İnterkulturalizm (lat. interkultura) — mədədniyyətlərarası cəmiyyətdə yaranan sosial fraqmentasiya, dezinteqrasiya hallarının qarşısını almaq üçün etnik, irqi, dini və mədəni qrupların nümayəndələri arasında dialoq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək.Bu terminin etimologiyasına uyğun olaraq, interkulturalizm daha çox icmalararası, qruplararası dialoqa və əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsini qarşısında məqsəd kimi qoyur.
İnterkulturalizm etnik-mədəni müxtəlifliyi tanımaqla və qorumaqla yanaşı onlar arasında dialoq və əməkdaşlığın inkişafına böyük önəm verir. Qruplar arasında yaradılan dialoq və əməkdaşlıq münasibətlərinin effektivliyinin əsas şərtlərindən biri bu münasibətlərin bərabərhüquqlu olmasıdır. İnterkulturalizm etnik-mədəni müxtəlifliyi tanımaqla və qorumaqla onun mütləqləşdirilməsinə imkan vermir. O, bu müxtəlifliyin daşıyıcıları arasında dialoq və əməkdaşlıq münasibətlərini yaradır və inkişaf etdirir.
Qruplararası dialoq və əməkdaşlığın yaradılmasının əsas nəticələrindən biri titul xalq və milli azlıqların etnik-mədəni dəyərlərinin qovuşması əsasında ümumi dəyərlərin, ümumi mədəniyyətin formalaşmasıdır. Bu isə öz növbəsində çoxmədəniyyətli cəmiyyətdə inteqrasiya proseslərini gücləndirir.Bununla belə titul xalq və milli azlıqların etnik-mədəni dəyərlərinin birləşməsindən formalaşan ümumi dəyərlər, ümumi mədəniyyət cəmiyyətdəki etnik-mədəni müxtəlifliyi ləğv etmir. İnterkulturalizm multikulturalizmə əsaslandığı səbəbindən etnik-mədəni müxtəliflik, azlıqların etnik-mədəni dəyərləri qorunub saxlanılır. Bundan başqa bu müxtəliflik və dəyərlər arasında dialoq vasitəsilə birlik yaranır. Yaranmış vəziyyəti “müxtəliflikdə birlik” adlandırmaq olar.
Məlum olduğu kimi, müxtəliflikdə birlik konsepsiyası həm eyniliksiz, oxşarlıqsız birlik, həm də parçalanma olmayan müxtəliflik deməkdir. Müxtəliflikdə birliyi təcəssüm edən cəmiyyət və ya interkultural cəmiyyət etnik-mədəni müxtəlifliyə münasibətdə nümayiş olunan dözümsüzlüklə, bu müxtəlifliyi tanımaqla və qorumaqla məhdudlaşmır. O, etnik-mədəni müxtəlifliyin qorunmasına inkişafın mühüm səbəblərindən biri kimi yanaşaraq onların bir-birilə qovuşmasına, birləşməsinə şərait yaradır. Müxtəlifliklərin birləşməsi isə öz növbəsində onlar arasında qarşıdurma təhlükəsini aradan qaldırır və ümumilikdə cəmiyyətin zənginləşməsinə səbəb olur.
Bəzən ədəbiyyatda bu məfhumları bir-biri ilə qarışdırırlar, hətta onları səhvən eyniləşdirirlər. Lakin bu, düzgün deyil. Çünki multikulturalizm və interkulturalizm məfhumları arasında müəyyən fərqli cəhətlər vardır [1][2].
Etnik-mədəni müxtəlifliyin daşıyıcılarının birgəyaşayışını, onlar arasında tolerantlığın, hətta qarşılıqlı hörmətin inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasəti bu müxtəlifliyi bəzən qabartmaqla, mütləqləşdirməklə cəmiyyətdə sosial fraqmentasiya, dezinteqrasiya hallarının yaranmasına səbəb olur. Belə hallar xüsusilə müasir liberal demokratiya ölkələrində baş verir. Məlum olduğu kimi, multikulturalizm siyasətinin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında bütün ölkələrdə dövlət aparıcı rol oynayır. İnterkulturalizmin əsas müsbət cəhətlərindən biri odur ki, o, etnik-mədəni müxtəlifliyin pozitiv potensialını üzə çıxarır, neqativ potensialının isə reallaşmasına imkan vermir. İnterkulturalizmin qeyd olunan müsbət cəhətinin reallaşdırılmasının əsas şərti onun multikulturalizmə əsaslanmasıdır.Bu səbəbdəndə, öz həcminə görə interkulturalizm məfhumu multikulturalizm məfhumundan genişdir. Tolerantlıq multikulturalizmin əsasını təşkil etdiyi kimi, multikulturalizm də interkulturalizmin əsasını təşkil edir. Beləcə,interkulturalizm özündə multikulturalizmi və tolerantlığı birləşdirmiş olur.
Multikulturalizm siyasətinin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında bütün ölkələrdə dövlət aparıcı rol oynayır.Multikulturalizm siyasətindən imtina etmiş bir neçə liberal demokratiya ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklər müasir liberalizmin prinsiplərinə əsasən tənzimləndikdə, yəni dövlət milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə münasibətdə həddindən artıq səy göstərdikdə, bu işdə onlara tam azadlıq verdikdə, digər tərəfdən isə onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmaları istiqamətində lazımi tədbirlər görmədikdə, milli azlıqlar cəmiyyətdə titul xalqın geniş yayılmış etnik-mədəni dəyərlərindən, müəyyən olunmuş etikdavranış normalarından təcrid olunaraq, hətta bəzən bu dəyərlərə və normalara qarşı müqavimət göstərərək öz etnik-mədəni dəyərlərinə sığınırlar. Belə olan şəraitdə cəmiyyətdə dezinteqrasiya prosesləri baş verir. Cəmiyyət müxtəlif etnik, dini icmalara bölünür. Bu icmalar arasında dialoq və əməkdaşlıq əlaqələri zəif olur. Qərb ölkələrində “Dövlət multikulturalizmi” doktrinasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman icmasının özünə qapanması üçün şərait yaradır. Nəticədə müsəlman icmasının nümayəndələri öz adət-ənənələrinə, etnik-mədəni dəyərlərinə sığınaraq yaşadıqları cəmiyyətə inteqrasiya olmurlar, buradakı liberal dəyərlərə müqavimət göstərirlər. Hətta onlardan bəziləri dövlət dilini belə öyrənmirlər.
Qərb ölkələrində müşahidə olunan dezinteqrasiya proseslərinin səbəbləri multikulturalizmlə əlaqələndirilərək bu siyasətin səmərəsizliyi haqqında fikir yayıldı. Əslində isə bu ölkələrdə müşahidə olunan dezinteqrasiya proseslərinin səbəbləri multikulturalizm siyasəti ilə yox, bu siyasəti liberal demokratiya prinsipləri əsasında aparan dövlətlər ilə bağlı idi. Belə dövlətlər sırasında Böyük Britaniya, Almaniya və Fransanı misal göstərmək olar.Cəmiyyətdəki etnik-mədəni müxtəliflik tanındıqda, qorundıqda onların arasındakı etnik-mədəni dəyərlər bir-birilə qovuşduqda, yaxınlaşdıqda, dialoqa girdikdə mədəniyyətlərarası, dinlərarası dialoqun, əməkdaşlığın, ümumiyyətlə cəmiyyətin inkişafına səbəb olur. Əks halda, yəni bu müxtəlifliklər, dəyərlər mütləqləşdirildikdə, bir-birinə qarşı qoyulduqda öz növbəsində istər ölkədaxili müstəvidə, istərsə də beynəlxalq müstəvidə dinlərarası, mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafının qarşısını alaraq etnik və dini zəmində qarşıdurmaya,münaqişəyə gətirib çıxarır. Bu səbəbdən də liberal demokratiya ölkələri interkulturalizmin gətirdiyi müsbət töhvələrdən yararlanmaq üçün bu istiqamətdə aparıcı işlər görürlər.