İngiltərə Dəniz Nəqliyyatı İdarəsi

İngiltərə Dəniz Nəqliyyatı İdarəsiİngiltərə işğalçı rejiminin Xəzər donanmasının ticarət gəmilərinə nəzarət üçün Bakıda yaratdığı şirkət.

Tarixi[redaktə | mənbəni redaktə et]

Mudros barışığının (1918) şərtlərinə əsasən, Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Bununla əlaqədar, özünü Bakının hərbi qubernatoru elan etmiş general U.Tomsonun başçılığı ilə təxminən min nəfərdən ibarət ingilis qoşunu 1918-ci ilin noyabrın 17-də şəhərə daxil oldu. İngilis komandanlığı Bakıda hərbi vəziyyət elan etməklə, şəhərdə və Bakı quberniyasında inzibati hakimiyyəti ələ keçirdi, bütun məhkəmə və icra orqanları general Tomsonun ixtiyarına verildi. Bundan sonra ingilislər şəhərin iqtisadi həyatına təsirlərini gücləndirməyə başladılar. Noyabrın 29-dan Xəzər Donanmasının bütün ticarət gəmiləri ingilis komandanlığının sərəncamına keçdi. İngilislər bolşeviklərə qarşı "vahid və bölünməz Rusiya"nın bərpasında Denikin ordusuna kömək məqsədilə bütün Xəzər dənizinə nəzarət etməyə başladılar. Nəqliyyat vasitələrini nəzarət altına alan ingilis komandanlığı noyabrın 22-də Britaniya dəniz nəqliyyatı idarəsinin yaradıldığını elan etdi. Şirkətə başçılıq edən mayor Braunun sərəncamlarından birində bildirilirdi ki, "Xəzər dənizinin limanları: Petrovsk, Bakı və Krasnovodsk ingilislərin idarəçiliyi altında qalır". Bütün ticarət gəmiləri sahiblərinə verilsə də, onların üzərində ingilislərin nəzarəti qoyuldu. Ümumi və nəzarət şöbələri istisna olmaqla, dəniz nəqliyyatı idarəçiliyinin bütün şöbələri tədricən ləğv edildi. Beləliklə, ingilislər Xəzər dənizinə tam nəzarət etməyə başladılar. Britaniya dəniz nəqliyyatı idarəsinin sərəncamı ilə Xəzər dənizinin bütün ticarət gəmiləri heyətləri ilə birlikdə, müvəqqəti olaraq, hərbi komendantlığın sərəncamına keçirildilər. Bununla da, neft məhsullarının ixracı üzərində nəzarət Britaniya komandanlığınıın əlində cəmləndi.

İdarənin ilk sərəncamlarından biri Britaniya qərargahının icazəsi olmadan neftin dəniz vasitəsilə ixracının qadağan edilməsi idi. Qərargahın sərəncamına keçən gəmilər təkcə yük və sərnişin daşınması üçün deyil, xalis hərbi məqsədlər üçün də istifadə olunurdu. Xəzər ticarət donan-ması gəmilərinin hərəkət marşrutlarını ingilislər müəyyənləşdirirdi. Onlar Fransayaİtaliyaya duru yanacaq ixracına hər vasitə ilə mane olur, Bakı nefti üzərində öz inhisarçı mövqeyini saxlamağa ciddi səy göstərirdilər.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İngiltərə Dəniz Nəqliyyatı İdarəsi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 40-41. ISBN 9952-417-44-4.