İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

1930-cu illərdə "Savadsızlığı ləğv etmək haqqında qərar"dan sonra iri yaşayış məntəqələrində ilk "Qiraət komaları" yaradılmışdır.Bu qiraət komaları o dövrdə" Xalq Maarif Komissarlığı" na tabe idi.Yaşlıların dediyinə görə belə komalardan biri iri yaşayış məntəqəsi olduğu üçün Yuxarı Cülyan kəndində yaradılmışdır. Kitabxanalar rəsmi olaraq İsmayıllıda,Lahıcda, Basqalda, Quşencədə, Qalacıq və Diyallıda 1947-ci ilin yanvar ayında yaradılmışdır . İlk kitabxana binası da 1947-ci ildə XMK-ı Süleyman Rəhimovun sərəncamı ilə indiki Mədəniyyət sarayının yerində tikilmişdir. 1947-ci ildə İsmayıllıda ilk kitabxananın təşkilatçısı Bəsirə İsrayılova olmuşdur. İsmayıllıda kitabxana ilk dəfə 1948-ci ildə rayon mərkəzində yaradılıb. Açılışında xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun iştirak edib. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1981-ci ilin yanvar ayından təşkil olunmağa başlamışdır. 1984-cü ildən başlayaraq müxtəlif illərdə İlham Rəhimov,Lətifə Mirzəyeva,Vaqif Ağayev,Həmid Hacıyev , Ələddin Ələkbərov MKS-nin direktoru işləmişdir. Hal- hazırda MKS-nin direktoru Könül Baxışovadır.

Şöbələr

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir: 1. Xidmət şöbəsi 2. Metodika şöbəsi 3. Kitabişləmə və komplektləşdirmə şöbəsi 4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 5. İnformasiya – Resurs şöbəsi 6. Uşaq şöbəsi 1981-ci ildən MKS kimi formalaşıb. Hazırda rayonda 41 kənd kitabxana filialı , 2 şəhər , 2 qəsəbə , 1 Mərkəzi kitabxana və Uşaq kitabxanası fəaliyyət göstərir.

2004-cü ildən MKS Beynəlxalq layihələrdə iştirak edərək Regional Kitabxana Məlumat Mərkəzinin yaradılmasına nail olub. Bununla da oxucuların kitabxanaya gəlişi çoxalıb.Tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir ki,bu zaman da kompüter və internet şəbəkəsinin köməyindən geniş istifadə olunur. Daha çox köməklik təhsil işçilərinə, müəllimlərə, şagirdlərə göstərilir.Buraya üz tutan hər kəs istədiyi informasiyanı ala bilir. 2016-cü ilin yekun hesabatına əsasən İsmayıllı rayon MKS –nin kitab fondu 382384 nüsxə: latın qrafikası ilə 85530 nüsxə, rus dilində73519 nüsxə, xarici dillərdə 5479, kiril qrafikası ilə 217856 nüsxədən ibarətdir.

Uşaq şöbəsi

1982-ci ildə Gəncə İcra Nümayəndəliyi tərəfindən iki ay ərzində indiki müasir tipli Uşaq və Gənclər Kitabxanası inşa edilmiş,2013-cü ildən İsmayıllı İcra Hakimiyyətinin təşəbbüsü,diqqət və qayğısı nəticəsində yenidən təmir edilmişdir.MKS-nin Uşaq şöbəsi kimi fəaliyyət göstərsə də ayrıca gözəl binası vardır və uşaqların sevimli yeridir.Binada uşaqlar üçün nağıl otağı,kitab fondu,kompüter və oxu zalı ,iclas zalı və gözəl foyesi vardır.fondunda 20000 -ə yaxın ədəbiyyat vardır.Buraya azərbaycan,rus və xarici dillərdə olan ədəbiyyat daxildir.Həmçinin dövri mətbuat,elektron nəşrlər,danışan kitablar da uşaqların istifadəsindədir.Uşaqların əl işlərindən ibarət sərgilər kitabxananın bəzəyidir.Buraya uşaqlar tərəfindən çəkilmiş rəsmlər,tikmələr,heykəltəraşlıq nümunələri aiddir.Kitabxananın 2000-ə yaxın oxucusu var.Keçiirlən hər bir tədbirə uşaqlar böyük həvəslə gəlirlər.