Əbdülqafur Zərgərov

Əbdülqafur Əminulla oğlu Zərgərov (1929, Bakı — 1999, Bakı) — iqtisad elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın müxbir üzvü.[1]

Əbdülqafur Zərgərov
Əbdülqafur Əminulla oğlu Zərgərov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əminulla Zərgərov
Elmi dərəcəsi iqtisad elmləri üzrə fəlsəfə doktoru
Təhsili Moskva Şərqşünaslıq İnstitutu
Üzvlüyü AMEA

Əbdülqafur Zərgərov 1929-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Moskvada Şərqşünaslıq İnstitutunda alıb. O, Yaxın Şərq fakültəsini İqtisadyönümlü ölkəşünaslıq ixtisası üzrə bitirib. Əbdülqafur Zərgərov bir müddət Azərbaycan SSR Nazirlər Sovetində elmi müəssisələr və ali məktəblər qrupunda məsləhətçi işləyib. Daha sonra SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturada oxuyub. Moskvada iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdıb, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.[1]

Əbdülqafur Zərgərov Azərbaycanda ictimai elmlər sahəsində elmi informasiya mərkəzinin yaradıcısıdır. Alimini rəhbərliyi ilə 70-ci illərdə hazırlanan statistik məcmuələr XX əsrdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf dinamikasını öyrənmək üçün gərəkli bir vasitə olaraq qalır. Habelə Əbdülqafur Zərgərovun təşəbbüsü nəticəsində 1992-ci ilin yazında Azərbaycan Milli Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu yaradılıb. Alim ömrünün son illərində Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edib.[1]

Əbdülqafur Zərgərovun "İslam iqtisadiyyatı" adlı monoqrafiyası iqtisad elmi üçün vacib monoqrafiyalardandır. Eyni zamanda alim "İslamın torpağa və ondan istifadə edilməsinə münasibəti", "İslamın sərvətə və mülkiyyətə münasibəti", "Əməyə və əməkhaqqına dair İslam konsepsiyası", "İslamın iqtisadi doktrinası", "Müsəlman ölkələrinin iqtisadi inteqrasiyası" və s. kimi silsilə yazıların da müəllifidir.[1]

Əbdülqafur Zərgərov İslamın iqtisadi doktrinasını bilməyi çox əhəmiyyətli sayırdı. O, göstərirdi ki, son illərdə İslamın iqtisadi doktrinası "İslam iqtisadiyyatı" adlanan yeni modelin əsası kimi dünya ictimaiyyətində maraq doğurub. İslamın iqtisadi konsepsiyası İslam sistemi hüdudları daxilində əsaslandırılmış və dərk edilmiş azad fəaliyyət qaydalarının məcmusudur.[1]

Əbdülqafur Zərgərov 1999-cu ildə Bakı şəhərində vəfat edib.[1]

  1. 1 2 3 4 5 6 "Zərgərov Əbdülqafur Əminulla oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]