Şinon qəsri (fr. Château de Chinon) – Şinon şəhərində Vyenna çayının sahilində yerləşən kral Luara qəsrlərindən biridir. Keçmiş Roma müdafiə tikililərinin yerində tikilmiş və tarixi ehtiyaclara əsasən 3 hissədən ibarətdir.
Şinon qəsri | |
---|---|
fr. Château de Chinon | |
47°10′05″ şm. e. 0°14′10″ ş. u. | |
Ölkə | Fransa |
Yerləşir | Şinon |
Sifarişçi | Tibo I de Blua |
Tikilmə tarixi | X əsr |
Material | daş[d] |
Rəsmi sayt | forteressechinon.fr |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00097661 və IA00011838 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsrin əsas binası Dələdüz ləqəbli qraf I Tibo de Blua tərəfindən 954-cü ildə dağlıq sahədə tikilmişdir. 1044-cü ildə ağacdan hazırlanan əvvəlki konstruksiyanı daş qala ilə əvəz olunmuş və bu tikili onun rəqibi Anjü hersoqu Jofrey Martelin hakimiyyəti altına keçmişdir.
Hersoq iki müdafiə tikilisini birləşdirmişdir. Qəsrin şərq hissəsi İngiltərə kralı II Henrix Plantaqenet və Anjü hersoqlarının nəslinin nümayəndələri tərəfindən tikilmişdir. Bu hissə İngiltərənin himayədarı Müqəddəs Georginin şərəfinə adlanmışdır. Şərq qalasının, kilsənin, kiçik qüllələrin və digər müdafiə qüllələrinin ucaldılması II Henrix və onun davamçıları tərəfindən 1205-ci ilə qədər aparılmışdır. Həmin ildə qala uzunmüddətli mühasirədən sonra Fransa kralı Filipp Avqustun əlinə keçmişdir. Qəsrin ələ keçirilməsindən dərhal sonra yeni divarlar və kanalların tikintisi işlərinə başlanılmışdır. Qəsrin tikintisi böyük taxt zalı ilə birlikdə XV əsrə qədər davam etmişdir.
Qəsrdə həmçinin həbsxana yerləşir. Belə ki, 1308-ci ildə orden əhali tərəfindən pis qarşılanmağa başladığı vaxt Tamplierlərin əksəriyyəti burada həbs olunmuşdur. Burqundlar tərəfindən Parisdən qovulan varis şahzadə Kral Şinonda öz iqamətgahının əsasını qoymuşdur. 1429-cu ildə kral V Henrix taxta öz hüququnu elan etdiyi vaxt Karl Şinonda Janna Darkla görüşmüşdür. Janna insan kütləsinin arasında itən gələcək kralı görən Janna ona yaxınlaşaraq demişdir: “Mehriban şahzadə, mənim adım bakirə Jannadır. Səma kralı məni yanınıza sizin Reyms şəhərində taxta çıxacağınız xəbəri çatdırmaq üçün göndərdi və siz Səma kralının sərdarı kimi Fransanı idarə eləyəcəksiniz.”
Jannanın sözlərindən ilhamlanan Karl yenidən öz düşmənlərinə qarşı çıxmağa başladır və sonda VII Karl adı ilə kral elan olundu. Beləliklə, Şinon kral iqamətgahına çevrildi. Tezliklə burada kraliça Anjülü Mariya və kralın favoritin Anyes Sorel yaşamağa başlamışdır. Onların dincəldikləri yerlər kral yeraltı keçidlərlə birləşirdi.
Kral VII Karl Şinonda keçmiş feodalizmdən tamamilə fərqlənən bir dövlətin əsasını qoyur. Məhz onun dövründə qəsr özünün ən məşhur dövrünü yaşamışdır. Qəsrin tarixi həmçinin XII Lüdoviqin adı ilə də bağlı olmuşdur. Belə ki məhz burada o Janna de Valua ilə olan nigahının ləğvi haqqında papa VI Aleksandrın bildirişini gətirən leqat Çezare Borciyanı qəbul etmişdir. Bundan sonra XII Lüdoviq VIII Karlın dul arvadı Anna Bretoniyalı ilə evlənmək hüququ alır və beləliklə Bretanı öz hakimiyyəti altında birləşdirə bilir.
XVII əsrdə Şinon kardinal Rişelyenin mülkiyyətinə çevrilir. Bundan sonra Rişelye bu qəsri öz nəslinin davamçılarına vəsiyyət etmişdir. Lakin hersoq Rişelye acınacaqlı vəziyyətdə olan qəsrdə yerləşən taxt zalını və öz dövrünə uyğun olmayan bir neçə digər tikilini dağıtdırmışdır. Sonradan qəsrdə boşalma baş vermiş, döşəmə və tavanlar uçmuşdur. 1854-cü ildə qəsrin dağılması riski ortaya çıxdıqda onun daimi rekonstruksiyası başlamışdır. Kralın dincəldiyi yerlərdə orijinal çertyoja əsasən döşəmə bərpa olmuş, otaqlar isə köhnə mebel surətləri ilə qurulmuşdur.
Qəsrin ərazisində kralın istirahət yerləri və kilsə yerləşirdi. Kudre fortu qayanın küncündə ucaldılmış və qəsrdən qurudulmuş qala xəndəkləri ilə ayrılmışdır. Sen-Jorj fortu isə qəsrin ən təhlükəli tərəfdən müdafiəsi üçün mühüm rol oynamışdır. Bu fortdan çox az bir şey qalmış və burada qazıntılar aparılır.