Şahı

ŞahiAzərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi.

Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr. və ikiqat şahı – 18,72 qr. çəkidə sikkələr dövriyyəyə buraxıldı. Hakimiyyətdə gedən proseslər, yəni Şah İsmayılın işğallarının tam qələbələrinə qədər sikkə zərbi müəyyən fasilələrlə həyata keçirilirdi. Bu səbəbdən də 1511-1516-cı ilə qədərki 5 ildə zərb olunan sikkələr elmə məlum deyildir. Sikkə zərbi işi 1521-ci ildən yenidən bərpa olunur və artıq stabil olaraq 3 nominalda – yəni şahı – 7,56 qr, ikidə bir şahı (nimşahı) – 3,78 qr. və dörddə bir şahı – 1,98 qr. çəkisində dövriyyəyə buraxılır. Çəkilərdə olan bu remedium dəyişiklikləri, əslində dövlətdə – Çaldırandan sonra baş verən maliyyə məsələlərinin müsbət həllinə, gəlirlərin artırılmasına yönəlmişdi. Beləliklə, Səfəvilərin sikkələrinin ştempellərində bütün yazılar ərəb əlifbasının nəsx xətti ilə, nadir hallarda kufi ilə verilirdi.

Üz tərəfdə kəlmə – şiə formulası və 12 imamın adları çəkilirdi. Əks tərəfdə şahın adı bütün geniş titulları ilə zərbxananın yeri və ili (rəqəmlə) göstərilirdi. İntensiv işləyən zərbxana Təbrizdə idi. Təbrizdən başqa digər mərkəzi şəhərlərdə də zərbxanalar fəaliyyət göstərirdi. Ümumilikdə, bu zərbxanaların sayı 60-a çatırdı. Sikkə zərbində bəzən təkrar zərb göstəricilərindən – yəni xüsusi işarələrdən istifadə olunurdu. Deməli, heç bir qiymətli metalların çatışmazlığı yox idi.

Ümumiyyətlə, təkrar zərbdən alınan gəlir yeni sikkə zərbindən daha çox olurdu. Sikkə zərbi işində gəlir yeri ayrı-ayrı şəxslərdən alınan qiymətli metallardan hazırlanan sikkələr idi. I Təhmasibin uzun illik hakimiyyəti zamanı şahının çəkisi 5,17 qr. olaraq bir adda zərb edilir və 100 dinara bərabər tutulurdu. 1548/49-cu ildə şahının çəkisi tam 1 misqala qədər endi və 4,68 qr. Oldu. Xırda gümüş sikkələr bu zaman 20-lik və ya bisti adlanırdı və orta çəkisi 1,0 qr. idi. Yazılı məlumatlara əsasən, I Təhmasibin hakimiyyəti illəri zamanı dövriyyədə pul çatışmazlığı olurdu. Alimlərin fikrincə, xəzinəyə vergilərdən, cərimələrdən daxil olan çox böyük pullar ölü kapital kimi saxlanılırdı. Buna görə, də sikkə çatışmazlığı faktları ortaya çıxırdı. Eyni mənbələrə görə, şah Təhmasibin ölümündən sonra onun oğlu II İsmayıla 600 ədəd külçə, hər birinin çəkisi 3 min misqal olaraq 380 min tümən sikkə və ümumilikdə 20 ton qiymətli metal qalmışdı. Bununla da Təhmasibin zamanında işbazlar bazarda pul çatışmazlığının qarşısını almaq üçün "saxta" sikkələri də dövriyyəyə buraxmağa nail olmuşlar.