İntiqam Hacılı, (d.24 fevral 1978, Biləsuvar) — Azərbaycanlı kino və teatr rejissoru, ssenaist, kino və teatr prodüseri.
İntiqam Hacılı | |
---|---|
İntiqam Cəfər oğlu Hacılı | |
Doğum tarixi | |
Doğum yeri | Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Rejissor, Prodüser, Ssenarist |
Fəaliyyət illəri | 2004-davam edir |
IMDb | ID9890696 |
2017-ci ildə rejissoru olduğu "Göllərin arasında" ("Между озерами", "Among The Lakes") sənədli film layihəsi Riqada keçirilən "Artdocfest" Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib.
Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının (Fransa), 2021-ci ildə isə "Moskovskaya premyera" Kino Festivalının (Rusiya) iştirakçısı olub.6
2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq, QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb.
2022-ci il 2 avqustda - Milli kino günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən "Müstəqil kinonun inkişafındakı xidmətlərinə görə" nominasiyasında mükafatlandırılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının regionlarda keçirdiyi "Kino günləri' layihəsinin içraçı prodüseridi.
Uzunömürlü Məcid Ağayevin nəvəsi olan İntiqam Hacılının ata-anası Lerik rayonun Tikəband kəndindən ilk əvvəl Lənkəran şəhərinə, bir müddət sonra isə Salyan rayonuna, oradan isə 1975-ci ildə Biləsuvar rayonuna gəliblər.
İntiqam Hacılı 1978-ci il fevral ayının 24-də Biləsuvar rayonun İran sərhədi yaxınlığında yerləşən kolxoz düşərgəsində anadan olub.
1996-cı ildən 2022-ci ilin may ayına qədər Bakıda yaşayaraq kino və teatr sahəsində fəaliyyət göstərib.
2022-ci ilin may ayından 2024-cü ilin fevral ayına qədər Lənkəran Dövlət Dram Tetarında direktor müavini və direktor vəzifəsini icra edib. Onun dövründə teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişiklər olub.
2024-cü ilin mart ayından yenidən müstəqil şəkildə kino və teatr layihələrini həyata keçirməyə başlayıb.
ADMİU-nun "Sənətşünaslıq" fakültəsinin (ixtisasca: ssenari - 1996-2000) məzunudur. Professor Aydın Dadaşovun kursunu bitirib.
İntiqam Hacılı yazarlıqla da məşğul olub. 2002-2003-cü illərdə o, "Nəfəs" ədəbi qrupuna qoşulub. 2008-ci ildə "Maneken sevgilim" adlı şeirlər kitabı Azad Yazarlar Ocağının layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çap olunub. 2012-ci ildə Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq" müsabiqəsində "Maneken sevgilim" və "Qədər" şeirləri ilə ilk 10-luğa düşüb.
Mədəniyyət Nazirliyinin "Kino+" qəzetində (2004-2007) çalışıb, qəzetin müxbiri və direktoru olub. Kino və televiziya sahəsində tənqidi yazılarla çıxış edib. Paralel olaraq digər mətbuat orqanlarında da məqalələri çap olunub.
2009-2010-cu illərdə Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində işləyib.
2004-cü ildə "Kino+" qəzetində çalışarkən "Start" Tələbələrin Beynəlxalq Film Festivalını hüquqşünas Xalid Bağırovun dəstəyi ilə kinoplyusçularla birgə təşkil edib. "Start"ın növbəti illərində festivalın təşkilat komitəsində olub.
2012-2013-cü illərdə festivalın işindən narazı olduğu üçün oranı tərk edib.
2010-cu ildən rejissorluq və kino fəaliyyətinə başlayıb. 2011-ci ildə Mədəniyyət Nazirliyinin "Salnamə" studiyasında 20 yanvar hadisələrindən bəhs edən "Cənubda şimal küləyi" araşdırma sənədli filmini çəkib. Film 1990-ci ildə "20 yanvar" hadisələri zamanı Biləsuvar və onun İranla sərhədində baş verənləri araşdırır.
12 dekabr 2012-ci ildə "Sinema Məktəbi"ni yaradıb (ilk əvvəllər "Kino Atelyesi", "Sinema Atelyesi" adlanıb). Ölkədə ilk dəfə aktyorluq, ssenaristlik və rejissorluq kursları özəl kurs formasında burada təşkil olunub.
Azərbaycanda yeni axın sayılan "Azad Kino" (Independent Cinema) nümayəndələrindən biridir.
2013-2014-cü illərdə Prezident Fondundan ayrılan maliyyə ilə ATV telekanalında yayımlanan serialın rejissoru, prodüseri və ssenaristi olub. Serial Sevinc Elsevərin "Şəhər" romanının motivləri əsasında 25 hissədən ibarət olub.
2015-cü ildə "Gələcəyin yuxusu" adlı pyesini yazıb və tamaşaya quruluş verib.
2016-ci ildə hazırlanan "Kontrabasçı" (Almaniya-Azərbaycan Mədəniyyət Evi) və "Yasaq cəh-cəhlər" (İsveçrə Əməkdaşlıq Təşkilatının Qafqaz Ofisi) tamaşalarının prodüseri olub.
2017-ci ildə "Atam, anam, bir də mən" qısametrajlı sənədli filmini çəkib.
Prodüseri olduğu "Qaranlıqdan reportaj" filmi dünya premyerasını 11-16 iyul 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalında edib. Bu film İ.Hacılının prodüseri olduği ilk tammetrajlı bədii filmdir. Bu həm də ilk Azərbaycan filmidir ki, Marsel Beynəlxalq Film Festivalında iştirak edib.[1][2][3]
2020-ci ildə çəkilən "Biləsuvar" tammetrajlı bədii filmin prodüserlərindən biridir. Film həmin il Busan Beynəlxalq Film Festivalının (Cənubi Koreya) və Nantda keçirilən 3 Qitənin Festivalının (Fransa) əsas bölmələrində iştirak edib.
"Biləsuvar" filmi 2021-ci ilin aprelində Vizbadendə keçirilən "goEast" festivalının (Almaniya) proqramına düşüb, 2021-ci ilin sentyabr-oktyabrında isə Rusiyanın Anapa şəhərində keçirilən 30-cu Kinoşok festivalının "ən yaxşı ssenari" mükafatını, həmin ilin 17-21 dekabrında Moskvada keçirilən "Moskovskaya premyera" festivalının "ən yaxşı rejissor" mükafatını qazanıb.
"Biləsuvar" tammetrajlı bədii filminin Azərbaycanda təqdimatı isə 2021-ci ilin oktyabrında Bakı şəhərində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində baş tutub.
İntiqam Hacılı 1 may 2022-ci ildən Lənkəran Dövlət Dram Teatrına Mədəniyyət Nazirliyi tərəfindən direktor müavini təyin edilib.
17 yanvar 2023-cü ildən isə Lənkəran Dövlət Dram Teatrının direktoru səlahiyyətlərini icra edib. 5 fevral 2024-cü ildə əmək müqaviləsinə xitam verilib.[4]
Müəllifi olduğu tamaşalar
https://aki.az/bil-suvar-filminin-az-rbaycan-premyeras-kino-evind/