İmamzadə türbəsi (Parçı)

Parçı imamzadəsiŞərur rayonunun Parçı kəndində (hazırda Xanlıqlar kəndinə birləşdirilmişdir), orta əsrlərə aid ziyarətgah.

İmamzadə türbəsi
Ölkə  Azərbaycan
Şəhər Şərur rayonu
Yerləşir Xanlıqlar kəndi (keçmiş Parçı kəndinin birləşdirilmiş ərazisi)
Tikilmə tarixi XVII-XVIII əsrlər
İstinad nöm.5578
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli

Bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə "Parçı imamzadəsi" adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu "Şahzadə İbrahim ibn Musa" ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində "İbrahim ibn Musa" yazıl­mışdır. Həmin illərdə qəbrin üzərindəki tarixi kitabə onun İbrahim Musa oğluna aid olduğunu göstərirdi. Təəssüf ki, günümüzədək bu məlumatı bildirən kitabə qalmamışdır. Yerli əhalinin dediklərindən aydın olur ki, bu qəbir yeddinci imam Museyi-Kazımın oğlanlarından biri olmuş İbrahimə məxsusdur. O, bu kənddə məskunlaşmış və burada da dünyasını dəyişərək dəfn edilmişdir. Əsrlərdir ki, bölgə əhalisi onun xatirəsinə tikilmiş bu imamzadəyə gələrək onun qəbrini ziyarət edir.

Abidənin üzərində sonralar türbə ucaldılmışdır. Memarlıq-konstruktiv əlamətlərinə görə, Parçı İmamzadəsi XVI–XVII əsrlərə aid edilir.[1][2]

  1. Səfərli F., Cəfərov H. Naxçıvan ziyarətgahları. Bakı: 1998.
  2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 395.[1] Arxivləşdirilib 2022-06-23 at the Wayback Machine