Şell çeşidləməsi

Şell çeşidləməsi — verilənləri nizamlamaq üçün istifadə olunan qabarcıqlı çeşidləmə və artırmalı çeşidləmədən (İNSERTİON SORT) daha sürətli proqramlaşdırma alqoritmi; 1959-cu ildə Donald Şell tərəfindən təklif olunub. Şell çeşidləməsində ədədi massivin bir-birindən müəyyən məsafədə yerləşən cüt-cüt elementləri düzgün ardıcıllıqla yerləşməyibsə, onların yeri dəyişdirilir. Hər keçiddə Şell çeşidləməsi yoxlanılan elementlər arasındakı intervalı kiçildir. Məsələn, 10 elementdən ibarət siyahı üçün Şell çeşidləməsi öncə siyahıda bir-birindən beş element (1 və 6, 2 və 7, 3 və 8 və s. nömrəli) aralı olan element cütlərini çeşidləyir. Sonra o, bir-birindən iki element (1 və 3, 2 və 4, 3 və 5 və s. nömrəli) aralı olan elementləri yoxlamaqla siyahını çeşidləyir. Sonda Şell çeşidləməsi siyahıda ard-arda yerləşmiş elementləri cüt-cüt yoxlayır, nəticədə son siyahı tamamilə nizamlanmış olur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.