Şahingirey arxı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda orta əsrlərə aid tarixi abidə.
Şahingirey arxı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | YER |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Şəngiley və ya Şahingirey adlanan arx - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Naxçıvanda qəza rəisi olmuş Arim Pavloviç Şahingireyin (Şəngiley) çəkdirdiyi arxdır. Şahingirey 1870-ci ildə indiki Şərur rayonu ərazisində, Arpaçayın sol sahilindəki Böyük qır adlanan sahədə dövlətdən 24 il müddətinə 2 min desyatin torpaq icarəyə götürüb Arpaçaydan (30 km) oraya arx çəkdirmişdi. O, köhnə qəbiristanlıqları uçurmamış, arxın suyunu yeraltı tunellə axıtmışdır. Həmin tunellər indiyədək Dizə kəndində qalmaqdadır. Bu arxın tikintisi 1896-cı ildə başa çatmışdır. Arxın çəkilişinə o vaxtın pulu ilə 65 min manat sərf edilmişdir. Şahingirey (1819-1883) Bazarçayın suyunu Batabatdan tunel vasitəsilə Naxçıvana çatdırmaq üçün bir milyon manat dəyərində layihə də hazırlamışdı. Amma erməni rəqiblərinin mane olması üzündən banklardan kredit ala bilməmişdir. Ona görə də bu iş baş tutmamışdır. O, general-mayor II Kalbalı xan Naxçıvanskinin tapşırığı ilə Şahbuz rayonunun Kükü kəndi yaxınlığında sututar layihəsini də hazırlamışdı.[1]
Sututar 1865-ci ildə istifadəyə verilmişdi. Krım xanlarının məcburən xristianlaşdırılmış varislərindən olan A.P.Şahingirey hərbi təhsil alsa da, Naxçıvanda irriqasiya işləri ilə məşğul olmuş və Qafqazda çox varlı mülkədar kimi tanınmışdır. O, hərbi təhsil almış, ordudan tərxis edildikdən sonra, Pya tiqorskda və Tiflisdə, həmçinin Naxçıvanda yaşamışdır. Onun malikanəsi Şərur mahalındakı Şahingirey (sovet illərində Sovxozkənd) kəndində yerləşirdi. A.P.Şahingireyin həyat yoldaşı Emiliya Aleksandrovna Klinqenberq (1815-1891) ilə nikahından 1 oğlu və 1 qızı olmuşdur. Arim (bəzi mənbələrdə Akim) və Yevgeniya. Yevgeniyanın ər familiyası Kazminadır. O, 1943-cü ildə vəfat etmişdir. Akim Pavloviç Şahingirey 1883-cü ildə Tiflisdə vəfat etmiş və Pyatiqorskda dəfn olunmuşdur. Oğlu Arim Şahingirey Şərur mahalında su mühəndisi olmaqla bərabər, bağçılıqla da məşğul olmuşdur. O, 1901-ci ildə Peterburqda çap etdirdiyi "Şərur-Dərələyəz mahalında bağçılıq, üzümçülük, bostançılıq və kənd təsərrüfatının digər sahələri haqqında" adlı geniş məqaləsində bu torpaqda bitən meyvələr - ərik və şaftalı ağaclarının növlərindən söhbət açır. Arim Şahingirey 1913-cü ildə erməni icarədarı, milliyətcə assuri olan Mixail Cahanpoladovun (Canpoladov) adamları tərəfindən qətlə yetirilmişdir. Şahingireyin Şərur mahalındakı malikanəsi 1920-ci ilədək arvadı tərəfindən idarə edilmişdir.[1]