Şəbəkə etiketi (network etiquette) – elektron yazışmalarda, şəbəkə konfranslarında, İnternetdə və texnika ilə iş zamanı (yazılmamış) davranış qaydaları. Hər bir şəbəkə ünsiyyəti üsulunun öz qaydaları vardır. Gənclər arasında çox geniş yayılmış gap (CHAT) xidməti ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir:
- İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.
- Özünüzü ağıllı göstərməyə çalışmayan. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Sadə və aydın məlumatlar göndərin.
- Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirsə, gapdan uzaqlaşmağınız daha yaxşı olar.
- Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.
- Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir və xuliqanlar, "ağzıyavalar" serverdən uzaqlaşdırılır.
- Qondarma addan (NICKNAME) istifadə edin, çünki gaplar qeyri-rəsmi ünsiyyət üçündür.
- Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.
- Gapa daxil olanda salamlaşın.
- Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki haqqınızda hövsələsiz, yaxud zəhlətökən təəssüratı yarana bilər. Ola bilsin, cavab bir az gec verilsin.
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.