Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi.[1]
Şair Ağacan | |
---|---|
Doğum tarixi | 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 1951 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Şair Ağacan Vikimənbədə |
Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur.[2] Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar. Evini su basdığını və kənd mollalarının ona qarşı çıxdıqlarını başa düşən Ağacan oradan qonşu Qaçağan kəndinə köçməli olur. Bu vaxtlarda o şeir yaradıcılığı ilə daha çox məşğul olmağa başlayır.[2]
Səbəbi hələ də düzəməlli bəlli olmayan hadisələrlə əlaqədar 1949-cu ildə Ağacan ailəsi ilə birlikdə Sibirə, Tomsk vilayətinə sürgün edilir.[3] İki ildən sonra, 1951-ci ildə orada vəfat edir. Həyat yoldaşı Zəhra sürgündən dönəndə xəlvətcə Ağacanın sümüklərini məzardan çıxardaraq özü ilə bərabər Borçalıya-Qaçağana gətiriir, illərlə bu sirri heç kimə açmır və sümükləri gəlinlik sandığında saxlayır.[2] 1958-ci ildə, şairin oğlu Ənvər vəfat edir. Yas mərasimində evdə qənd axtarılan zaman Zəhranın Sibirdən gətirdiyi Ağacanın sümükləri bir bağlamada ortaya çıxır. Artıq sirrin açıldığını görən Zəhra hər şeyi etiraf edir və Ağacanın sümüklərini oğlu Ənvərin cənazəsi ilə eyni gündə Qaçağan kənd qəbristanlığında dəfn etdirir.[2]