"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İmanquliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problematikası üzrə tədqiqatları davam etdirmək məqsədilə Azərbaycan Universitetinin nəzdində yaradılmışdır[1].
Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avropanın, Şərq ilə Qərbin qovşağında yerləşdiyi kimi öz mədəni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb mahiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir.
Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi zamanın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkirlərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat obyekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mühüm tərkib hissəsi idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə tədqiqatçı 1994-cü ildən başlayaraq Azərbaycan Universiteti nəzdində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Universitetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə başlayan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Universitetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri namizədi Dünyamalı Vəliyevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəbşünaslar Ələsgər Məmmədov və Zahid Hüseynovu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı.
Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğrafiyaşünas Budaq Budaqovun Mərkəzin fəaliyyətində iştirakı Şərqlə-Qərb arasında elmi və iqtisadi əlaqələrin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olunması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bünyadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybullayevin, Adil Məmmədovun, Tamilla Məmmədovanın və s. Mərkəzə üzv seçilməsi də təsadüfi deyildir. Çünki Mərkəzdə Şərq və Qərb sivilizasiyaları arasında əlaqənin tarixi kökləri, qədim ipək yolunun bu prosesdə oynadığı rol, ellinizm və Qafqaz, İslam və Xristianlıq və s. problemlər üzrə məqsədyönlü araşdırmalar aparılması tarixçilərin iştirakını zəruri edirdi. Kulturoloq Fuad Məmmədovun, fizik Şahlar Əsgərovun, psixoloq Əbdül Əlizadənin, həkim Nurəddin Rzayevin iştirakı Mərkəzdə qoyulan problemlərin rəngarəngliyini və əhatə dairəsini genişləndirməyə, Şərq-Qərb probleminin bütün aspektlərini əhatə etməyə şərait yaratdı. Xüsusən dünya şöhrətli cərrah, habelə tarixçi və ədəbiyyatşünas, «Varlıq» dərgisinin naşiri professor Cavad Heyətin müntəzəm surətdə Bakıya gələrək müzakirələrdə iştirak etməsi keçirilən tədbirləri daha da canlandırır, Mərkəzin gənc üzvlərinin dünyagörüşünün daha da genişlənməsinə, bu problemlər üzrə daha hərtərəfli biliklər əldə etmələrinə imkan verirdi.
Şərq ilə Qərb arasında ədəbi-bədii əlaqələrin öyrənilməsi bu Mərkəzin ideya müəllifi olan Aida xanım İmanquliyevanın yaradıcı irsinin bilavasitə davam etdirilməsinə yönəldilmişdir. Akademik Kamal Talıbzadənin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və professor Əmirxan Xəlilovun ədəbi əlaqələr sahəsində çıxışları Mərkəzin əsas mövzuları sırasında olmuşdur.
Bütün bu müxtəlif ixtisas sahiblərinin bir araya gəlməsi və sinkretik səciyyəli problemlərin müzakirəsində, habelə bu mövzular üzrə aparılan tədqiqatlarda fəal iştirak etməsi ən çox filosofların inteqrativ funksiyası sayəsində mümkün olmuşdur. Mərkəzin rəhbəri professor S.Xəlilovla yanaşı müzakirələrdə akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları Camal Mustafayev, Yusif Rüstəmov, Zümrüd Quluzadə, Rəbiyyət Aslanova, Aydın Şirinov və s.-in fəal iştirakı təkcə Şərq və Qərb təfəkkür üsulları arasında deyil, həm də müxtəlif elm və ixtisas sahələri arasında əlaqənin təmin olunmasına və bu istiqamətdə tədqiqatlar aparılmasına rəvac vermişdir.
1997-ci ildən başlayaraq tədqiqat mərkəzi özünün jurnalını dərc etməyə başlamışdır ki, bu da aparılan müzakirələrin və görülən tədbirlərin mətbuatda operativ surətdə işıqlandırılmasına imkan vermişdir. «İpək yolu» jurnalı ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi aspektləri əhatə etməklə Şərqlə Qərb arasında dialoqun hərtərəfli işıqlandırılmasına xidmət edir. Jurnalda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kurs müntəzəm surətdə işıqlandırılır. Qloballaşmanın iqtisadi aspektləri, tarixi ipək yolunun bərpası, Avrasiya dəhlizinin, TRASEKA proqramının iqtisadi problemlərinin araşdırılması, neft strategiyası, «Əsrin müqaviləsi» və s. problemlər jurnalın aparıcı mövzularından olmuşdur. Bu mövzularla əlaqədar Mərkəzin üzvləri olan iqtisadçı alimlər akademik Asəf Nadirov, AMEA-nın müxbir üzvü Akif Musayev, jurnalın indiki redaktoru, Mərkəzin sədr müavini Dünyamalı Vəliyev, professor Əbülfəz Qasımov, professor Əli Əhmədov, iqtisad elmləri namizədi Mayıl Rəhimov və başqaları müntəzəm surətdə jurnalın səhifələrində çıxış etmiş və Tədqiqat Mərkəzindəki müzakirələrin elmi ümumiləşdirmələrini vermişlər.
Təəssüflər olsun ki, Mərkəzin fəaliyyət dövründə onun ən fəal üzvlərindən akademik Fəraməz Maqsudov, professor Ələsgər Məmmədov, AMEA-nın müxbir üzvləri Mahmud İsmayılov və Yaşar Qarayev, professor Qiyasəddin Qeybullayev dünyasını dəyişmişlər. Onların çıxışları və tədqiqatları indi də Mərkəzin üzvləri tərəfindən istifadə olunur və Mərkəzin ideya müəllifi Aida İmanquliyeva ilə yanaşı, onların da xatirəsi müntəzəm surətdə yad edilir.
Fəaliyyət dövründə tədqiqat mərkəzində həm Şərqin, həm də Qərbin görkəmli mütəfəkkirlərinin yubileyləri qeyd olunmuşdur. Dədə Qorqudun 1300 illik, Füzulinin 500 illik, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Şərq-Qərb problematikasına öz yaradıcılığında geniş yer vermiş Hüseyn Cavidin və Abdulla Şaiqin 120 illik yubileyləri, habelə Cəfər Cabbarlının və Karl Popperin 100 illik yubileyləri keçirilmiş və onlara həsr olunmuş kitablar buraxılmışdır. «Şərq-Qərb» Tədqiqat Mərkəzinin fəaliyyəti çərçivəsində bu Mərkəzin üzvlərinin də yubileyləri keçirilmiş, onların ixtisaslarına və tədqiqat problemlərinə uyğun elmi konfranslarla qeyd edilmiş, gənc tədqiqatçılar da bu konfranslara qatılmışlar. Ümumiyyətlə nəsillərin əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Tədqiqat Mərkəzinin üzvləri Universitetdə fəaliyyət göstərən «İstedad klubu»nun üzvləri ilə vaxtaşırı görüşlər keçirmiş, aktual problemlərin müzakirəsinə gənclər də cəlb olunmuşlar. Yazıçılardan Anarla, Məmməd Arazla, Zəlimxan Yaqubla keçirilən görüşlər həm də çağdaş Azərbaycan ədəbiyyatının aktual problemlərinin müzakirəsinə çevrilmiş və gənclər bu müzakirələrdə fəal iştirak etmişlər.
Tələbələrin, aspirantların dəyirmi masa ətrafında dünya şöhrətli alimlərlə, akademiklərlə eynihüquqlu üzvlər kimi əyləşməsi və polemikaya girməsi Mərkəzin fəaliyyətində ən əlamətdar məqamlardan biridir.
Tədqiqat Mərkəzinin əsas fəaliyyət formalarından biri də Şərq-Qərb problemləri üzrə görkəmli mütəxəssislər və ya bu problematika baxımından maraq doğuran şəxsiyyətlərlə görüşlərin təşkili olmuşdur. Fəaliyyət dövründə Amerikadan, Avropadan, İran, Türkiyə və digər Şərq ölkələrindən gəlmiş qonaqlarla görüşlər keirilmişdir. Onların arasında professor Həmid Nitqi (İngiltərə), professor Tadeuş Svətaçovski (ABŞ), professor Barri Sanders (ABŞ), professor İren Melikov (Fransa), professor Audri Alstadt (ABŞ), professor Rəhim Rəisniya (İran), professor Rəşad Gənc (Türkiyə), professor Masayuki Yamauchi (Yaponiya), professor Aleksandr Çumakov (Rusiya), professor Kənan Gursel (Türkiyə), professor Naidə Tovhidi (ABŞ) və s.-i xüsusi qeyd etmək istərdik. Bu görüşlərdə Şərq-Qərb əlaqələri ilə bağlı müxtəlif elmi problemlərin müzakirələri keçirilmişdir. Professor Cavad Heyətin (İran), professor Qulamrza Səbri Təbrizinin (İngiltərə) Mərkəzin daimi üzvləri kimi müntəzəm çıxışları da müzakirələrin daha canlı keçməsinə səbəb olmuşdur.
ABŞ-nin, Almaniyanın, Yaponiyanın, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, habelə digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşlər də böyük maraq doğurmuşdur.
Şərq və Qərb arasında dialoq ideyasının təbliğinə xidmət edən və bu məqsədlə iki ölkədə: Türkiyə və Rusiyada nəşr olunan «Dialoq Avrasiya (DA)» jurnalının baş məsləhətçisi Mustafa Armağan və redaktoru Nevval Sevindiklə, ABŞ-də nəşr olunan «Reforma» jurnalının baş redaktoru Feyruz Heyətlə, habelə rusiyalı jurnalist və tarixçi Murad Adca ilə görüşlər də tədqiqat mərkəzi üzvlərinin böyük marağına səbəb olmuşdur.
Mərkəzdə gənc tədqiqatçıların və jurnalistlərin iştirakı elmi nəticələrin daha geniş miqyasda yayılmasına və publisistik janrda ifadə olunmasına imkan yaratmışdır. Jurnalist Həmid Vəliyevin, Şərəf Cəlilinin mətbuatda və radiodakı reportajlar «Şərq»-Qərb» Tədqiqat Mərkəzinin əsas ideyalarının kütləviləşməsinə xidmət etmişdir. Aspirant və dissertantlardan bu problematika üzrə tədqiqat aparan Nərman Qocatürk, Tofiq Əhmədov, Könül Yusifova, Südabə Zeynalova, Gülşən Məmmədova və s.-in bu problem üzrə ilk tədqiqat əsərləri çap olunmuşdur. Hazırda tədqiqatlar uğurla davam etdirilməkdədir. Lakin Şərq-Qərb problematikasının genişliyini, siyasi və mədəni-mənəvi əhəmiyyətini nəzərə alaraq bu sahədə fəaliyyətin daha geniş bir qurum çərçivəsi daxilində davam etdirilməsinə və ölkəmizdəki bu səpkidə müxtəlif təşəbbüslərin Aida İmanquliyevanın adını daşıyan vahid elm və mədəniyyət kompleksində birləşdirilməsinə ehtiyac duyulmaqdadır.