İsa Rəhman oğlu Məmmədov (15 oktyabr 1953, Lənkəran rayonu) — Azərbaycan Texniki Universitetinin "Radiotexnika və televiziya sistemləri" kafedrasının professoru, texnika elmləri doktoru.
İsa Məmmədov | |
---|---|
azərb. Məmmədov İsa Rəhman oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
İsa Rəhman oğlu Məmmədov 1953-cü il oktyabrın 15-də Azərbaycan SSR Lənkəran rayonunda anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun Rabitə və Radioyayım ixtisasını bitirmişdir.
1978-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunun əyani aspiranturasına daxil olmuş, burada tanınmış alim S.V. Novakovskinin rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq "Teletekst" televiziya sisteminin yaradılması ilə məşğul olmuşdur. 1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə AzTU-da dosent elmi adına layiq görülmüşdür. İ.R. Məmmədov 1983-2002-ci illərdə ISDB tipli rəqəmli televiziya yayımı sahəsində davamlı elmi-tədqiqat işləri aparmış, 2002-ci ildə Odessa Milli Rabitə Akademiyasında doktorluq dissertasiyasını (elmi məsləhətçi S.V. Novakovski) müdafiə etmişdir.
İ.R. Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetinin “SSRİ-nin xarici siysəti” bölməsini bitirmişdir.
2007-ci ildə professor elmi adına layiq görülmüşdür. İ.R. Məmmədov 2003-cü ildən Beynəlxalq İnformatika və Rabitə Akademiyasının akademikidir. Azərbaycan, ingilis, türk və rus dillərində sərbəst danışır.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra İ.R. Məmmədov çoxkanallı və çoxfunksiyalı televiziya və mobil rabitə sahəsində elmi tədqiqatlarını davam etdirmişdir. Onun rəhbərliyi altında altı elmlər namizədi və texnika üzrə fəlsəfə doktoru yetişmiş, daha dörd doktorant davamlı elmi tədqiqatlr aparmaqdadır.
İ.R.Məmmədov üç dərslik, üç dərs vəsaiti, dörd monoqrafiya (o cümlədən biri “Радио и связь» kimi nüfuzlu nəşriyyatda olmaqla), doqquz metodiki vəsait və 120-dən çox elmi məqalə nəşr etdirmişdir.
İ.R.Məmmədov 1996-cı ildən başlayaraq AzTU-da müxtəlif vaxtlarda “Radiotexnika” fakultəsinin dekanı, “Radiotexnika” kafedrasının müdiri vəzifələrində çalışmış və paralel olaraq 1997...2003-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi radioavadanlığı” kafedrasına rəhbərlik etmişdir.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ekspert şurasının elmi katibi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin Elmi-Texniki Şurasının üzvü, 2012-ci ildən bu günə kimi AzTU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi şuranın üzvü və onun seminarının sədri, 1997-ci ildən 2015-ci ilə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris-metodiki Şurasının "Elektronika və rabitə" bölməsinin sədr müavini kimi fəaliyyət göstərmişdir.
İ.R. Məmmədov hazırda “Radioverici, radioqəbuledici və antenna qurğuları”, “Mobil rabitə sistemləri” “Televiziya texnikası” və “Siqnalların verilmə nəzəriyyəsi” fənlərini azərbaycan, ingilis və rus bölmələrində tədris edir. Eyni zamanda 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri kimi fəaliyyətə başlamış və hazırda dövlət qulluğunun kiçik müşaviri dərəcəsinə layiq görülmüşdür. Azərbaycanda rəqəmli televiziya yayımı, rəqəmli radio yayımı və çoxkanallı şanvari efir-kabel televiziyasının tətbiqi üzərində işləyir. Televiziya sahəsində yüksək səviyyəli işlərinə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublikanın adına layiq görülmüşdür.
Dörd monoqrafiyası, üç dərsliyi, üç dərs vəsaiti, doqquz metodiki vəsaiti çap olunmuşdur.
120-dən çox elmi məqaləsi çap olunmuşdur.