İstehlak qiymətləri indeksi

İstehlak qiymətləri indeksi (İQİ) — istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstərici.

Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir.İstehlak qiymətləri indeksi (İQİ) müəyyən qədər sosial xarakterli bir indeks kimi xarakterizə olunmaqla yanaşı, makroiqtisadi proqnozların hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir. Bu indeks “müəyyən vaxt ərzində əhalinin qeyri - istehsal istehlakı üçün əldə etdiyi əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin dəyişməsini xarakterizə edir”.

Ümumiyyətlə, İQİ müyəən edilmiş məhsul və xidmətləri özündə birləşdirən səbətin cari və baza qiymətinin nisbətidir.

Respublikada İQİ-nin hesablanması üçün məsul orqan Dövlət Statistika Komitəsidir (DSK). Ümumiyyətlə, DSK-nın qiymət statistikası aşağıdakı tədbirləri əhatə edir.

- qiymətlər və onların dəyişməsi üzərində müşahidə;

- bazar konyukturasının dəyər göstəriciləri əsasında öyrənilməsi;

- ayrı-ayrı əmtəə bazarlarında qiymət dinamikasının öyrənilməsi;

- inflyasiya prosesinin və əhalinin həyat səviyyəsinin göstəricisi kimi qiymətintəhlili;

- makroiqtisadi göstəricilər baxımından qiymətlərin öyrənilməsi.

Bu tədbirlər üzrə qiymətlər aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir:

1.       Əmtəə və xidmətlərin təyinatından asılı olaraq:

-        material - texniki ehtiyatların qiymətləri; -

-        istehlak mallarının qiymətləri;

-        istehsal təyinatlı (məsələn, yükdaşımalar) xidmətlərin tarifləri; -

-        əhalinin istehlak xidmətlərinin (məişət və kommunal, nəqliyyat və rabitə, turizm və ekskursiya, mədəniyyət müəssisələrinin xidmətləri və s.));

2.       Sahə əlamətlərinə görə:

-        sənaye məhsullarının qiymətləri;

-        kənd təsərrüfatı məhsullarının qiymətləri;

-        tikintidə qiymətlər;

-        ticarətdə qiymətlər;

-        istehsal və qeyri-istehsal təyinatlı xidmətlərin tarifləri;

3. Əmtəə xidmətləri sferası üzrə.

Göründüyü kimi, İQİ bir istiqaməti təşkil edir. Buraya müşahidənin coğrafi hüdudlarının seçimi; ticarət və xidmət sahələrində baza müəssisələrin seçilməsi; təmsilçi mal və təmsilçi xidmətlərin seçilməsi; pullu xidmət tariflərinin və mal qiymətlərinin qeydiyyatı; istehlak bazarının qiymət indeksinin hesablanması üçün çəkilər strukturunun formalaşdırılması; istehlak qiymətləri indeksinin hesablanmsı; mal və xidmətlərin orta qiymətlərinin (tariflərinin) hesablanması mərhələləri aiddir.

İQİ-in hesablanması aşağıdakı mərhələləri əhatə edir:

Müşahidənin təşkili. DSK qiymətlər üzrə məlumatları iki mənbədən – istehlak bazarında qiymət və tariflərin dəyişməsi üzərində statistik müşahidədən və əhalinin istehlakı, gəlirləri və xərclərinin seçmə üsulu ilə müşahidə formalarından biri olan büdcə müayinələrindən toplayır.

Ərazinin seçilməsi. Respublikada qiymətlərin qeydiyyatı və statistik müşahidəsi reprezentativ olaraq seçilmiş dairələr (ərazilər) üzrə aparılır.

Baza müəssisələrinin seçilməsi. Seçilmiş regionlar üzrə ticarət və xidmət sahələrindəki baza müəssisələrinin seçimi aparılır. Qeydiyyat üçün müxtəlif ticarət şəraitinə malik olan və həm şəhərin mərkəzində, həm də şəhər ətrafında yerləşən iri, orta, kiçik ticarət müəssisələri və xidmət təşkilatları seçilib götürülür. Ticarət və xidmət sahələrinin baza müəssisələrinin seçilməsi vergi müfəttişliklərinin, mülkiyyətin idarə edilməsi üzrə komitələrin və digər idarəedici təşkilatların məlumatlarından istifadə edilməklə aparılır.

Mal və xidmətlər dəstinin seçilməsi. Qiymətlərin qeydiyyatı Azərbaycan Respublikasında əhali tərəfindən daha tez-tez istehlak edilən vahid təmsilçi əmtəə (xidmət) dəsti üzrə (Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən) aparılır. İQİ-nin hesablanması üçün istehlak “səbətinin” əsas xüsusiyyəti onun formalaşmasının elastikliyindən ibarətdir. Mal və xidmətlər dəstinə (istehlak “səbətinə”) reprezentativ olaraq həm kütləvi istehlak tələbatına malik olan mal və xidmətlər, həm də istifadəsi mühüm olmayan ayrı – ayrı mal və xidmətlər (zərgərlik və xəz məmulatları, minik avtomobillərinə texniki xidmət göstərilməsi və s.) daxil edilir.

Qiymətlərin qeydiyyatı. Qiymətlərin qeydiyyatı konkret mal və xidmət növləri üzrə aparılır. Hər bir mal və xidmət üçün ayrıca qeydiyyat jurnalı doldurulur. Qeydiyyat üçün əmtəənin azad satışda olan faktiki qiyməti (güzəştli şərtlərlə satılan mallar nəzərə alınmamaqla) götürülür. Qiymətə ƏDV, aksizlər və digər dolayı vergilər daxil olur. Konkret məhsul üçün olan hər bir jurnalda bir neçə qiymət qeydiyyata alınır ki, bu da onların orta kəmiyyətini müəyyən etməyə imkan verir. Məhsulun orta qiyməti çəkili orta cəbri kəmiyyət kimi müəyyən edilir. Seçilmiş malın və ya xidmətin yoxa çıxması zamanı onlar əvəz edilir. Ticarət müəssisəsində məhsulun daha uzun müddət ərzində yoxa çıxması zamanı həmin məhsul müşahidədən çıxarılır. Qiymət və tariflərin müşahidəsi və qeydiyyatı əhaliyə göstərilən pullu xidmətlərin aşağıdakı növlərinə əsasən aparılır:

1) məişət;

2) mənzil –kommunal təsərrüfatı;

3) mədəniyyət;

4) pullu təhsil;

5) sərnişin nəqliyyatı və rabitə;

6) turist-ekskursiya;

7) səhiyyə;

8) sanatoriya - kurort və sağlamlıq;

9) hüquq müəssisələri və bank müəssisələri;

10) bədən tərbiyəsi və idman.

Pullu xidmətlərin alt sahələrinə (növlərinə) sosial əhəmiyyəti və istehlak xarakteri nəzərə alınaraq mövcud xidmət növünün reprezentativliyini təmin edən təmsilçi xidmətlərin nomenklaturası daxil edilir.

İstehlak Qiymətləri İndeksinin hesablanması. Əhalinin istehlak xərcləri: İstehlak dəstinin ayrı-ayrı bəndlərinin xüsusi çəkisini müəyyən etmək üçün pərakəndə ticarət dövriyyəsinin strukturu, ayrı-ayrı məhsul növlərinin istehsalı, ekspert qiymətləndirmələri haqda məlumatlar və digər mənbələrdən istifadə edilir. Əhalinin istehlak xərclərindən investisiya və yığım məqsədilə istifadə edilən mal və xidmətlərin, real bazar qiyməti olmayan mal və xidmətlərin (fərdi həyətyanı təsərrüfatlarda istehsal edilən kənd təsərrüfatı məhsullarının şəxsi istehlakı zamanı) dəyəri çıxılır. İstehlak xərclərinə gəlir vergisi, əmanətlər, sığorta xərcləri, pensiya fonduna ödəmələr, investisiya xərcləri daxil edilmir. İstehlak dəsti ərzaq malları; qeyri ərzaq malları; əhaliyə göstərilən pullu xidmətlərə bölünür.

İQİ-ni hesablamaq məqsədilə iqtisadiyyatda Laspeyres, Paaşe, Fişer kimi düsturlar mövcud olsa da demək olar ki, bütün nəzəri və praktiki ədəbiyyatlarda məhz Laspeyres indeksindən istifadə edilməsi tövsiyə olunur. Paaşe və Fişer indekslərinin nə üçün istehlak qiymətləri indeksinin müəyyən edilməsində istifadə edilməsinin məqsədəuyğun olmadığını izah etməzdən əvvəl onların hesablanması qaydasını da nəzərdən keçirək.

Paaşe indeksi cari dövrdə mövcud olan əmtəə və xidmətlərin cari qiymətləri ilə həmin əmtəə və xidmətlərin keçən dövrdəki və ya baza dövründəki qiymətləri ilə müqayisəsini ifadə edir.

Bu o deməkdir ki, Laspeyres indeksindən fərqli olaraq, Paaşe indeksi sabit əmtəə və xidmətlər dəstinin iki dövr üçün qiymət müqayisəsini əks etdirmir. Buna görə də Paaşe indeksi çox zaman Ümumi Daxili Məhsulun (ÜDM) deflyatorunu hesablamaq üçün istifadə edilir.

ÜDM-in tərkibi olan istehsal olunmuş əmtəə və xidmətlər hər il dəyişir və buna görə də cari ildə istehsal olunmuş əmtəə və xidmətlərin qiymət indeksini hesablamaq üçün Paaşe indeksindən istifadə edilir.

Fişer indeksi sadəcə olaraq, Laspeyres və Paaşe indekslərinin hasilinin kök altısıdır.

Qeyd edək ki, Fişer indeksi daha çox ölkədə ümumi qiymət indeksini və ya inflyasiyanı ifadə etmək üçün istifadə edilir. Yəni Fişer indeksi vasitəsilə İstehlak Qiymətləri İndeksi ilə ÜDM-in deflyatoru ümumiləşdirilərək ölkə üçün ümumi inflyasiya səviyyəsi hesablanmış olur.

Azərbaycanda İQİ Laspeyres düsturunun modifikasiyası əsasında hesablanır. Laspeyres düsturu cari dövr qiymətlərinin bazis dövrünə nisbətindən istifadə etməyi nəzərdə tutur.

Amma hər bir məhsulun qiymətlərinin uzun müddətə görə müqayisəsi verilmiş məhsulların xarakteristikalarının dəyişməz qalması üçün sərt nəzarət tələb edir. Bu tələblərin cari vəziyyətdə - pərakəndə ticarətdə satılan məhsulların qeyri-stabil olması, onların bir-birini tez-tez əvəz etməsi, müəssisələrin özəlləşdirilməsi, qeyri-formal bazarların yaranması şəraitində tətbiqi çox çətindir. Buna görə də statistik təcrübədə hesablama üçün Laspeyres düsturunun modifikasiyasından istifadə edilir.

Laspeyres düsturunun modifikasiyası ondan ibarətdir ki, qiymət dəyişmələri ardıcıl qiymət müşahidələri əsasında ölçülür. Yəni hər bir dövrdə bazis çəkilər qiymət indekslərinin sonuncusuna vurulur. Bu cür yanaşma məhsul qrupları üzrə qiymət dəyişmələrinə müvafiq olaraq dəyər qiymətləndirmələrinin dəyişməsi zamanı çəkilərin natural əsasını sabit saxlamağa imkan verir.

Laspeyres düsturunun modifikasiya edilmiş forması üzrə İstehlak Qiymətləri İndeksi regional və respublika səviyyəsində hesablanır. Regional səviyyədə istehlak qiymətləri indeksinin hesablanması bir tərəfdən, ümumilikdə ölkə üçün məcmu indeksin hesablanmasının bir mərhələsi kimi, digər tərəfdən, verilmiş regionda istehlak mallarının qiymət xarakteristikaları üçün və həmin regionun iqtisadiyyatını idarə etmək üçün vacibdir.

Müşahidədə iştirak etmiş ərazilər üzrə qiymət indeksləri və ərazi çəkiləri əsasında ümumilikdə Azərbaycan Respublikası və region üzrə əmtəə və xidmətlər qrupunun, ayrı-ayrı məhsulların aqreqat qiymət indeksləri müəyyən edilir. Ərazi çəkisi kimi bu ərazinin əhalisinin sayı və ya respublika əhalisinin sayında müayinə edilən ərazinin əhalisinin xüsusi çəkisi götürülür.