Şəmsi İmanov

Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov — Azərbaycan mahir klarnet ifaçısı

Şəmsi İmanov
Şəmsəddin İbad oğlu İmanov
Doğum tarixi 2 iyul 1930(1930-07-02)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1997(1997-07-03) (67 yaşında)
Fəaliyyəti musiqiçi

Şəmsi İmanov 1930-cu il iyulun 2-də Şuşada anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti vardı. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olmuşlar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət etmişdi. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçür. Atası ona musiqi təhsili verə bilməsə də, bu yoldan çəkindirməyə də bir o qədər səy göstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə — "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" — deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırır. Mahir ifaçı kimi ad çıxarmış kəndin və ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edir. Hər iki dostun ilk sənət müəllimi də elə Kərim Şərifin özü olur. Klarnet, balaban ifaçılığına olan sonsuz maraq hər iki dostu bir-birinə daha sıx bağlayır. Dostlar müntəzəm olaraq bir-birinin evinə gedər, yorulmaq bilmədən məşq edərdilər. Çox qısa zamanda öz fitri istedadı və qabiliyyəti sayəsində gənc Şəmsəddin bir ifaçı kimi özünü təsdiqləyir. Ara-sıra kənd camaatı onu da toy-nişan şənliklərinə dəvət edir. Yenicə tanınmaqda olan gənc sənətçi çox çəkmir ki, 1950-ci ildə hərbi xdmətə çağırılır. Lakin hərbi hissədə də sevimli alətindən əl çəkmir. Hərbi hissənin nəfəsli alətlər orkestrində çalışır. Not savadı olmasa da, orkestr rəhbəri gəncin fitri istedad və qavrama qabiliyyətini, eləcə də peşəkar ifaçılığını nəzərə alaraq bir çox əsərlərin solo ifaçısını Şəmsəddinə tapşırır. Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən bir çox müsabiqə və festivallarda Şəmsəddin İmanov uğur qazanaraq hərbi hissə komandanlığının fəxri fərman və təşəkkürnamələrini alır. Notlu əsərlərlə yanaşı, ona ən çox populyarlıq gətirən milli musiqi, xalq mahnıları ifaçılığı olur. 1952-ci ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad klarnet ifaçıları ilə tanış olur. Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalov və digər tanınmış klarnet ifaçılarının lent yazılarına dönə-dönə qulaq asıb. Hər xırda xalı, nəfəsi öyrənməyə cəhd edir.

Günü-gündən sənətdə püxtələşən Şəmsəddin İmanov sənətdə arxayınçılığa yol vermir. Musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb, örnək olur. "İzlə gedənin izi qalmaz" — deyə düşünən gənc ifaçı bu ifalardan çox şeyi əxz etsə də, həyatda öz yolunu, öz çalğı üslubunu tapmağa çalışır. Gənc ifaçının xoş əks-sədası tezliklə Bakıya da gəlib çatır. Və o, ilk dəfə olaraq 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alır. O günü onun ifa etdiyi "Kolxoz rəqsi" və "Xançobanı" oyun havaları bədii şura tərəfindən razılıqla qarşılanaraq radionun qızıl fonduna daxil edilir. Sənətinə verilən belə yüksək dəyər gənc ifaçını daha da ruhlandırır. Tez-tez radioda səsləndirilən bu ifalar onu bütün respublikaya tanıdır. Bu ifalar çeviklik və oynaqlığı ilə digər çalğılardan seçilir. Və ilk dəfə olaraq xalq ona Şəmsi, çaldığı üsluba isə "Şəmi yolu" adını verir. Bu yolun davamçıları günü-gündən artır. Onlardan biri də aramızdan vaxtsız getmiş, sağlığında elə Şəmsi qədər hörmət və şöhrət qazanmış xalq tərəfindən sevilən Əşrəf Əşrəfzadə olur. Sonralar bu yolun davamçıları İsrafil Əzimov, Məmmədağa Umudov, Hacı Həmidoğlu və bir çox digər ifaçılar olur. Təkcə bənzərsiz ifasıyla deyil, ailəyə, sənət dostlarına olan sədaqəti ilə də ad qazanmış Şəmsi İmanov uzun illər Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və digər sənətkarlarla yaradıcılıq əlaqələri saxlasa da, özünü təsdiq edən gündən daha çox Abbas Abbasov (qarmon), Mübariz Atayev (balaban) Məmməd və Hüseynağa Mirzəyev qardaşları (nağara) ilə sənət dostluğu saxlamış və ömrünün sonuna kimi bu dəstəyə rəhbərlik etmişdir.

Az müddət — cəmi bir il sonra, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunan Şəmsi İmanov "Bayatı-Şiraz" muğamı və "Vağzalı" havasıyla hamını heyran edir. Bu gün radionun fondunda şöhrətli sənətkarın müxtəlif illərdə lentə alınmış "Tiflisi", "Bakı", "Qazağı", "Tərəkəmə", "Dostluq", "Sülh" rəqsləri və digər oyun havalarıyla yanaşı özünün bəstələdiyi "Bəxtiyarı", "Şəbnəmi", "Mərdəkanı", "Sabirabadı", eləcə də əziz qardaşı Arifin xatirəsinə həsr etdiyi "Arifi" kimi rəqslərilə bərabər çoxsaylı bəstəkar və xalq mahnıları, ulu muğam sənətinın nümunələri — "Cahargah", "Segah", "Bayatı-Şiraz" hörmətlə qorunub saxlanılır. Şəmsi sənətinin fanatları tərəfindən radionun fonduna 220 dəqiqəlik toy ifaları da təqdim edilmişdir. Şəmsi İmanovun yaradıcılığında önəmli yer tutan illərdən biri də 1960-cı il olur. Həmin ildə ailə qurur, elə həmin ildə Bakıya köçür, Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində Ağası Məşədibəyovun rəhbərlik etdiyi "Azərbaycan təranələri" ansamblına solist-ifaçı kimi işə qəbul edilir. Dövrün ən ustad ifaçıları Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Aşıq Pənah, Aşıq Şakir, İldırım Həsənov, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tələt Qasımov və digər xanəndələrin tərəf-müqabili olaraq konsert və qastrol səfərlərində onları müşayət edir. 60-cı illərin sonunda ustad sənətkar radioda olan lent yazılarını bir daha yeni nəfəs və üslub çalğısıyla daha da təkmilləşdirərək tam yeni ifa tərzində lentə aldırır.

1965-ci il xüsusilə yadda qalır. Radio komitənin sədri İsrafil Nəzərov görkəmli xanəndə pedaqoq Seyid Şuşinskini son mənzilə yola salarkən ondan bir muğam parçası çalmağı xahiş edir. Sədrin sözündən çıxa bilməyən Şəmsinin göz yaşlarıyla ifa etdiyi yanıqlı "Segah"ın o günün iştirakçısı olmuş sənət dostları indi də xatırlayırlar. Daim tar-kamanla oxuyan Xan Şuşinski o gün bu ifaya dözə bilməyib yanıqlı bir "Qarabağ şikəstəsi" oxuyur.

1973-cü ildə Ümumittifaq "Melodiya" səsyazma studiyası Şəmsi İmanovun ifasında on iki musiqi nömrəsini vala köçürərək böyük tirajla SSRİ məkanında satışa çıxarır. Əl-əl gəzən bu valları çox qısa zamanda yayılaraq sağlığında özü gəzə bilmədiyi ölkələri dolaşır, İttifaq sərhədlərini aşır. Şəmsi İmanov sənətinə çox böyük dəyər verən Ərəbistan mətbuatı onun sənətini ölkənin ən hündür Şəmistan dağına bənzədir. O, öz bənzərsiz ifasıyla milli musiqimizin və ölkəmizin adını elə dağlar qədər də ucaldır.

Barmaqların yaratdığı möcüzələr, şirin çalğısı qəlblərə hakim kəsilir. Ustad sənətkarın ecazkar musiqisi təkcə toy və konsert salonlarında deyil, şəhərin park və xiyabanlarında da tez-tez səslənir. 1978-ci ildə Azərbaycan Konsert Birliyi yaradılarkən Filarmoniyanın əksər musiqi kollektivləri kimi Şəmsi İmanovun çalışdığı "Azərbaycan təranələri" ansamblı da birliyin tabeliyinə verildi, — deyə o günləri yada salan uzun illər "Azkonsert" Birliyinə rəhbərlik etmiş İldırım Qasımov Şəmsinin bütün konsertlərininin daim anşlaqla keçdiyini dedi. Adı ansambl tərkibində olsa da, konsertlərdə o daim solist kimi çıxış edərdi — deyə sözünə davam etdi. Təbiəti kimi musiqisi də çevik və oynaq idi. Belə adamlar daha çox sərbəstliyə meyil edirlər. Ansambl isə, özü demiş, onun üçün bir qəlib idi. O isə heç bir qəlibə sığan sənətkar deyildi. Bu gün ustad xanəndələrin çoxu gənclik illərində Şəmsi İmanovla birgə konsertlərdə çıxış etmələrini özlərinə şərəf bilirdilər.

Şöhrətli sənətkar haqqında, təəssüf ki, əlimizdə kifayət qədər çap olunmuş material yoxdur. Görünür, bu da onun ya həddən ziyadə təvazökar olmasından, ya da biz yazarların laqeydlik və biganəliyindən irəli gəlir. Nə yaxşı ki, dünya yaxşı insanlardan xali deyil. Şəxsiyyətinə və qələminə dərin hörmət bəslədiyim yazıçı, tanınmış publisist, AMEA-nın müxbir üzvü, professor Rəfael Hüseynovun radio üçün görkəmli sənətkarın ölümündən az əvvəl lentə aldığı müsahibəsi çox gərəyimizə gəldi. O, Şəmsi İmanovun həyat və yaradıcılığı ilə bağlı bəzi məqamları açıqlamağa çalışıb. Digər az əhəmiyyət kəsb etməyən məlumatları isə istedadlı klarnet ifaçısı, vaxtilə Şəmsi İmanov sənətindən bəhrələnmiş Hacı Həmidoğlundan öyrəndik.

1987-ci ildən başlayaraq, Şəmsi İmanovun səhhətində müəyyən fəsadlar müşahidə olunur. Barmaqları fəaliyyətindən qalmağa başlayır. Ölkənin ən tanınmış təbibləri müalicə üçün Almaniyaya getməyi məsləhət görsələr də, çox təəssüf ki, irəli düşüb bu işi öhdəsinə götürən nə imkanlı şəxslər, nə də aidiyyəti olan qurumular tapılır. Daim sənət meydanında üzdə olan sənətkara daxilində çağlayan melodiyaları ifa edə bilməməsi çox əzab verir. Lakin o, nə zəmanəni, nə də həkimləri qınayır. — "Bu mənim alın yazımdır, bunu belə yaşamalıyam" — deyə taleyi ilə barışır. Onun daxilində qəmli bir ney çalınırdı. Barmaqlarının hərəkətsiz qalması onu həm fiziki, həm də ruhən sarsıdırdı. Tanınmış alim Rəfael Hüseynovun müsahibəsinin sonunda: — Əgər bir daha imkan olsaydı, son dəfə hansı havanı ifa edərdiniz? — sualına Şəmsi bir an fikirləşmədən — "Sabah gəlin köçəcək qız-gəlinlərimizə — "Vağzalı çalardım" — demişdi. Nə yazıq ki, sənətkarın bu arzusunun reallaşması üçün Tanrı ona həyat sevgisi ilə dolu ürək versə də, onu ifa edə biləcək barmaqları vermədi. 1995-ci ildə sentyabarın 29-da, yaxın qohum-əqrəbası və sənət dostlarının iştirakı ilə sevimli sənətkarın anadan olmasının 65 illik yubiley tədbiri keçirirlər. Yubiley tədbirində respublikanın tanınmış elm, sənət adamları iştirak edir. Tədbir həvəskarlar tərəfindən lentə alınsa da, təəssüf ki, bu gönümüzə gəlib çatmayıb. İki dəfə infarkt keçirən sənətkar möhtəşəm yubiley tədbirindən iki il sonra elə özünün növbəti ad gününün səhəri 1997-ci il iyul ayının 3-də dünyasını dəyişir. Əslində bizdən ayrılan onun yalnız cismi oldu. Özü isə əfsanəyə dönüb qəlblərdə əbədi məskən saldı.

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]

Xalq artisti Əlibaba Məmmədov: — Şəmsi İmanov öz ifasıyla musiqimizə bir şuxluq gətirdi. Görünür, bu da onun həyatda çevik və nikbin olmasından irəli gəlirdi. Onunla çox toylarda bir yerdə çıxış etmişəm. Bəzən xanəndə səsi yerində olmayanda, o, tar çalandan simi yarım ton bəm kökləməyi xahiş edir. Həmin tonallıqda çalmaq naşı klarnetçalan üçün çətinliklər yaradır. Lakin Şəmsi üçün bu, heç vaxt çətinlik yaratmırdı. Güclü nəfəsi olduğu qədər də güclü dodaq sıxmaları vardı. Məhz bu sıxmaların sayəsində ifaçı istədiyi notu və tonallığı ala bilirdi. Onun çalğısında heç vaxt falş not olmazdı. Şəmsi novator-sənətçi kimi də tarixdə qalacaq. O, klarnet ifaçılığına yeni səs, tembr və ifa tərzi gətirib. Yol çəkmək nə qədər savabdırsa sənətədə iz qoymaq bir o qədər çətin və şərəflidir.

Xalq artisti Canəli Əkbərov: — Şəmsi İmanovun sənətinə qiymət vermək üçün tək bir "Vağzalı"sına qulaq asmaq kifayətdir. Onun çalğısında qeyri-adi nəfəs çalarları, ifa mədəniyyəti vardı. Sənətdə çox az adam olardı ki, onun adı toy dəvətnaməsinə yazılsın. Şəmsi də belə sənətkarlardan idi. Bu, ilk növbədə xalqın sənətkara olan rəğbətindən irəli gəlirdi. Onunla çox toylarda olmuşam. Sevinirəm ki, belə bir sənətçi ilə bir dövrdə yaşayıb, bir səhnədə çıxış etmişəm. Ruhu şad olsun.