Şəmistan Əyyubov

Şəmistan Mahmud oğlu ƏyyubovAzərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur.[1]

Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dağ Kəsəmən, Qazax qəzası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Həyat yoldaşı Pəri Abdulla qızı Əyyubova
Dini Şiə İslam

Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb.

Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi. Xalq Komissarları Şurası tərəfindən daima təqib edilirdi. Nəhayət Şəmistan Əyyubov, Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edilib. 3 aylıq həbsdən sonra azad olunsada, "şübhəli ünsür" kimi partiyadan uzaqlaşdırılıb.[2] Lakin 1937-ci ilin qara günləri komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçilik fəaliyyətlərində günahlandırır və birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubov güllələnir. Güllələndikdən sonra, SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə, Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır[3]) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətində azadlıqdan məhrum edilir.

Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saxlanan koloniyaya göndərirlər.[3]

  1. Carçıyev, Sərxan. Bir kəndin repressiyası (PDF). Nərmin Yayın Evi. 2018. 34–37. 2021-04-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-19.
  2. Rüfət Soltan. "Sarı Şəmistan niyə güllələndi? – 37-nin daha bir cavabsız sualı". publika.az (az.). 23.03.2017. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.03.2021.
  3. 1 2 Xəyalə Muradlı. "40 ilin "Yeddi oğul"u". lent.az (az.). 21.04.2010. 18.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2016.