V. fon Humboldt inkorpor dillər də fərqləndirir. Buraya Amerikada hindi dillərini və Asiyada paleoasiya dillərini aid edir. Bu dillərin əsas əlaməti odur ki, söz kökləri birləşib söz-cümlə yaradırlar. Bunun əvvəli mübtəda, sonu xəbər olur, ortada isə digər üzvlər gəlir. Hissələr həm sözün elementləri, həm də bir cümlə üzvləridir. Burada başlanğıc mübtəda, son predikatdır, qalan üzvlər, əlavələr ortaya daxil edilir. Humboldt bunu Meksika nümunəsi ilə izah edir: ninakakwa, burada ni – «mən», naka – «yedim» kwa – «ət». Çukot dilindən bir nüminə: tı-ata-kaa-nmı-rkın – «mən kök marallar öldürürəm», hərfən: «mən-yağ-maral-öldür-etmək», Beləliklə, inkorporlaşan dillər üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: müstəqil sözlərlə yanaşı, bu dillərdə mürəkkəb komplekslər var, feil formasının tərkibinə obyekt, fəaliyyət şəraiti, bəzən mübtəda da daxil edilir. İnkorporlaşan dillər morfemin birləşməsi prinsipinə görə aqlutinativ, daxili formasına görə flektiv dillərə daha yaxındır.