İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu

İsmayıllı Lahıc ekogeokimyəvi landşaft rayonu — kimyəvi analizlərin nəticələrinə görə bu rayonun əksər əraziləri üçün sulfatlı-natriumlu zəif minerallaşma səciyyəvidir.

Ekoloji şəraiti[redaktə | mənbəni redaktə et]

Ərazinin bəzi yerlərində təsadüf edilən mis, vanadium və mərgümüş kimi mikroelementlərin klarka nisbətən azacıq üstünlüyü, nikel, barium və fosforun isə əksinə, klarka nisbətən az olmasını nəzərə almasaq İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonunu ekoloji şəraiti qənaətbəxş olan region kimi səciyyələndirmək olar. Çünki göstərilən elementlərdən ekoloji şərait üçün təhlükə ehtimalı, ancaq mühitdə misin miqdarının çoxluğundan, fosforun isə az olmasındandır.

Ekoloji şəraitin canlılara təsiri[redaktə | mənbəni redaktə et]

Mühitdə misin miqdarının çox olması heyvanlarda qaraciyər atrofiyası xəstəliyi törədir; bitkilərin qida mühitində fosfor çatışmadıqda bitkilərin böyüməsi zəifləyir, çiçəkləmə və yetişmə fazaları gecikir, çiçəklərin və meyvələrin sayı az olur, yarpaqlar bənövşəyi rəng alıb solğunlaşır, bitkilərdə pur-pur xəstəliyi əmələ gəlir, heyvanlarda osteoporoza adlı sümük xəstəliyi baş verir. Lakin belə hallar rayon ərazisi üçün o qədər də səciyyəvi deyildir.

Təbii suları[redaktə | mənbəni redaktə et]

Hidrokimyəvi analizlərin nəticələrinə görə,rayon ərazisindəki təbii suların tərkibində hidrokarbonatlı-kalsiumlu-maqneziumlu birləşmələr üstünlük təşkil edir. Rayonun əsas çay şəbəkəsini təşkil edən Göyçay, Girdmançay və onların qolları kimyəvi elementlərlə çirklənməyib öz təbii geokimyəvi rejimlərini qoruyub saxlamışlar.

Geokimyəvi şərait[redaktə | mənbəni redaktə et]

Rayonun ən iri yaşayış məntəqəsi olan İsmayıllı şəhəri ərazisindəki allüvial çəmən-meşə torpaqları, spektral analizlərin nəticələrinə görə, mis, sink, qurğuşun, bor, vanadium və mərgümüşlə zəngin olsa da burada mikroelementlərdən stronsium, nikel və sirkoniumun qıtlığı hiss edilir. Bu torpaqlarda təxminən klark səviyyəsində olan mikroelementlər molibden və kobaltdır. İsmayıllıda stronsiumun anomallıq əmsalı 1,6-ya ancaq çatır. Odur ki, bu elementin landşafta çirkləndirici təsiri çox cuzi olduğundan onu nəzərə almamaq da olar. Lakin hər halda torpağı az da olsa çirkləndirən bu mikroelementlərin əhalinin qida kimi işlətdiyi bitki orqanizmlərində konsentrasiyası onların sağlamlıq üçün təhlükə törədə bilməsi haqda düşünməyə vadar edir.

Seysmikliyi[redaktə | mənbəni redaktə et]

Rayonda ekoloji gərginlik yaradan əsas amil isə burada seysmikliyin yüksək olmasıdır.Ərazidə seysmiklik yüksəkdir (7-8 bal gücündə). Rayonda ekoloji şəraitin formalaşmasına təsir edən geokimyəvi amilləri əsas götürsək, başqa sözlə desək, rayondakı ekoloji vəziyyəti geokimyəvi şərait baxımından qiymətləndirilməli olsaq İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonunu da cənub yamacda ekoloji şəraiti qənaətbəxş olan bir ərazi kimi xarakterizə etməliyik.

Beləliklə, Böyük Qafqazın cənub yamacında apardığımız ekogeokimyəvi rayonlaşdırılmaya görə ayrılmış rayonlardan Balakən-Katex rayonu ekoloji cəhətdən gərginliyi şiddətli; Alazan-Həftəran və Şəki-Oğuz rayonları ekoloji cəhətdən gərginliyi nisbətən zəif; Zaqatala-Qax, Sincan-Qəbələ və İsmayıllı-Lahıc rayonları isə ekoloji şəraiti qənaətbəxş olan rayonlar kimi səciyyələndirilir. Torpaqda konserogen xarakterli toksik elementlərin çoxluğu toz və qida vasitəsi ilə onların canlı orqanizmlərə daxil olmasına, bu ərazidə yaşayan insanlarda,heyvanlarda və bitkilərdə bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur.[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Lahıc Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Q.İ.Rüstəmov,A.M.Rüstəmova.Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Bakı.2016.189 səh.