Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz.
Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur.
Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir.
1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı.
Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı. Lakin iştirakçılardan alınan cərimə böyük məbləğə çatmışdır. Bu da şahmatçıları müflis olmaq təhlükəsi qarşısında qoymuşdur.
Şahmat oyunlarının çox çəkməməsi üçün qum saatlarından istifadə olunmağa başladı. Uilsonun kəşfindən sonra isə görüşlərdə hazırkı saatlar işə düşdü. Qrossmeyster və ustalara 40 gediş üçün 2,5 saat verilir.
Neçə-neçə qiymətli görüşlərin seytnotun qurbanı olduğuna baxmayaraq, şahmat yarışlarını saatlar olmadan təsəvvür etmək olmaz.