocağın yaranma tarixi XVI əsrə aid edilir

Ziyarətgah, həmçinin "Nəzirə xanım ocağı" və "Nəzirə xanım türbəsi" kimi tanınır. Rəvayətə görə, burada İmam Museyi-Kazımın nəvələrindən biri Nəzirə xanım dəfn edilib. Nəzirə xanım təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycana köçmüşdür.

Məqbərənin önündə olan kitabədə isə burada İmam Museyi-Kazımın nəvəsi İbrahimin dəfn olunduğu qeyd edilir.

1880–1890-cı illərdə orada yaşayan kənd ağsaqqalı Mirzəcan Səlimov qəbrin yerində taxtadan daxma tikib. Sonra isə kənd sakinləri Mirzağa və Əbülfəz onu sökərək yenidən kərpicdən inşa ediblər, lakin tikili sonradan dağılıb.

1950-ci illərdə sovet hökuməti bu ocağı ziyarət etməyi qadağan etmək istəsə də, buna nail ola bilməyib. 1960-cı ildə hökumətdən gizli olaraq kənd sakinləri İmamzadənin üstünü çay daşları ilə düzəldiblər. Buna baxmayaraq, tikili zaman keçdikcə yararsız hala düşmüşdür.

2001-ci ildə məqbərə Əlirza Nəriman oğlu Qafarov adlı şəxs tərəfindən bərpa olunub. Ziyarətgahın bənnası Ərəstun Məmmədov idi.

Türbə düzbucaqlı formadadır, fasadı kiçik ağ və qırmızı kərpiclərlə üzlənib. Pirin damı dəmir təbəqə ilə örtülüb. Ocağın taxtadan tağvari formada olan pəncərələri və qapısı mövcuddur. Ziyarətgahın səkkizbucaqlı bir günbəzi var və onun üstündə aypara və ulduz rəmzləri qoyulub.

Ocağın həyətində olan nil ağacının 500 ildən çox yaşı var.

İmamzadə piri ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.https://www.kitabxana.net/files/books/file/1616173872.pdf|[[1]]|[[2]]|[[3]]
  • Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyyidləri, övliyaları.