İsmayıl Əhmədov (icra başçısı)

İsmayıl Əkbər oğlu Əhmədov - (08 iyul 1940-cı ildə Şərur rayonunun Şahtaxtı kəndi – 28 sentyabr 2024-cü il Bakı şəhəri) – Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra Hakimiyyətinin keçmiş icra başçısı, Elm və Təhsil Mərkəzi “Təfəkkür Universiteti”-nin dekanı, kənd təsərrüfatı elmləri namizədi. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının üzvü və doktoru, professor.

İsmayıl Əhmədov
Doğum tarixi
Doğum yeri Şahtaxtı, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı şəhəri
Təhsili

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Bakı Ali Partiya Məktəbi
Elmi dərəcəsi Alim
Elmi adı Kənd Təsərrüfatı Elmləri Namizədi
Partiyası Yeni Azərbaycan Partiyası

İsmayıl Əkbər oğlu Əhmədov - 08 iyul 1940-cı ildə Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, əvvəlcə Naxçıvan kənd təsərrüfatı texnikumunun Zootexnika fakültəsinə daxil olmuş və bu texnikumu müvəffəqiyyətlə bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul edilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutuna daxil olmuşdur. Yazmış olduğu dissertasiyanı Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Regional Elm və Təhsil Mərkəzi Zoobaytarlıq İnstitutunda müvəffəqiyyətlə müdafiə edərək, SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kənd təsərrüfatı elmləri namizədi, alimlik dərəcəsi almışdır. Bakı Ali Partiya Məktəbini bitirmişdir. Dəfələrlə Şərur, Şahbuz və Culfa rayon sovetlərinin deputatı seçilmişdir.

İsmayıl Əhmədov ilk öncə Şərur rayonunun Şahtaxtı və Qıvraq kəndlərində baş zootexnik işləmiş, sonra isə Naxçıvan şəhərində Araz Elm İstehsalat Birliyində elmi işçi vəzifələrində çalışmışdır. Daha sonra 9 il Naxçıvan MSSR Xalq Nəzarəti Komitəsində, 5 il Naxçıvan Vilayət Partiya Komitəsində məsul vəzifələrdə çalışmış, 6 il Şərur rayon Aqrar Sənaye Birliyinin sədri vəzifəsində, sonra isə Araz Elm İstehsalat Birliyində baş elmi işçi, Şərur rayon Quşçuluq fabrikinin direktoru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 1994-cü il tarixli fərmanı ilə Şərur rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. İcra başçısı işlədiyi dövrdə dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmişdir. İsmayıl Əhmədov 17 ildən çox Elm və Təhsil Mərkəzi “Təfəkkür Universiteti”-ndə morfologiya laboratoriyasının müdiri, tibbi biologiya kafedrasının müdiri, sonra filologiya və biologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 170-dən çox elmi məqalələri Moskva şəhərində və respublikamızın mətbuat səhifələrində nəşr olunmuşdur. Ali məktəb tələbələri üçün dərs vəsaiti olan, Təhsil Nazirliyinin 05.07.2006-cı iltarixli, 543 saylı əmri ilə təsdiq edilmiş “ Genetika. Genlər İrsi Məlumat Daşıyıcısıdır” adlı kitabın müəllifidir. Kitabın ilk nəşri 2006-cı ildə çap olunmuşdur. Əlavə olaraq ikinci və təkmilləşdirilmiş nəşri 2009-cu ildə çap olunmuşdur. İsmayıl Əkbər oğlu Əhmədova “Mukalsitinin” hazırlanma üsuluna və nəticəsinə görə Avroasiya patenti verilmişdir. Həmin patent Avroasiya patent konvensiyasının üzvü olan dövlətlərin – Rusiya Federasiyasının, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan Respublikalarının ərazilərində hüquqi qüvvəyə malikdir. Elm və Təhsil Mərkəzi “Təfəkkür Universiteti”-nin Elmi Surasının 01 iyun 2004-cü il tarixli qərarı ilə Əhmədov İsmayıl Əkbər oğluna professor elmi adı verilmişdir.

İsmayıl Əhmədov xidməti vəzifələrini şərəflə yerinə yetirdiyinə görə, ona keçmiş SSRİ Xalq Nəzarəti Komitəsinin və Naxçıvan MSSR Ali Sovetinin Fəxri fərmanları verilmiş, orden və medallara layiq görülmüşdür.

Üç övladı və yeddi nəvəsi var.

https://e-qanun.az/framework/8953

https://web.archive.org/web/20160518210028/http://universitet-tefekkur.com/news/Filologiya_dekan.html