Şengen

Şengenin Markusberqdən görünüşü

Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna AlmaniyaFransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra [1] kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir.

Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir.[2]

Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir.

Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkə bu sazişə qoşulub.

Şengen razılaşması Avropa Birliyinə üzv olmayan ölkələrlə nəzarətin uyğunlaşdırılması sahəsində proqressiv əməkdaşlığı inkişaf etdirir. Polis və hüquqi əməkdaşlıq Şengen sisteminin əsaslarından biridir.

Şengen razılaşmasının imzalanmasından 25 il sonra 13 iyun 2010-cu ildə Şengendə Avropa muzeyi açılmışdır.

Muzeydə 200 m2 -lik sərgi zalında daimi olaraq Şengen müqavilələrinin tarixi və əhəmiyyəti barədə üç dildə sərgi nümayiş etdirilir. Burada sərgini ziyarət edənlər daxili sərhədlərdəki şəxslərə nəzarətinin aradan qaldırılmasını, 1957-ci il Roma müqaviləsini nümayiş etdirən məlumatlarla, o cümlədən tarixi şəkillər, videolar və audio-yazılarla tanış olurlar.

  1. ""Fusion des communes de Burmerange, Schengen et Wellenstein"" (fransız). legilux.public.lu. 30.05.2011. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.
  2. ""Loi du 24 juillet 2006 portant changement du nom de la commune de Remerschen en celui de Schengen"" (fransız). legilux.public.lu. 30.08.2006. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.