İmkanların yetkinliyi modeli (Capability Maturity Model - CMM) — Karnegi Mellon Universitetinin (ABŞ) nəzdində Software Engineering Institute tərəfindən işlənib hazırlanıb və müəssisələrdə proqram təminatının işlənib hazırlanması proseslərinin yetişkənliyi modelini təsvir edir. Bu model çərçivəsində hər hansı şirkətin belə bir imkana hansı səviyyədə hazır olması, daha dəqiqi, şirkətin beş səviyyədən hansında olması müəyyənləşdirilir:
1. Başlanğıc (Initial). Bu ən ibtidai səviyyədə şirkət proqram təminatı işləyib hazırlamaq imkanına malikdir. Fəqət şirkətin tam başa düşülmüş prosesi yoxdur və məhsulun keyfiyyəti tamamilə gəlişdiricilərin fərdi bacarıqları ilə müəyyənləşir. Bir nəfər təşəbbüs göstərir və komanda onun göstərişləri ilə hərəkət edir. Bir layihənin uğuru başqasının uğurlu olacağına zəmanət vermir. Layihənin sonunda xərclər, iş qrafiki, keyfiyyət haqqında məlumatlar qeydə alınmır.
2. Təkrarlanabilən (Repeatable). Proses müəyyən dərəcədə izlənilir. Xərclər və planlar haqqında qeydlər aparılır. Hər bir layihənin funksionallığı yazılı şəkildə təsvir olunur.
3. Müəyyənləşmiş (Defined). Ayrı-ayrı şəxslərdən asılı olmayan qabaqcadan müəyyənləşdirilmiş və sənədləşdirilmiş iş prosesinə malik olur. Başqa sözlə, standartlar razılaşdırılır və icraçılar onları yerinə yetirir. Belə qurumlar qabaqlar yerinə yetirmiş layihələrə bənzər layihəyə tələb olunacaq xərcləri yetərincə inamla qabaqcadan deyə bilir.
4. İdarəolunan (Managed). İşin icra müddətini və dəyərini qabaqcadan dəqiq deyə bilir. Toplanmış ölçmələrin verilənlər bazası var, ancaq yeni texnologiyaların və paradiqmaların meydana çıxması zamanı dəyişikliklər yoxdur.
5. Optimallaşdırılmış (Optimizing). Yeni, mütərəqqi metod və alətlərin daim fəaliyyətdə olan axtarışı və mənimsənilməsi proseduru var.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.