İsrafil bəy Yadigarov

İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası.

İsrafil bəy Yadigarov
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1815(1815-12-15)
Doğum yeri
Vəfat tarixi 1885
Fəaliyyəti hərbi qulluqçu
Uşağı
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi general-leytenant

Təltifləri "Müqəddəs Anna" ordeni"Müqəddəs Anna" ordeniQılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni"Müqəddəs Anna" ordeniQılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni

İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib.

1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub. Bir il sonra borçalılardan ibarət könüllü yığma "ovçu" döyüşçülər təşkil edən İsrafil bəy ordunun tərkibində ikinci süvari Azərbaycan alayı yaradıb.

1854-cü il avqustun 19-da döyüşən ordu komandanı Əlahiddə Qafqaz korpusunun komandirinə göndərdiyi bir məlumatda yazırdı: "Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd göstərirdi. Lakin onlar polkovnik İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər". Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Şəki və Şamaxı könüllülərindən təşkil etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə dəfə fəal döyüşlər aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox azərbaycanlı arasında polkovnik İsrafil bəy Yadigarov da var.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

Krım müharibəsi dövründə Qafqaz milli hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri Rusiyanın şöhrətli hərbi xadimləri ilə yanaşı qoysaq, səhv etmərik. Onlara azərbaycanlı general İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov, general-leytenant Fərəc bəy Ağayev, general Həsən bəy Ağalarov, kabardin polkovniki Sultan Qazi Gərayi, osetin polkovniki Kondukov, Dudarov və başqalarını aid etmək olar.

1855-ci il yanvarın 17-də İsrafil bəy Yadigarova polkovnik rütbəsi verilir. 1855-ci il dekabrın 10-da o, Qars hərbi dairəsinin rəisi təyin olunur. Lakin Tiflisə müalicəyə getdiyinə görə həmin vəzifəni qəbul edə bilmir.

Nizami orduda əla xidmətlərinə görə 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir. 1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, KürəkdərəQars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.

Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general-leytenant rütbəsi alır. Həmin il istefaya çıxır, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilir. Rusiya Mərkəzi Hərbi Tarix Arxivindən aldığımız rəsmi sənəddə general-leytenant İsrafil bəy Mustafa bəy oğlu Yadigarova məxsus "Xidmət dəftərçəsi"ndə onun döyüş yolu, ailə vəziyyəti, təltif olunduğu orden və medallar təfsilatı ilə göstərilib.

Sənəddə qeyd olunur ki, şərəfli bəylər nəslindən olan İsrafil bəy Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini müsəlmandır. İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1854-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1856-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (imperator tacının təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli "Müqəddəs Anna" (imperator tacının təsviri və qılıncla birgə), 1860-cı ildə "İyirmi illik qüsursuz xidmətinə görə" medalı ilə, 1863-cü ildə müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1869-cu ildə üçüncü dərəcəli "Müqəddəs Vladimir", 1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli "Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə" yazılı gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli xatirə medalları ilə təltif olunmuşdur.

Sənədlərdə o da qeyd olunur ki, general-leytenant İsrafil bəy Yadigarov Borçalı qəzasının Təkəli kəndində ikimərtəbəli dədə-baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan tikilmiş, hər bir şəraiti olan mənzilə malikdir. Bir neçə mağaza, bağ və Qırmızı körpü yanındakı Xorpuxis-Saneli, Kaziux-Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris-Aqek kəndləri və iki min desyatin torpaq sahəsi generala məxsusdur.

Generalın həyat yoldaşı rotmistr İsmayıl bəy Vəzirovun qızı Səidə xanımdır. General-leytenant İsrafil bəy 7 övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı il oktyabrın 8-də (əkiz olublar), Səkinə xanım 1843-cü il martın 27-də, Xeyranisə xanım 1850-ci il dekabrın 23-də anadan olublar. Həyat yoldaşı və uşaqları islam dininə etiqad ediblər.

İstefaya çıxan general-leytenant İsrafil bəy ömrünün sonuna kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salan şöbənin rəisi vəzifəsində çalışmışdır.

General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir. Həmin il "Kavkaz" qəzeti (N 99) belə bir elan vermişdir: "İstefada olan general-leytenant İsrafil bəy Yadigarov fevralın 6-da vəfat etmişdir. Oğlanları yaxın qohum və tanışlardan xahiş edir ki, fevralın 8-də saat 12-də dəfndə iştirak etsinlər. Cənazə generalın Vorontsov küçəsindəki şəxsi mülkündən götürüləcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq".