İnternet Tədqiqatları Agentliyi

İnternet Tədqiqatları Agentliyi (İTA; rus. Агентство интернет-исследований)— həmçinin Qlavset olaraq da bilinir. Rusiyada daha çox Olqinonun trolları da adlandırılır. Rusiyanın iqtisadi və siyasi maraqları üçün xidmət edən bir agentlikdir. Mərkəzi Sankt-Peterburq-da olub rusiyalı biznesmen Yevgeni Prigojin ilə əlaqəli olduğu idda edilir. Agentliyin, böyük sosial şəbəkələrdə,[2] müzakirə platformalarında, elektron qəzet saytlarında və video hostinq xidmətlərində yaradılan saxta hesablardan istifadə edərək, Rusiyanın daxili və xarici siyasi maraqlarını Ukrayna və Orta Şərqdə dəstəkləmək üçün istifadə etdiyi və ABŞ-nin 2016-cı il prezident seçkilərinə təsir göstərməyə çalışdığı iddia edilir. 2015-ci ildə agentliyin təkcə bir binasında 1000-dən çox işçinin çalışdığı bildirildi.

İnternet Tədqiqatları Agentliyi
Агентство интернет-исследований
Yaranma tarixi 26 iyul 2013[1]
Ləğvolma tarixi 1 iyul 2023
Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət 2013-cü ilin ortalarında yaradılmışdır. Novaya Qazeta qəzetinin hesabatına əsasən Internet Research Agency Ltd-nin ofisi Sankt-Peterburqun tarixi rayonu olan Olqino-da yerləşirdi.

Bir hesabata əsasən 2015-ci ildə Savuşkina küçəsində 1000-dən çox bloqqer və şərhçi çalışırmış. Digər işçilərin çoxu isə kənardan işləyirmiş. BuzzFeed-ə görə 2014-cü ildə 600-ə yaxın şəxs burada çalışırmış. Hər bir şərhçinin gündəlik 100 şərh yazmaq öhdəliyi varmış. Bunların arasında həmçinin siyasi karikaturalar çəkən rəssamlar da var imiş. İki gündən bir 12 saat şəklində növbəli formada çalışdıqları bildirilir. Bir bloggerin kvotası növbədə on yazı, hər yazı ən azı 750 simvoldan ibarət idi. Bir şərhçinin norması 126 şərh və bir hesab üçün iki yazıdır. Hər bir blogger üç hesaba nəzarət edirmiş. Aylıq olaraq Olqino ofisinin işçiləri 25 000 Rubl, Savuşkina ofisinin işçiləri isə təxminən 40 000 rubla yaxın maaş alırlarmış. 2017-ci ildə bir informantın bildirdiyinə görə maaşlar bonuslar və əlavə iş saatları ilə birgə 80.000 rubla yaxın qalxa bilirmiş.

2018-ci il 16 fevralında ABŞ Ədliyyə Nazirliyi 2016-cı il ABŞ prezident seçkilərinə qanunsuz müdaxilə və Donald Trampın namizədliyini qəti şəkildə dəstəklədiyi üçün 13 nəfər Rusiyalı haqqında ittiham elan etdi. Bunların arasında əslən azərbaycanlı olan Ceyhun Aslanov-da vardır. Bu şəxslər haqqında 15 martda prezident Donald Trump tərəfindən maliyyə sanksiyaları qəbul olunmuş və onların ABŞ-yə daxil olmaları qadağan edilmişdi. Həmçinin 2018-ci ilin oktyabrında rus mühasib Elena Xusyaynova 2016 və 2018 ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham edildi. Onun İTA ilə işlədiyi iddia olunur. Onun 16 milyon dollarlıq bir büdcəni idarə etdiyi deyilirdi. Burada adı hallanan Ceyhun Aslanov ötən ilin oktyabrında gündəmə gəlmişdi. RBK jurnalı genişmiqyaslı araşdırmadan sonra Feysbuk, Tvitterİnstaqramda ABŞ-dəki seçkiyə müdaxilə edən 118 hesabı müəyyən etmişdi. İddiaya görə, bu akkauntların hər biri avqust-sentyabr aylarında qapadılmışdı. Jurnal bu hesabların Sankt-Peterburqun Savuşkina küçəsində yerləşən 55 nömrəli evdən idarə olunduğunu, Tvitterdə yaradılan 50 hesabdan 36-sının +7 (Rusiyanın telefon kodu – red.) prefiksi ilə qeydiyyatdan keçdiyini yazmışdı. ABŞ-də "Trol Fabriki" adlandırılan bu hesabların yaradıcılarının böyük hissəsi sosial şəbəkələrdə daha çox ABŞ-dəki irqi problemləri gündəmə gətiriblər. Belə ki, onların tabeliyi altında olan qaradərililərin hüquqlarından bəhs edən 16 qrupun 1,2 milyon izləyicisi olub. "Trol Fabriki" qrupu ABŞ-dəki prezident seçkisinə 2015-ci ilin yazından hazırlaşıb. "Trol Fabriki"nin ABŞ bölməsinə də məhz azərbaycanlı Ceyhun Aslanovun rəhbərlik etdiyi bildirilir. Sankt-Peterburqdan olan azərbaycanlı Hidrometerologiya Universitetində iqtisadiyyat sahəsində təhsil alıb. Təhsil aldığı dönəmdə isə bir neçə aylıq ABŞ-də yaşayıb. Aslanov "Trol Fabriki" ilə əlaqələrini inkar edib.[3]

  1. https://eur-lex.europa.eu/legal-content/FR/TXT/PDF/?uri=OJ:L:2022:042I:FULL&from=FR.
  2. "Arxivlənmiş surət". 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  3. "Arxivlənmiş surət". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.