Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti | |
---|---|
50°02′55″ şm. e. 21°58′54″ ş. u. | |
Əsası qoyulub | 1996 |
Tip | özəl universitet |
Ölkə | |
Ünvan | Polşa, Jeşof şəhəri |
Sayt | wsiz.edu.pl |
Universitet 1996-cı ildə Jeşof şəhərində yaradılıb. Ali məktəb reytinqinə görə dünyanın özəl ali təhsil müəssisələri arasında ilk mövqelərdə qərar tutur.
Universitet şəhərin mərkəzi hissəsində böyük bir sahəni əhatə edən bina kompleksindən ibarətdir. 2002-ci ilin fevralında Jeşof şəhərinin yaxınlığında - Kelnarovada Turizm və İstirahət Mərkəzi açılıb. 14 hektar ərazidə universitet obyektlərinin yeni kompleksinin tikintisi başlanılıb.
2003-cü ildə universitetin idman kompleksinin tikintisi başa çatıb. Kompleks Polşada ən böyük və müasir idman kompleksi hesab olunur.
Kelnarovada istismara verilən son obyektlərindən biri yataqxana olub. Bina təxminən 2 330 kvadrat metr sahəyə malikdir.
Ali məktəb 2008-ci ildə İctimai İqtisadi Universitetə qoşulub, bunun sayəsində tədris infrastrukturu artıb.
Turizm və İstirahət Mərkəzinin ərazisində 2011-ci ildə universitetin Beynəlxalq Təhsil Mərkəzinin müasir korpusu inşa olunub.
İnformasiya Texnologiyaları və İdarəetmə Universitetdə təlimin novator sistemi tətbiq olunub. Bütün predmetlər üç bloka bölünüb: tələbələr üçün məcburi blok və ixtisas və istiqamət üzrə iki fakültativ blok. Müasir tədris sistemi sayəsində məzunlar onların maraqlarına uyğun olan konkret bacarıqlara malik olmaqla əmək bazarında özlərinə daha arxayın olurlar. Bundan başqa, tələbələr müstəqil formalaşdırılmış ixtisasda oxuya, öz qabiliyyətlərini optimal olaraq inkişaf etdirə bilirlər. Sistem I və II tədris səviyyələri üzrə fəaliyyət göstərir.
I səviyyə 6 və ya 7 semestr davam edir. Bakalavr və ya mühəndis diplom işinin müdafiəsi və ixtisas səviyyəsinin alınması ilə bitir. Üçüncü və ya dördüncü semestr tələbələr ixtisas seçirlər. Bəzi ixtisaslar artıq 1-ci semestrdən həyata keçirilir.
II səviyyədə təlim 3 və ya 4 semestr davam edir və bakalavr və ya mühəndis ixtisas səviyyəsinin məzunları üçün nəzərdə tutulub. Magistr diplom işinin müdafiəsi və maarifləndirici-ixtisas səviyyəsinin alınması ilə bitir. İkinci semestrdə tələbələr ixtisas seçirlər.
I səviyyədə informatika, informatika və ekonometriya, loqistika, ingilis filologiyası, daxili təhlükəsizlik, iqtisadiyyat, jurnalistika və kütləvi informasiya vasitələri, kosmetologiya, ictimai sağlamlıq, turizm və istirahətin təşkili, idarə etmə, maliyyə və mühasibat uçotu, fizioterapiya, Study in English proqramları üzrə tədris həyata keçirilir.
II səviyyədə isə informatika, iqtisadiyyat, jurnalistika və kütləvi informasiya vasitələrləri, turizm və istirahətin təşkili, idarə etmə, ictimai sağlamlıq, Study in English istiqamətləri üzrə peşəkar kadrlar hazırlanır.
Ali təhsil ocağında sığorta haqqında biliklərin yayılması, insan resurslarını idarəetmə, iqtisadi proseslərin sistemli analizi, yeni proqram texnologiyalarının elmi dairəsi, alqoritm və proqramlaşdırma, qrafika və kompüter animasiyası, politoloqlar, tarixçilər, sivilizasiyaların tədqiqatları institutu, tələbə parlamenti, təbiət ekologiyası və digər bir sıra dərnəklər fəaliyyət göstərir.
Tələbələr tərəfindən qrafika və kompüter animasiyasiya elmi dərnəyinə xüsusi maraq göstərirlər.
Bu dərnəkdə tələbələr üçölçülü torların modelləşdirilməsi, montaj və vizual mənzərələrin yaradılmasının üçün proqram təminatı ilə tanış olurlar: 3D Studio, Max 4.0, Light Wave 3D, Light Scape, Bryce 3D, Terragen, Adobe Photoshop, Adobe Premiere, həmçinin fiziki hadisələrin canlandırılması üçün riyazi aparatın yaradılması.
Universitet yarandığı vaxtdan etibarən müasir idarəetmə sisteminin qurulması üçün ən yeni informasiya texnologiyalarından istifadə edir. Tətbiq olunan virtual universitet modeli tələbə və müəllimlərə sərbəst şəkildə ali məktəbin məlumat bazasına çıxışa imkan yaradır.
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti ölkədə ilk təhsil müəssisəsidir ki, Polşa Təhsil və Elm Nazirliyinin sərəncamına uyğun olaraq, öz tələbələrinə elektron tələbə biletləri təqdim edir. Hal-hazırda təhsil müəssisəsinin bütün tələbələri adi kağız və daxili tələbə biletini əvəz edən elektron tələbə biletindən istifadə edirlər.
Eyni zamanda imtahanların nəticələri barədə məlumatlar SMS mesaj xidməti, həmçinin səsli poçt (InteractiveVoice Response - IVR) vasitəsilə təqdim olunur.
İnformasiya texnologiyaları şirkətləri ilə universitetin sıx əməkdaşlığı nəticəsində tələbələr öz şəxsi kompüterində bir çox proqramlardan pulsuz istifadə etmək imkanına malikdirlər.
Tələbələr internet vasitəsilə ali məktəbin kitabxanasından kitabları elektron formada sifariş verə bilərlər. Kitablar barədə istifadəçinin elektron poçt ünvanına məktub göndərilir.
Universitetdə həmçinin virtual mühasibatlıq sistemi yaradılıb. Belə ki, bu sistemdən istifadə etməklə təhsil ödənişinin müddəti, təqaüdlər, faizlər və digər ödənişlər barədə informasiya almaq mümkündür.
Ali təhsil müəssində informasiya köşkləri quraşdırılıb. İnformasiya kioskları təhsil müəssisəsinin məlumat bazalarında yerləşdirilən məlumatlarla tanış olmaq imkanı verir.
Universitetdə distant təhsil formasının tətbiqi də uğurla həyata keçirilir.
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti dünyanın bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq universitetin tələbələri Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Almaniyada və Danimarkada təhsil almaq imkanlarından yararlanırlar. Eyni zamanda, universitetdə bir çox beynəlxalq layihələrin reallaşdırılması nəticəsində Avropadan, Asiyadan, Afrikadan və Şimali Amerikadan olan tələbələr təhsil alırlar.
Xarici təhsil müəssisələri ilə əməkdaşlıq tələbə və müəllimlərin mübadiləsi, ümumi elmi araşdırmaların keçirilməsi, təcrübə mübadiləsi, bakalavr və magistr dərəcəsi üzrə tədris prosesinin təşkili, konfransların təşkili, həmçinin təcrübə keçmə proqramlarını əhatə edir.
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti ABŞ-nin Purdue, İllinoys, Kansas, İngiltərənin Derbi, Salford, Ukraynanın Milli Texniki universitetləri, Lvov İdarəetmə İnstitutu, Litvanın Biznes Kolleci, Çinin Kapital Normal Universiteti, Türkiyənin Kastamonu Universiteti və digər ali təhsil ocaqları ilə müqavilələr imzalayıb.
Universitetdə təcrübə üzrə beynəlxalq proqram fəaliyyət göstərir. Bu proqram vasitəsilə hər il tələbələr xarici firmalarda dil və praktik bacarıqları təkmilləşdirmək imkanı əldə edirlər.