Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsa Məmmədov (tam adı: İsa Paşa oğlu Məmmədov; 1924, Tovuz rayonu – 1986, Bakı) – azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri (1978–1986).
İsa Məmmədov | |
---|---|
azərb. İsa Paşa oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | hüquq, cinayət hüququ, |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
İsa Məmmədov 1924-cü ildə Tovuz rayonunun Alakol kəndində əkinçi ailəsində dünyaya gəlmişdir. 1931–1938-ci illərdə Alakol kənd natamam orta məktəbində təhsil almış, 1941-ci ildə isə Yanıxlı kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşdur. Müharibənin ilk illərində kolxoz təsərrüfatında çalışmışdır. İ. P. Məmmədov 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş, 1949-cu ildə həmin fakültədə təhsilini əla qiymətlərlə başa vurmuşdur. Universitetin bölgü komissiyasının qərarı ilə o, hüquq fakültəsində müəllim kimi saxlanılmışdır. Prof. İsa Məmmədov 1986-cı il sentyabrın 1-də dünyasını dəyişmişdir.
Azərbaycanda hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında prof. İsa Paşa oğlu Məmmədovun böyük xidmətləri olmuşdur. İ. P. Məmmədov əsası prof. V. P. Qəhrəmanov tərəfindən qoyulan cinayət hüququ üzrə elmi məktəbin nümayəndələrindən biridir. O, 1954-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsini almaq üçün uğurla dissertasiyasını müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra da elmi axtarışlarını davam etdirmişdir. Belə intensiv axtarışlar ona doktorluq dissertasiyasını müdafiə etməyə imkan vermişdir. İ. P. Məmmədov 1969-cu ildə Tbilisi Dövlət Universitetində "Azərbaycan SSR-də Cinayət hüququnun yaradılması və inkişafı (1920–1937-ci illər)" mövzusunda doktorluq dissertasiyasını böyük uğurla müdafiə etmiş, 1971-ci ildən isə Cinayət hüququ kafedrasının professoru olmuşdur. O, Cinayət hüququ sahəsində tədqiqatlara, ixtisaslı hüquqşünas kadrlarının hazırlanmasına, ümumilikdə hüquq elminin inkişafına böyük qüvvə sərf etmişdir. İ. P. Məmmədov 100-dən çox elmi işin, o cümlədən monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun "Dövləti cinayətlər" (1961), "Sosialist mülkiyyəti əleyhinə olan cinayətlər" (1964), "Sovet cinayət hüququ üzrə cinayətdə iştirakçılığın anlayışı" (1963), "Şəxsiyyət əleyhinə olan cinayətlər" (1972) və s. adda dərc etdirdiyi dərs vəsaitləri, "Azərbaycan SSR Cinayət Məcəlləsinin elmi-praktiki Kommentariyası" bu gün də tələbələr və tədqiqatçılar tərəfindən maraqla oxunur. Prof. İ. P. Məmmədov 1978–1986-cı illərdə Cinayət hüququ kafedrasının müdiri olmuşdur. O, kafedra müdiri olduğu müddətdə elmi-pedaqoji kadrların hazırlanmasına qayğı göstərmiş, bir çox gənc tədqiqatçıların dissertasiya işinə rəhbərlik etmişdir. Eyni zamanda həmin dövrdə tədris intizamının möhkəmləndirilməsinə, kafedrada elmi seminarların keçirilməsinə, elmi-tədqiqat işlərinin genişləndirilməsinə, kafedranın texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş, kafedranın əməkdaşları T. E. Qarayevin, F. Y. Səməndərovun, R. Ə. Şəmsizadənin monoqrafik xarakterli tədqiqat işləri ("Təkrar cinayətlər", "Sovet kriminologiyasının bəzi məsələləri", "Cinayətin tövsifinin elmi əsasları" və s.) dərc edilmişdir. Prof. İ. P. Məmmədovun kafedraya rəhbərlik etdiyi dövrdə Vyetnam və Yaxın Şərq ölkələri üçün gənc hüquqşünas alimlər hazırlanmışdır. Prof. İ. P. Məmmədov uzun illər "İnsan və qanun" televiziya jurnalının aparıcısı kimi qanunların təbliğçisi olmuş, əhalinin hüquqi şüurunun və hüquq mədəniyyətinin yüksəldilməsi sahəsində də xeyli iş görmüşdür.