Şubani - Abşeron yarımadasının qərbində dağ silsiləsidir.
Şubani dağ silsiləsinin adını yerli əhali Şübani kimi tələffüz edir. Bəzi tədqiqatşılar oronimi fars dilindəki "yüksəklik" mənalı şuban sözü ilə əlaqələndirir. XV-XVII əsrlər Bakı tarixinə aid sənədlərdə Şubani ilə əlaqədar 4 fərman var. Bu sənədlərdə Şubani Şeybani kimi qeyd olunmuşdur. Ərəb istilası dövründə Cənubi qafqazı idarə edən valilərdən biri də sərkərdə Yezid ibn Məzyəd Əş-Şeybani (799-801) olmuşdur. O, Ərəbistan yarımadasında yaşayan rəbiə tayfasının şeyban tirəsinə mənsub idi. İşğal olunmuş ölkələrdə öz mövqelərini möhkəmləndirmək, özlərinə etnik dayaq yaratmaq və yerli əhalinin müqavimətini qırmaq üçün həmin yerlərə ərəb tayfaları köçürüdülər. Xəlifə Harun ər-Rəşidin dövründə (786-809) köçürülmə siyasəti valilərə tapşırılmışdı. Həmin şəxslər özlərinə yaxın qohum tayfaları Azərbaycana gətirmişdilər. Bu valilərdən biri də Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəd Əş-Şeybani idi. Hazırda İranda şeybanilərin yaşaması və Azərbaycanda ərəb mənşəli coğrafi adların olması bu tarixi faktı təsdiq edir. Şirvanşah Fərrux Yasarın (1462-1500) vəqfnaməsində də Şubani adı Şeybani kimi qeyd olunmuşdur. Monqol tayfaları içərisində də şeybanilərin adı çəkilir. Bu faktlara əsasən oronimin şeybani etnonimi ilə bağlılığı ehtimalı da Şubani etimologiyasının izahında əsas yerlərdən birini tutur.