Şəfəq Hüseynli

Şəfəq HüseynliAzərbaycan Milli Antidopinq Agentliyininen (AMADA) direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi[1], Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini[2], Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun (WADA EAG) üzvü[3].

Şəfəq Hüseynli
Şəfəq Tofiq qızı Hüseynli
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru
23 dekabr 2016 – hal-hazırda
Avropa Şurası T-DO HR Qrupunun sədr müavini
8 may 2019 – hal-hazırda
Avropa Şurası CAHAMA-nın gender bərabərliyi məruzəçisi
23 oktyabr 2019 – hal-hazırda
ÜADA-nın Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü
1 yanvar 2019 – hal-hazırda
ÜADA-nın Təhsil Komitəsinin üzvü
1 yanvar 2020 – 31 dekabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseynli Şəfəq Tofiq qızı 31 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rus və İngilis dillərini bilir, 2 övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2007–2016-ci illərdə idman və sağlamlıq üzrə konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğul olaraq şirkət idarə edirdi.

2016-cı ildən etibarən Şəfəq Hüseynli Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru vəzifəsinə təyin edilmiş və ölkə ərazisində ona həvalə edilmiş dopinqlə mübarizə siyasətinin həyata keçirilməsinə başlamışdır. Fəaliyyəti zamanı AMADA-da dürüstlük, şəffaflıq, qərəzsizlik və hesabatlılıq prinsiplərinə əsaslanan Ümumi Keyfiyyət İdarəçiliyini tətbiq etmişdir.

2018-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya Gündəliyi 2020" Komissiyasına antidopinq üzrə ekspert qismində cəlb edilmişdir.

Dopinqlə mübarizə fəaliyyətinə başladıqdan sonra, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2019-cu ildən etibarən Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü seçilmiş[3] və Ümumdünya Antidopinq Agentliyinin milli antidoping qurumları üzrə təlimatların və strategiyaların hazırlanmasında iştirak etməyə başlamışdır. Həmin ildə Belarusiyanın Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunlarına Ümumdünya Antidopinq Agentliyi tərəfindən müstəqil müşahidəçi kimi seçilmiş[4] və həmin Oyunların Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən keçməsinin monitorinqini həyata keçirmişdir.

Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu və YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının Tərəflərin Konfransında Azərbaycanın nümayəndə heyəti qismində iştirak edən Şəfəq Hüseynli, beynəlxalq müstəvidə antidopinq üzrə qurumların fəaliyyətində aktiv işitrak edərək AMADA-nı peşəkar və qabaqcıl təşkilatlardan biri kimi tanıtmışdır.

Məhz bu səbəbdən, 8 may 2019-cu ildə Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun iclası zamanı "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr muavini[2] və 24 oktyabr 2019-cu ildə Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) iclasında CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi seçilmişdir[1].

2019-cu ilin dekabr ayında Avropa Şurası tərəfindən Antidopinq Konvensiyasına uygunluğun yoxlanılması məqsədilə qiymətləndirmə qrupunun üzvü seçilmişdir və Avropa ölkəsinin monitorinqində iştirak etmişdir.

23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin "Tədris-Metodiki Şurası"nın üzvü seçilmişdir.

2020-ci il ərzində Ümumdünya Antidopinq Agentliyinin Təhsil Komitəsinin üzvü seçilmiş və Agentliyin təhsil üzrə inkişaf istiqamətlərinin hazırlanmasında iştirak etmişdir[5].

Beynəlxalq layihələri[redaktə | mənbəni redaktə et]

İnsan hüquqları üzrə[6][redaktə | mənbəni redaktə et]

Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini seçildikdən sonra, Şəfəq Hüseynli dünyada antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsinin araşdırılması və bu istiqamətdə tədqiqatların aparılması üçün ilk irimiqyaslı beynəlxalq layihənin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmiştir. Həmin layihə Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun 17–18 dekabr 2020-ci il tarixində keçirilən 52-ci iclasında təqdim edilmiş və bütün iştirakçı dövlətlər bu təşəbbüsü müsbət qarşılamışdır. Öz növbəsində Avropa Şurası layihəni dəstəkləyərək, Şuranın əsas dəyərlərindən olan insan hüquqlarının qorunması istiqamətində bu layihənin gələcəkdə atılacaq addımlara mühüm töhfə olmasını vurğulamış və bütün ölkələri layihədə iştirak etməyə çağırmışdır.

Şəfəq Hüseynlinin rəhbərlik etdiyi bu layihənin nəticəsində bütün dünyada idmançıların ədalətli dinləmələrə çıxışının və qərarların qərəzsiz və müstəqil qaydada qəbul edilməsinin hansı dərəcədə olması müəyyən edilərək antidopinq icraatlarının boşluqları və uyğunsuzluqlarını müəyyən ediləcək və Avropa Şurasının bu sahədə dövriyyə etdiyi ədalətli dinləmə üzrə tövsiyəvi sənədin tətbiqinin həyata keçirilməsini monitorinqi aparılacaqdır. Layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox Milli Antidopinq Təşkilatlarını, habelə Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi və Avropa İttifaqının idmançı təşkilatları, və müxtəlif ölkələrdən olan idmançılar əhatə edir. Tədqiqat üzrə yekun hesabat Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun 2021-ci ilin sonunda keçiriləcək icrasında təqdim ediləcəkdir.

Gender bərabərliyi üzrə[7][redaktə | mənbəni redaktə et]

Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi seçildikdən sonra, Şəfəq Hüseynli antidopinq sahəsində bu istiqamətdə fəaliyyətə başlayıb. 2021-ci ilin mayın 10–11-də CAHAMA-nın 53-cü iclasında Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması, gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini qeyd edərək hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmasını vurğulayıb.

Bununla bağlı, Şəfəq Hüseynli Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurasının müxtəlif dövlətlərarası qurumların və milli və beynəlxalq antidopinq təşkilatları arasında gender balansı haqqında məlumatın və daxili qaydaların təhlil edilməsi və Avropa Şurasının strateji prioritetlərindən hesab edilən gender bərabərliyin antidopinq sahəsində gücləndirilməsidir. Layihənin əhəmiyyətli və vacib olduğunu nəzərə alaraq, Avropa Şurası həmin layihənin birgə həyata keçirilməsini təklif edərək layihəyə qoşulmuşdur.

Üzv olduğu beynəlxalq cəmiyyətlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Avropa Şurası, Gender bərabərliyi məruzəçiləri siyahısı". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  2. 1 2 "Avropa Şurası, Monitorinq Qrupu". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  3. 1 2 "Ümumdünya Antidopinq Agentliyi". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  4. "Ümumdünya Antidopinq Agentliyi, Müstəqil Müşahidəçi Proqramı". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  5. "Ümumdünya Antidopinq Agentliyi, Təhsil Komitəsi görüşünün protokolu" (PDF). 2021-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-23.
  6. "AMADA, Media yayımı". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  7. "AMADA, Media yayımı". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]