Şahtaxtı travertini — Kremlin Qurultaylar sarayını, Ostankino televiziya mərkəzini, Moskva Dövlət Univeritetinin binasını bəzəmiş Naxçıvanın tikinti məhsulu. XX əsrin 60-70-ci illərində Naxçıvanda istehsal olunan travertinin şöhrəti bütün SSRİ miyasında geniş yayılmışdır. Naxçıvan MSSR-in 50 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabda biz bu sətirləri oxuyuruq:
“Yalnız respublikamızın deyil, Sovet İttifaqının bir sıra nəhəng tikililərində Naxçıvanın Şahtaxtı travertinindən geniş istifadə olunur. Ulyanovsk şəhərindəki Memorial Kompleks, Moskva Dövlət Universitetinin binası, Kremlin Qurultaylar sarayı, Moskvadakı Naməlum əsgərin qəbri, Ostankino televiziya mərkəzinin, Qarşılıqlı İqtisadi Yardım Şurasının binası, Moskvadakı “Rossiya” mehmanxanasıvə bir çox başqa tikintilərin bəzək işlərində Şahtaxtı traveretinindən istifadə edilmişdir”. [1]
Naxçıvan ərazisində ən böyük travertin yataqları Buzqov, Şahtaxtı, Qarabağlar ərazilərindədir. Şahtaxtı kəndindən 3 kilometr cənub-qərbdə yerləşən travertin yatağının istismarına hələ XX əsrin 60-cı illərində başlanılmışdır. Araşdırmalar göstərir ki, XX əsrin 80-ci illərində Azərbaycanda istehsal olunan travertin məhsulunun hamısı məhz Naxçıvanın payına düşürdü. Təkcə 1983-cü ildə istehsal olunmuş 27,6 min kubmetr travertinin 10 min kubmetri Moskva, Leninqrad, Minsk, Daşkənd və Soçi şəhərlərinə ixrac olunmuşdur. 1985-ci ildə 47,7 min kubmetr travertin istehsal olunmuş, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı. [2]
Hazırda da muxtar respublikanın inkişaf edən sənayesində travertin istehsalı mühüm rol oynayır. İndi muxtar respublikada aparılan tikinti quruculuq işlərində tələbat əsasən yerli tikinti məhsulları hesabına ödənilir. 2011-ci ilin may ayından Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biri olmuşdur. Bu gün muxtar respublikada binaların tikintisində, təmirində, dizaynında tikinti məhsullarına yaranan tələbatın yerli imkanlar hesabına ödənilməsi üçün muxtar respublikanın yerli istehsal müəssisələri işlərini günün tələbləri səviyyəsində qurublar. Travertin istehsalında "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti mühüm rol oynayır. 2010-cu ildə yaradılmış bu müəssisə muxtar respublikada təbii sərvətlərdən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır.