Əbədiyyət (simfoniya)

"Əbədiyyət" — bəstəkar Arif Məlikovun Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir.[1]

Əbədiyyət
Bəstəkar Arif Məlikov
Forma simfoniya
Premyera
  • 2004-cü il,
  • M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
İthaf olunub Heydər Əliyev

Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib.[2]

Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı. Həmin simfoniya o böyük insanın ildönümündə Filarmoniyada səsləndirildi."[3]

  1. Flora XƏLİLZADƏ. "Böyük ömrün sonsuzluğu" (az.). Azərbaycan. 22.05.2009. 23.01.2023 tarixində arxivləşdirilib.
  2. "Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu" (az.). Azər Tac. 12.12.2022. 23.01.2023 tarixində arxivləşdirilib.
  3. ""Əbədiyyət simfoniyası"nın ideyası Məkkədə yarandı... - Arif MƏLİKOVLA MÜSAHİBƏ" (az.). Ədəbiyyat qəzeti. 09.05.2019. 23.01.2023 tarixində arxivləşdirilib.