Şahin Tağı oğlu Səfərov (31 dekabr 1928, Qarabağlar, Naxçıvan MSSR – 15 noyabr 1995, Bakı) — Ədəbiyyatşünas, tənqidçi, Filologiya elmləri doktoru (1983), professor (1987), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991)[1], Azərbaycan Respublikasının əməkdar müəllimi. "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru (1972–1992), "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru (1993–1994), "Şəhriyar" qəzetinin redaktoru (1994–1995), Bakı Şəhər Sovetinin deputatı.
Şahin Səfərov | |
---|---|
Şahin Tağı oğlu Səfərov | |
Doğum tarixi | 31 dekabr 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1995 (66 yaşında) |
Vəfat yeri |
Şahin Səfərov 1928-ci ilin 31 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olmuşdur.[2] Atası Tağı Səfərov ərəb-fars dillərinin mükəmməl bilicisi idi, bu əcnəbi dilləri oğlu Şahinə də səylə öyrədirdi. Ziyalı mühitində formalaşan, valideynlərinin təsiri altında elmə, təhsilə yüksək maraq göstərən Ş. Səfərov yeniyetməlik dövründən həyat yolunu düzgün müəyyənləşdirmişdi. Orta məktəbi bitirdikdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təhsil alıb. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. Tələbəlik dövründə ayrı-ayrı qəzetlərdə məqalələrlə çıxış edən Şahin Səfərov "Xəzər dənizçiliyi" qəzetinin müxbiri olub.
Ali təhsilini başa vurduqdan sonra 1952–1958-ci illərdə Bakı şəhərinin 121 və 129 saylı orta məktəblərində ana dili fənnini tədris edib. 1958-ci ildən jurnalistlik fəaliyyətini "Azərbaycan müəllimi" qəzetində davam etdirib. Əvvəlcə qəzetdə ədəbi işçi, sonra şöbə müdiri, redaktor müavini vəzifələrində çalışan Şahin Səfərov yaradıcı keyfiyyətləri ilə əhatə olunduğu mühitin və cəmiyyətin diqqətini çəkib. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxunmaqla yanaşı, insanları düşündürüb, nəticə çıxarmağa sövq edib. Elmlə jurnalistikanın uğurlu vəhdəti oun zəmanəmizin mahir söz sənətkarlarından birinə çevirib.
"Azərbaycan müəllimi" qəzetində 20 il — 1972-ci ildən 1992-ci ilədək baş redaktor vəzifəsində çalışan Şahin Səfərov istedadlı qələm sahibi olmaqla yanaşı, həm də novator idarəçilik keyfiyyətlərinə malik qəzetçi olduğunu sübuta yetirmişdi. Sahə qəzeti kimi ixtisaslaşmış "Azərbaycan müəllimi" məhz onun redaktorluğu illərində respublika miqyaslı qəzetə çevrilmişdi, geniş oxucu auditoriyası qazanmış, dövrünün problemlərinə çevik, rasional və obyektiv yanaşması ilə fərqlənmək imkanı əldə etmişdi. 1937-ci ilin repressiya qurbanlarına həsr olunan silsilə məqalələr ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Şahin Səfərovun redaktorluğu illərində "Azərbaycan müəllimi" qəzetinin şöbələrinin sayı 3-dən 12-yə çatmış, qəzetin tirajı 14 dəfəyədək artmışdı.
O, Azərbaycan SSR və SSRİ jurnalistlər ittifaqlarının, həmçinin Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü, Bakı Şəhər Sovetinin deputatı olub. 1993-cü ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru, 1994–1995-ci illərdə "Şəhriyar" qəzetinin redaktoru vəzifələrində çalışıb.
Şahin Səfərov "Azərbaycan Respublikasının əməkdar müəllimi", "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adlarına layiq görülub, "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, "Əməkdə igidliyə görə" medalı ilə təltif olunub.
1995-ci il noyabrın 15-də Bakı şəhərində dünyasını dəyişən tanınmış publisist, alim və pedaqoqun fədakar əməyi dövlət tərəfindən layiqli qiymətini alıb.
Şahin Səfərov təkcə publisist və jurnalist deyil, həm də elmdə sözünü demiş alim kimi anılır. O, istedadlı qələm sahibi və filoloq-alim kimi bu sahədə bir sıra dəyərli tədqiqatların, elmi əsərlərin müəllifidir. Hələ 1969-cu ildə "Yuxarı siniflərin ədəbiyyat dərslərində şagirdlərin siyasi məfkurə tərbiyəsi" mövzusunda namizədlik, 1983-cü ildə isə "Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşdırılması" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edən Şahin Səfərov 1987-ci ildə professor elmi adına layiq görülüb.
Professor Şahin Səfərovun elmi yaradıcılığının əsas istiqamətlərindən birini də ədəbiyyatın tədrisi məsələləri təşkil edir. Onun "Ədəbiyyat dərslərində ideya-siyasi tərbiyəyə dair", "Ədəbiyyat dərslərində şagirdlərin elmi dünyagörüşünün formalaşması", "Ədəbiyyat tədrisi və yeni insan tərbiyəsi", "Ədəbiyyat tədrisi və məktəblilərin vətəndaşlıq tərbiyəsi", "Nizami Gəncəvi yaradıcılığının məktəbdə öyrədilməsi", "Ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir", "Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşması problemləri", "Şagirdlərin bədii təfəkkürünün inkişafı" və s. əsərlərində qabaqcıl məktəb təcrübəsi ümumiləşdirilib, ədəbiyyat tədrisinin aktual elmi-metodik problemlərinin nəzəri həlli verilib.
Tanınmış alimin yaradıcılığında dram və nəsr əsərləri də ideya məzmunu, mövzu orijinallığı ilə diqqəti çəkir. "Nizami sorağında", "Tələ", "Tərgül", "Nişan üzüyü", "Qu quşunun məhəbbəti" kimi lirik-emosional əhval-ruhiyyəli dram əsərləri bu baxımdan xüsusi maraq doğurur. Şahin Səfərov dram əsərlərini "Göy qurşağı" kitabında toplayaraq oxuculara təqdim edib. Onun "Bir payız günü", "Qarabağ şikəstəsi", "Mən hazır" və digər əsərlərində mənəvi problemlərə toxunulur.
Klassik Azərbaycan ədəbiyyatının mahir tədqiqatçılarından olmuş Şahin Səfərov ərəb və fars dillərini mükəmməl bilməsi hesabına bu sahədə də böyük nailiyyətlər əldə edib. Füzuli və Nizami yaradıcılığına dair sanballı tədqiqatlar ortaya qoyub. Azərbaycan şairlərinin zəngin irsinin araşdırıcısı kimi bir sıra beynəlxalq konfranslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Şərq ölkələrinin mətbuatında biri-birindən maraqlı məqalələrlə çıxış edib. 1992-ci ildə İran İslam Respublikasında Məhəmməd Füzulinin 500 illiyi münasibəti ilə keçirilən Beynəlxalq konfransda "Füzuli — 500" mükafatına layiq görülüb.