Şəmsəddin Aydoğmuş — Atabəy Cahan Pəhləvanın məmlüklərindən olmuşdur. Mərkəzi və Şərqi İranı ələ keçirərək Atabəy Özbəyi sultan elan etmişdir. Özünü Özbəyin atabəyi elan edən Aydoğmüş bir müddət Əcəm İraqında faktiki hakimiyyəti ələ keçirmişdi.
1196-cı ildə Əcəm İraqını tamamilə işğal edən xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.[1]
Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203-1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.[2]
Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi.[3]
1210-cu ilə qədər İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər.[4]