Şaxəbığcıqlı xərçəngkimilər — (lat. Cladocera) Xərçəngkimilər sinfinə aid olan yarımdəstə.
Şaxəbığcıqlı xərçəngkimilər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Cladocera |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir.
Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir. İkinci antenalar ön antenalardan daha irdir, iki şaxədən təşkil olunmuşdur və üzməyə xidmət edir.
Gövdədə öz hərəki funksiyasını itirmiş 4-6 cüt ayaq vardır. Bunlar qidanı tutmağa xidmət edir. Şaxəbığcıqlıların çoxu ətrafdakı sudan xırda qida hissəciklərini süzmək üçün ayaqlardan istifadə edir.
Bədənin son şöbəsi olan postabdomen və ya kauda ətraflardan məhrumdur. Onun üst kənarında anal dəlik yerləşir. Mürəkkəb gözü və ya 22-300 fasetdən ibarət olan tək faset gözü vardır. Tək sadə nauplius gözü və ya piqment ləkəsi 4 piqment qədəhdən ibarətdir. Bağırsaqlar qida borusuna, orta və arxa bağırsağa bölünür. Qan dövranı sistemi zəif inkişaf edib. Qəlsəmə kisələri vasitəsilə tənəffüs edir.
Şaxəbığcıqlı xərçənglər dənizlərin planktonunda və şirin sularda yaşayırlar. Hazırda məlum olan 380 növ şaxəbığcıqlı xərçəngdən Xəzər dənizində cəmi 57 növ və yarımnöv yaşamaqdadır. Bunlardan 15-i şirin su, 42-si isə Xəzər növüdür.
Polifemidlərdən Xəzər dənizində Xəzər endemiki olan Polyphemus exiguus Sars növü tapılmışdır. Orta və Cənubi Xəzərin açıq hissələrində, Şimali Xəzərin isə daha duzlaşmış rayonlarında yaşayır. Bu növün kütləvi inkişafı yayda müşahidə edilir.
Cercopagis cinsi Xəzər dənizində 10 növlə təmsil olunmuşdur: C.longiventris Mord.-Bolt., C.neonillae Sars, C.pengoi Ostr., C.grasilima Sars, C.spinicaudata Mord.-Volt., C.socialis (Grimm), C.robusta Sars, C., prolongata Sars, C.anonyx Sars, C.micronyx Sars. Azov və Aral dənizlərində, eləcə də Qara dəniz limanlarında yayılmış C.pengoi-dən başqa bütün bu növlər Xəzər dənizinin endemikləri sayılır.
Növlərin çoxu polimorf olub çətinliklə ayırd edilir. Bədənin ölçüsündən 4-10 dəfə uzun olan ikiqat əyrili quyruq çıxıntısı bu növlər üçün səciyyəvidir. Orta Xəzərdə yayda və payızda C.longiventris üstünlük təşkil edir.
Orta və Cənubi Xəzərin açıq hissələrində Cercopagis cinsinin nümayəndələri planktonda mühüm rol oynayaraq planktonyeyən balıqların, o sıradan kilkə və bəzi siyənəklərin qidasını təşkil edir.
Apagis cinsi Cercopagis cinsinə çox yaxındır, yalnız quyruq çıxıntısında ikiqat əyrinin olmaması ilə ondan fərqlənir. Xəzər dənizində 4 növü aşkar edilmişdir: A.cylindrata Sars, A.beklemishevi Mord.-Bolt., A.longicaudata Sars, A.ossiani Morad.-Bolt. Onlardan A.cylindrata Orta və Cənubi Xəzərdə geniş yayılmışdır,bəzən isə hətta Şimali Xəzərin cənub hissələrinə də keçir. Qalan növlər çox nadir hallarda Orta və Cənubi Xəzərdə təsadüf edilir. Onların hamısı Xəzər endemikləridir.
Polifemidlərdən Xəzər dənizində tapılmış Pleopsis polyphemoides Leuck. Cənubi Xəzərin planktonunda 1957-ci ildə peyda olmuşdur. O, Volqa-Don kanalı vasitəsilə Azov dənizindən gəlmişdir. Kosmopolit yayılmaya malik olub, bütün açıq dənizlərdə təsadüf olunur. Xəzər dənizinin planktonunda Evadne cinsinin nümayəndələri də böyük rol oynayır. Bu cinsin 4 yarımnövü vardır: E.anonyx tipica Sars, E.anonyx prolucta Sars, E.anonyx deflekta Sars, E.anonyx prolongata Behn. Onların hamısı Orta və Cənubi Xəzərdə yayılaraq, Şimali Xəzərin şirinləşmiş zonalarına girmirlər. Bunlar eləcə də Aral dənizində və Pont-Azov hövzəsinin şirinləşmiş sularında yayılmışlar. Sadalanan yarımnövlər Xəzər dənizinin endemikləridir.
Xəzər dənizində 17 növ və yarımnövlə təmsil olunmuş Podonevadne cinsi də növ tərkibinin müxtəlifliy ilə seçilir: P.trigona typica Sars, P.t.trigonoides Sars, P.t.intermedia Sars, P.t.pusilla SarsP.t.rolundata Behning, P.comptonyx typica Sars, P.c.simillis (Sars ), P.c.orthonyx (Sars), P.c.hamulus (Sars), P.c.attenuata (Sars), P.c.kajdakensis (Tschung), P.c.podonoides (Sars), P.c.macronyx (Sars ), P.c.globosa Mord.-Bolt., P.angusta (Sars ). Bunlar Orta və Cənubi Xəzərdə yayılmışlar. Bəziləri isə Şimali Xəzərin duzlaşmış rayonlarına da girir. Bu cinsin nümayəndələri Xəzər avtoxton faunasına aiddir.
Cornigerius cinsinin 3 növü və yarımnövü vardır. Onlardan C.maeoticus hircus (Sars) bütün Xəzər dənizinə, o sıradan şirinləşmiş zonalara da yayılmışdır. C.arvidi Mord.-Bolt. Orta və Cənubi Xəzərdə yazda və yayda rast gəlinir. Homogenetik dişiləri və erkəkləri məlum deyil. C.bicornis Zernov əsasən yazda rast gəlir və Xəzərin nadir növü sayılır.
Nəhayət, şaxəbığcıqlılardan Xəzər dənizində Caspievadne maximowitchi (Sars) da yaşayır. Xəzərin endemiki olan bu növ daha çox yaz-payız arasında təsadüf olunur.
Xəzər dənizi polifemidlərinin ümumi sayından (24 növ) 16-sı endemikdir, 5-i isə həm də Qara və Azov dənizlərində yaşayır. Bunlara C.pengoi, P.trigona, C.maeoticus, C.bicornis, C.anonyx aiddir. 3 növ Aral dənizində də rast gəlir: C.pengoi, C.camptonyx, P.trigona. Xəzər şaxəbığcıqlı xərçənglərindən P.trigona eləcə də duzluluğu 7%-ə çatan Çalkar gölündə aşkar edilmişdir (Beninq, 1928), Qara və Azov dənizlərində polifemidlər poliqalin və meyomezoqalin sularda rast gəlinmir, əsasən çayların dənizə tökülən hissəsində və limanlarda yaşayırlar; tamamilə şirin suda yaşaya bilirlər. Məsələn, C.maeoticus Dunay çayının şirin sulu limanlarında yaşayır. C.pengoi və P.trigona ilə birgə bu növə Kaxovka su anbarında rast gəlinir (Morduxay-Boltovskoy, 1964). C.maeoticus Simlyansk su anbarında da tapılmışdır (Şeynin, 1964).
Şimali Xəzərin zooplanktonunda 29 növ şaxəbığcıqlı xərçəng tapılmışdır ki (Kuraşova, 1971), bunlardan 13-ü şirin su, 16-sı Xəzər avtoxton növüdür. Şirin su növlərini Volqa suları Şimali Xəzərə gətirir. Bunlara Alona rectangula Sars, Alonella nana Baird, Chydorus sphaericus (Muller), Moina rectriostris Leyd., Pleuroxus Schoedi, Acroperus harpae (Baird), Syda cristallina (Mull.) və b. aiddir. Bosmina longirostris (Mull.), Chydorus sphaericus kütləvi növlərdir. Şimali Xəzərdə dəniz şaxəbığlılarından P.trygona typica, P.angusta sayca üstünlük təşkil edirlər. Şimali Xəzərdə şaxəbığcıqlıların biokütləsi 20,1-142,2 mq/m³, o sıradan qərb hissəsində 21,0-229,5 mq/m³, şərq hissəsində 166-48,0 mq/m³ arasında dəyişir. Orta Xəzərdə 35, Cənubi Xəzərdə isə 31 növ şaxəbığcıqlı xərçəng yaşayır. Onların arasında Evadne cinsinin nümayəndələri üstünlük təşkil edir. Onlar Xəzərin sahil və açıq zonalarında kütləvi şəkildə yaşayırlar. Cənubi Xəzərdə aşkar edilmiş 16 növ şaxəbığcıqlı xərçənglər arasında Evadne trigona typica, E.camptonyx, E.anonyx producta, Cercopagis micronyx və b. üstünlük təşkil edir (Qasımov, 1966 b). Onlar planktonda ilboyu yaşayırlar. Sahilyanı zonada 10 m dərinlikdə də bu növlərin böyük inkişafı qeydə alınmışdır. Payızda kütləvi növlər arasında E.trigona və Polyphemus exiguus daha çox inkişaf edir.
Qafqazın şirin sularında 132 növ və yarımnöv şaxəbığcıqlı xərçəng aşkar edilmişdir. Onlardan 95-i Azərbaycanın su hövzələrində yaşayır. Azərbaycan su hövzələrinin zooplanktonun aparıcı növlərindən biri – Mingəçevr və Varvara su anbarlarında, Aşağı Kür göllərində və nohurlarında rast gələn Diaphanasoma brachyurum (Liev.)-dir. D.b.leuchtenbergianum Fischer yarımnövü Hacıqabul gölündə, Yevlax ətrafındakı axmazlarda, D.sarsi Richard isə Kiçik Qızılağac körfəzində və Lənkəran rayonunun Nügədi istilində aşkar edilmişdir.
Mingəçevir və Varvara su anbarlarında D.brachyurum iyul-avqustda 22,5-27,0 °C temperaturda maksimuma çatan yay formasıdır. Yumurta kisəsində 1-4 yumurta olur.
Daphnia cinsi 14 növ və yarımnövlə təmsil olunmuşdur. Onların arasında ən irisi D.magna Straus-dir. Canlı yem kimi Kür nərə zavodlarının hovuzlarında yetişdirilir. Digər növ – D.pulex (De Geer) Aşağı Kür və Böyük Qafqaz su hövzələrində, eləcə də Lənkəran təbii vilayətinin durğun sularında geniş yayılmışdır. D.p.schodleri Sars yarımnövü Göygöldə tapılmışdır. D.longispina hyalina (Leyd.) Azərbaycan faunasında arktika yarımnövü olub, Kiçik Qafqaz, Naxçıvan MR göllərində, Varvara və Mingəçevir su anbarlarında tez-tez təsadüf olunur. Simocephalus vetulus (Müll.) Varvara su anbarında kütləvi növdür. Cinsi yetkin yaşa qədər 4 dəfə şəkil dəyişir. 20 sutka ərzində dişi 248 ədəd körpə verir. Bir nəsildə partenogenetik yumurtaların miqdarı 1-10, bəzən isə 22 ədədə çatır. Mingəçevir su anbarında efippial yumurtalı dişilər may-iyun aylarında qeydə alınır (Əhmədov, 1975). Tropik növlərdən S.elizabethae (King) Lənkəran rayonunun ləklərində və Naxçıvan MR Adilağa gölündə, P.s.serrulatus (Koch) – Kürdəmir rayonu Şilyan gölündə, S.expinosus (Koch) – Xaçmaz, Sabirabad, Yevlax, Bərdə, Ağdam, Astara və Lənkəran su hövzələrində, S.expinosus Schoedler isə Lənkəran rayonu Nügədi və Kərmətuk kəndlərinin istillərində tapılmışdır.
Azərbaycanın su hövzələrində Moina cinsinin 5 növü yaşayır. Onlardan M. macrocopa (Straus), M. microphthalma Sars, M.branchiata (Jur.) Lənkəran təbii vilayətinin və Aşağı Kürün su hövzələrndə qeydə alınmışdır. Lənkəran zonasının xırda su hövzələrində və Kür çayının kürütökmə-böyütmə təsərrüfatlarının nohurlarında C.quadrangula (Mull.), C.laticaudata Mull., C.reticulata curzii Sting və C.r.serrata Sars aşkar edilmişdir. Sonuncu yarımnöv yalnız Astara subtropik sovxozunun su anbarında qeydə alınmışdır. Küryanı axmaz və göllərdə su bitkilərinin arasında istisevər növ olan C.cornuta (Sars) yaşayır. Bu növ Kiçik Qızılağac qoruğunda da qeydə alınmışdır. Lənkəran təbii vilayətinin və Naxçıvan MR göl və nohurlarının səciyyəvi növü Scapholeberis mucronata (Müll) sayılır. Lənkəran zonasının çəltik ləklərində hərdənbir S.aurita (Fischer), S.aurita curvirostris Weresh. və S. kingi Sars rast gəlinir. Ceyranbatan su anbarında, Naxçıvan MR Adilağa gölündə, Yuxarı Kür və Əli-Bayramlı balıq təsərrüfatlarının nohurlarında Macrothrix hirsuticornis Norm. et Brady, Lənkəran zonasının çəltik ləklərində – M.daday Behning, M.spinosa King, M.sthadini Much., Abşeron yarımadasının su hövzələrində Echinisca tripectinata (Weisig), Lənkəranda isə – E. shadini Much. tapılmışdır. Mingəçevir su anbarında az hallarda Macrothrix gzonlandis Lillj., Ilyocriptus sordidus (Liev.), Kürün axmazlarında isə Acantholeberis curvirostris (Mull.) rast gəlinir.
Chydorus sphaericus Müller müxtəlif su hövzələrində su bitkilərinin arasında, onların saplağına və yarpağına yapışaraq yaşayır. Varvara su anbarında mayda və avqustda 2 maksimum verir. Bəzən dekabrda da 11-14 °C temperaturda maksimum verir. Yumurta kisəsində yumurtaların sayı 1-4 arasında dəyişir. Yumurtlayan dişilərin maksimal sayı yazda qeydə alınır və növün ümumi sayının 33-37%-ni təşkil edir (Əhmədov, 1971). Böyük Qafqazda, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən Muran gölündə Ch.latus Sars və Ch. sphaericus (Müll.) tapılmışdır.
Lənkəran rayonunun su hövzələrində, çəltik ləklərində, kiçik su anbarlarında (istillərdə) və göllərdə su bitkilərinin arasında Chydorus ovalis Kurz., Ch. Barroisi (Richard), Ch. Gibbes, Sars, Pseudochydorus globosus (Baird) geniş yayılmışdır. Dunhevedia crassa King Lənkəran rayonunun çəltik ləklərində, Aşağı Kürün durğun sularında və Naxçıvan MR-nın göllərində qeydə alınmışdır. Dunhevedia crassa King Lənkəran rayonunun çəltik ləklərində, Aşağı Kürün durğun sularında və Naxçıvan MP göllərində rast gəlinir. Disparolona rostrata (Koch) Lənkəranın su hövzələrində, Mingəçevir su anbarında, Candar gölündə tapılmışdır. Azərbaycan faunasında Pleuroxus cinsinin 5 növü vardır. Onlardan P.aduncus (Jur.) Naxçıvan MR-nın su hövzələrində, Dəvəçi limanında, Lənkəran təbii vilayətinin kiçik su hövzələrində aşkar edilmişdir. Qalan bütün növlər (Pl.uncinatus Baird, Pl.trigonellus Mull., Pl.laevis Sars, P.similis Varvra) başlıca olaraq, Azərbaycanın aran rayonlarında yayılmışdır. Alona cinsi 10 növlə təmsil olunmuşdur. Onların arasında A.archeri Sars, A.cambouei Guerne et Richard tropik ünsürlərdir. Böyük Qafqazda d.s. 2850 m hündürlükdə (Baş nohur gölü) tapılmış A.quadrangularis (Müll.) Alagöl və Cilligöldə də aşkar edilmişdir. Alonella cinsindən A.exugua (Lillj.) Lənkəran rayonu və Naxçıvan MR su hövzələrində, Aşağı Kürdə, A.excisa (Fischer) isə Kiçik Qafqaz və Böyük Qafqazın, eləcə də Lənkəran rayonunun su hövzələrində qeydə alınmışdır. Oxyurella tenuicaudis (Sars) Lənkəranın çəltik ləklərində tapılmışdır. Azərbaycanın su hövzələrində aşağıdakı növ və yarımnövlər də yaşayır: Bosmina longirostris (Mull.), B.l.brevicornisHellich, B.l.similis (Lillj.), B.l.cornuta Jur., B.l.curvirostris Fischer.
Şaxəbığcıqlı xərçənglərdən Leptodora kindtii (Focke) Aşağı Kürdə, Mingəçevir və Varvara su anbarlarında tapılmışdır (şək. 3). Planktonda yaşayan şaxəbığcıqlı xərçənglər arasında tipik yırtıcıdır. Başlıca olaraq göllərdə və su anbarlarında yaşayır. Qara, Azov və Baltik dənizlərinin körfəzlərində də məskunlaşmışdır. Suyun 8%-ə qədər duzluluğuna dözür.
Şaxəbığcıqlı xərçənglərin növ tərkibinin təhlili göstərir ki, onların arasında tropik və subtropik növlərin nümayəndələri vardır. Bunlara Diaphanosoma sarsi, D.atkinsoni, D.carinata, D.lumholtzi, Ceriodaphnia reticulata kurzi, C.cornuta, Moina micrura, Scapholeberis kingi, Simocephalus mixtus, S.elizabethae, Macrothrix odiosa, M.spinosa, M.shadini, Pleuroxus similis, Alona combouei, A.archeri, Dunhevedia crassa, Chydorus barroisi aiddir. Şaxəbığcıqlı xərçənglərin bütün qalan növləri boreal kompleksə aid olub, Yer kürəsinin su hövzələrində geniş yayılmışdır. Bu onunla izah olunur ki, şaxəbığcıqlı xərçənglər hər yerdə özlərinə əlverişli ekoloji şərait tapa bilirlər. Beləliklə, şaxəbığcıqlı xərçənglərin əksər növlərinin kosmopolitizmi onların qədim şirinsu heyvanları olması ilə izah olunur. Şaxəbığcıqlı xərçənglər arasında böyük miqdarda monotipik cinslərin olması da onların qədimliyindən xəbər verir.
Naxçıvan MR-da 42 növ, onlardan Naxçıvan su anbarında cəmi 9 növ şaxəbığcıqlı xərçəng tapılmışdır. Burada aparıcı növlər D.brachyurum, D.longispina, A.rectangula, B.longirostris, L.kindtii olmuşdur. Şaxəbığcıqlıların orta miqdarı 339-8829 ədəd/m³ arasında dəyişir. Lənkəran təbii vilayətinin su hövzələrində 56 növ şaxəbığcıqlı xərçəng tapılmışdır ki, onlardan 19-u Kiçik Qızılağac körfəzində qeydə alınmışdır. Astara rayonundakı Təngəru çayında 14 növ tapılmışdır ki, onların arasında D.pulex, Graptoleberis testudinaris (Fischer) üstünlük təşkil edir. Çayın planktonunda bəzi növlər nadir hallarda qeyd olunur. Bunlara Simocephalus elizabethae, Pleuroxus similis, Camtocercus rectrirostris, Danhevadia crassa aiddir. Zooplanktonun miqdarı 18560 ədəd/m³-dan artıq olmamışdır.
Astara rayonunun Şuvi su anbarında yaşayan 14 növ şaxəbığcıqlı xərçənglər arasında D.pulex, D.longispina, C.reticulata, C.laticaudata, Pleuroxus aduncus, Alona cambouei, Tretocephala ambigua növləri sayca üstünlük təşkil edir. Şaxəbığcıqlı xərçənglərin əhəmiyyətli dərəcədə inkişafı yayda qeydə alınmış və 283 min ədəd/m³-a çatmışdır.
Lənkəran təbii vilayətinin çəltik ləklərində 30 növ şaxəbığcıqlı xərçəng tapılmışdır. Onların arasında D.longispina, C.reticulata, S.micronata, S.aurita, S.kingi, S.vetulus, E.shadini, E.odiosa, M.dadayi, M.spinosa kütləvi növlərdir. Onların sayı yazda daha çox olaraq 298 min ədəd/m³-a çatır. Gəncə-Qazax zonasının su hövzələrində 18 növ şaxəbığcıqlı xərçəng qeydə alınmışdır. Onlardan Şəmkir su anbarında - 10, Candar gölündə 14 növ yaşayır. Şəmkir su anbarında sayca D.brachyurum, D.longispina, Ch.sphaericus, Alona guttata üstünlük təşkil edir. Şaxəbığ xərçənglərin sıxlığı 17226 ədəd/m³, o sıradan ən çox inkişaf edən D.brachyurum (6875 ədəd/m³) və Ch.sphaericus (6272 ədəd/m³) olmuşdur. Candar gölündə sayca D.longispina (8750 ədəd/m³) və B.longirostris (4200 ədəd/m³) üstünlük təşkil edir. Orta Kürdə D.longispina, Ch.sphaericus, Alona guttata, Tovuz çayında – A.guttata qeydə alınmışdır. Abşeron su hövzələrindən məlum olan 17 növ şaxəbığcıqlı xərçənglərdən Ceyranbatan su anbarında 14 növ, Qanlıgöldə – 4 növ, Xocahəsən gölündə – 8 növ yaşayır. Onların sıxlığı 2820-17495 ədəd/m³ arasında dəyişmişdir. Abşeron su hövzələrinin zooplanktonunda şaxəbığcıqlı xərçənglərdən sayca D.longispina, D.magna, S.vetulus, M.rectirostris, və Ch.sphaericus üstünlük təşkil edir. Şor sularda M.brachiata, çox nadir hallarda isə D.magna rast gəlinir.
Şəki-Zaqatala su hövzələrində 25 növ şaxəbığcıqlı xərçəng tapılmışdır. Onlardan Musagöldə – 16, Cəfərabad su anbarında – 21, Acınohur gölündə – 5, Şimşək gölündə – 10, bulaq sularında – 12, Alazan çayında – 5, Silbançayda – 2, Qаraçayda – 6, Katexçayda – 7, Qalaçayda – 3, Mazımçayda – 1 növ qeydə alınmışdır. Bu su hövzələrində D.longispina, S.vetulus, M.rectirostris və başqa növlər geniş yayılmışdır. Onların kütləvi inkişafı yay mövsümünün sonunda və ya payızın əvvəlində müşahidə edilir. Azərbaycanın şimal-şərqindəki su hövzələri də şaxəbığcıqlı xərçənglərlə zəngindir. Burada 50 növ, o sıradan Dəvəçi limanında 24 növ şaxəbığcıqlı tapılmışdır. Bu su hövzəsində ən çox inkişaf edən növlər S.vetulus (5300 ədəd/m³) və Ch.sphaericus-dur (2660 ədəd/m³). Limanın su bitkiləri arasında D.longispina, D.pulex, M.rectirostris, M.brachiata, A.guttata və başqalarına da təsadüf etmək olur. Onların kütləvi inkişafı, limanın su rejiminin yaxşılaşması ilə bağlı olaraq yazda baş verir.
Şaxəbığcıqlı xərçənglər istisnasız olaraq şirin sularda yaşayır, planktonda və su bitkiləri arasında yaşayırlar. Onların çoxu tipik filtrator olub, bakteriyalarla, detritlə və su bitkiləri (yosunlar) ilə qidalanır. Buna görə də çirklənmiş suların özünütəmizləməsində onlar mühüm rol oynayırlar. Şaxəbığ xərçənglər su hövzələri planktonunun kütləvi formaları kimi balıqların və onurğasız heyvanların qidalanmasında böyük əhəmiyyət daşıyırlar. Onları balıq körpələri yeyir, planktonyeyən balıqların (şəmayı, bəzi siyənəklər, kilkə) qidasını isə istisnasız olaraq şaxəbığ xərçənglər təşkil edir. Bəzi balıqların qida spektrində onlar 65% təşkil edirlər. Məsələn, Mingəçevir su anbarında körpə çapaq və külmənin qidasında şaxəbığcıqlı xərçənglərin payı 70%-ə çatır.
Şaxəbığcıqlı xərçənglərdən eləcə də balıq zavodlarında körpələri yemələmək üçün yetişdirilən yem kimi də geniş istifadə olunur. Azərbaycanın nərə və qızılbalıq zavodlarında canlı yem kimi Daphnia magna və Moina macrocopa yetişdirilir (Əsgərov, 1957). Xərçənglər sement hovuzlarda çoxaldılır. Nərə zavodlarında balıq körpələri əvvəlcə mouna, sonra isə su birəsi ilə yemlənir.