İsmayıl xan hamamı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində, H. Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-memarlıq abidəsi.
İsmayıl xan hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | H.Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m²-dir. Hamam planda düzbucaqlı formadadır. Bina 20 x 20 x 5 sm ölçüdə bişmiş kərpiclə inşa edilmişdir. Hamama giriş çatmatağlı portaldandır. Portalın eksteryeri kaşılarla bəzədilmişdir. Hamamın daxilinə geniş vestübül dən, soyun ma zalına isə dar keçiddən daxil olmaq mümkündür. Soyunma zalı səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləş dirilmişdir. Yuyunma zalının iki keçidi var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2 x 2 metr ölçüdə çərhovuz inşa edilmişdir. 108 m² sahəsi olan zalın tavanı sferik gümbəzlə örtülmüşdür. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və kümbəzin üstündəki bacalarla işıqlandırılır.
Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır. Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilmişdir. Hamam Naxçıvan xanlarından biri olan İsmayıl xanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.