Şəddad Cəfərov — Azərbaycan yazıçısı, ölkənin ilk poliqrafçı alimi.
Şəddad Cəfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Poliqrafçı alim |
Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə yetirmişdir.
Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir. Şəddat öz işində yeniliklər axtarmağa başlamış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi adını almışdır. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləmişdir.
1985-ci ildə Sov. İKP MK-nın göstərişi ilə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunmuş və bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirmişdir. Nəşriyyat direktoru olmaqla yanaşı, Ulyanovsk şəhərinin Lenin rayonunun deputatı seçilmiş və deputat qrupuna rəhbərlik etmişdir. O, həmçinin Vilayət Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü seçilmişdir. Ulyanovskda işlədiyi dövrdə bir alim kimi İqtisad Universitetində idarəetmədən mühazirələr də oxumuşdur. Ulyanovsk şəhərindəki məsul vəzifəsini, xüsusi hörmətə layiq olduğunu görərək onu Bakıda işləməyə dəvət edirlər, nəhayət, Şəddat müəllim 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdır, mətbuat və informasiya nazirinin köməkçisi işləməyə başlayır. O, nazirlikdə özünü istehsalatdan təcrid olunmuş kimi hiss edir və orada qərar tuta bilmir. 1991-1992-ci illərdə 3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha sonra "Göytürk" mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifəsində çalışmış, 2002-ci ildən etibarən Bakı mətbəəsi ASC-nin direktoru vəzifəsində işləyir.
Şəddat Cəfərov yaradıcı şəxs, mətbuat və informasiya mütəxəssisi, alim kimi ölkənin inkişaf etmiş dövlətlərin mətbuat sisteminə inteqrasiyasına səy göstərmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləmiş və onun dünyəvi şəxsiyyət kimi təqdim olunmasına çalışmışdır. 1992-ci ildə "Azərbaycan" nəşriyyatına rəhbərlik edən Şəddat Cəfərov o dövrdəki çətinlik və təzyiqlərə baxmayaraq, H.Əliyevin şəklinin "Naxçıvan yaşayır, döyüşür" kitabının üz qabığında dərc olunmasına nail olmuşdur. Həm də bədii yaradıcılıqla məşğul olan Ş.Cəfərovun "Balamirzə yazandı", "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Bəs təhqir olunmuş qalaq?", "Vəd" kimi hekayələri cəmiyyətdə baş verib reallıqları əks etdirir.
Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov "Vətən" nəşriyyatının direktoru, "Əkinçi" mətbuat cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır. Onun haqqında bir çox əsər və publisist yazılar dərc edilmişdir. Yazıçı-publisist Ağəddin Mənsurzadənin "Atalar üçdən deyib", Elşad Səfərlinin "Şəhərə tələsən qatar" kitabındakı poemalardan biri, Fatma xanım Həsənqızının "Acılı-şirinli günlər" kitabında, "Söz" jurnalı və "Nəbz" qəzetinin xüsusi buraxılışları və bu kimi dərgilərdə Şəddat Cəfərovun şəxsi, insani, humanist, siyasi vətənpərvərlik və s. keyfiyyətləri göstərilmişdir.
"Söz" jurnalının baş redaktoru, tanınmış qələm ustası Sevda Əlibəyli Şəddat Cəfərovu "Peşəsinin akademiki" adlandırmışdır. Onu "Poliqrafiya elminin ilk qaranquşu" (Sabir Rüstəmxanlı - şair, publisist, Milli Məclisin üzvü), "Torpağına, kökünə bağlı" (Dilrubə Camalova) məqalələrində hərtərəfli fəaliyyətini xüsusi qiymətləndirmişlər. Şəddat müəllim müxtəlif dünya ölkələrində poliqrafiya təcrübəsinin öyrənilməsi üzrə keçirilən konfranslarda (İran, Rusiya, Fransa, Almaniya, Türkiyədə) elmi məruzələrlə çıxış etmişdir.
Öz bilik, bacarıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirən Şəddat müəllim hazırda 3 saylı Bakı Mətbəəsində uğurla fəaliyyət göstərir.