Əbu Həmid əl-İsfərayini

Əbu Həmid əl-İsfərayini (344–406) — İslam alimi.

Əbu Həmid İsfərayini
Doğum tarixi 955
Doğum yeri
Vəfat tarixi 1016[1]
Vəfat yeri
Elm sahəsi fiqh

Əbu Həmid Əhməd bin Əbi Tahir Muhəmməd bin Əhməd əl-İsfərayini-zamanının imamı, şafi’ilərin fəqihi, Şeyxul-İslamdır. əl-İsfərayini nisbəti hal-hazırda İranın Şimali Xorasan ostanında yerləşən İsfərayen şəhəri ilə bağlıdır. Neysəbur şəhərinin yaxınlığındadır. Hicri 344-cü ildə anadan olub.

İyirmi yaşında, yəni hicri 364-cü ildə Bağdada gəlir. Orada Əbul-Həsən əl-Mərzubən və Əbul-Qasim əd-Dəraki kimi alimlərdən fiqh və digər elmləri öyrənir. Həmçinin Əbu Bəkr əl-İsməili, Əbul-Həsən əd-Dəraqutni, İbrahim bin Muhəmməd bin Abdək əl-İsfərayini və Abdullah bin Adiy kimi hədis imamlarından hədis eşitmiş və hədis öyrənmişdir. Şafi’i məzhəbində fəqih oldu, fiqhdə, təfsirdə, üsulda bir mütəxəssis, görkəmli alim oldu, barmaqla işarə olunan nadir şəxsiyyətlərdən idi.

Tələbələri arasında çox sayda alim və imam vardır. Onların arasında ən məşhurlarından Əbut-Tayyib ət-Tabəri, Əbul-Həsən əl-Məvardi, əl-Fəqih Suleym bin Əyyub ər-Razi, Əbu Əli əs-Sinci, Əbul-Həsən əl-Məhəmili kimi böyük alimlər vardır. Məşhur "Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəməa" kitabının sahibi İmam Əbul-Qasim Hibətullah əl-Lələkəi onun tələbəsi olmuşdur.

Şeyx Əbu Həmid Allahdan çox qorxan, təqvalı və zahid bir şəxs olub. Vaxtını dərs verməklə və elmi münazirələr ilə keçirib. Həmçinin heybətə və hörmətə sahib biri idi. əs-Subki deyir: "Şeyx Əbu Həmid dünyavi işlərdə cahı uca bir şəxs idi. (Bir gün) möminlərin əmiri xəlifə ilə (arasında) bir şey baş verir ki, bu, Şeyx Əbu Həmidi ona (bu sözləri) yazmağa vadar etdi: "Bil ki, sən məni öz vilayətimdən endirməyə qadir deyilsən, məni bu məqama Allah vali edib. Mən isə bir kağız parçasında iki və ya üç kəlmə Xorasana yazıb səni xəlifəlik məqamından endirə bilərəm."[1] Allahın dini uğrunda və bidətlərə və bidət əhlinə qarşı mübarizədə gördüyü işlər əvəzsizdir. əs-Subki "ət-Tabəqat" kitabında zikr edir ki, onun zamanında şiələr guya İbn Məsud’un mushafını tapıb çıxarırlar. Bunun nəticəsində hicri 398-ci ildə böyük bir fitnə baş verir, əhlus-sünnət ayağa qalxır, həmçinin şiələr də ayağa qalxırlar. Sonunda bu məsələ qazilərə və alimlərə götürülür. Şeyx Əbu Həmid şiələrin hüzurunda mushafın təhrif edilmiş bir mushaf olduğunu deyir. Şiələrin gənclərindən bir qrup buna görə Şeyx Əbu Həmidin evinə tərəf yönəlirlər ki, ona əziyyət versinlər. Buna görə Əbu Həmid evindən köçür, lakin xəlifə ona dəstək verərək fitnəni yatızdırır və Şeyx evinə geri dönür.

Əbu İshaq əş-Şirazi "ət-Tabəqat" kitabında deyir: "Bağdadda din və dünya rəisliyi ona gəlib çatdı. əl-Muzəni’nin kitablarını şərh edərkən onun dərslərində qeydlər yazılmışdır. Yer üzünə onun tələbələri yayıldı. Məclisində üç yüz fəqih toplanardı."[2] əş-Şeyx Muhyid-Din ən-Nəvəvi deyir: "Şeyx Əbu Həmidin qeydləri əlli cildə yaxın bir həcmdədir, orada alimlərin məzhəblərini zikr edir, onların dəlillərini geniş izah edir və onlara cavab verir. Onun yanında bir qrup alim fiqh öyrənib. Onların arasında Əbu Əli əs-Sinci vardır. Əbu Əli əs-Sinci həm də əl-Qaffəl’in yanında fəqih olmuşdur və onların hər ikisi də İraq və Xorasan məktəbinin iki şeyxidir və məzhəb bu ikisindən yayılıb."[3] əl-Xatib əl-Bəğdədi deyir: "Bizə Əbu Həmid’dən rəvayət etdilər və siqa biri idi. İbnul-Mubərak məscidində onun dərslərində iştirak etdim. Birinin belə dediyini eşitdim ki, onun məclisinə yeddi yüz fəqih gələrdi. İnsanlar deyərdilər: "Əgər əş-Şafi onu görsəydi onunla çox fərəhlənərdi."[4] Yenə buyurur: "Əbu İshaq əş-Şirazi bizə rəvayət etdi: "əl-Qadi Əbu Abdilləh əs-Sayməri’dən soruşdum: "Fəqihlərdən gördüklərin içində münazirədə ən güclü olan kimdir?" Dedi: "Əbu Həmid əl-İsfərayini." əl-Qadi Əbu Abdilləh əs-Sayməri isə zamanında hənəfilərin şeyxi və imamı idi. İbnus-Saləh əş-Şəhrazuri deyir: "Həqiqətən Allah hər yüz ilin başında bu ümmət üçün onlara dinini təzələyən birini göndərər" hədisini bəzi alimlər Şeyx Əbu Həmid haqqında təvil ediblər. əş-Şafi ikinci yüzilliyin başında idi və İbn Sureyc üçüncü yüzilliyin başında idi və Əbu Həmid dördüncü yüzilliyin başında idi."[5] Əbu İshaq əş-Şirazi "ət-Tabəqat" kitabında həmçinin qeyd edir ki, hənəfi fəqihi Əbul-Həsən əl-Qaduri ona xüsusi hörmət göstərərdi və zamanının digər fəqihlərindən üstün tutardı. əl-Hafiz İbn Kəsir deyir: "Hətta ona ikinci əş-Şafi deyərdilər."[6] Tarixçilər qeyd edirlər ki, on yeddi yaşında fətva verməyə başlamışdır. Ölənə qədər fətva vermiş və ölüm ayağında olarkən demişdir: "Fəqih olduq və öldük." əz-Zəhəbi onun tərcümeyi-halını başlayarkən onu "əl-Ustaz, əl-Alləmə, Şeyxul-İslam" ləqəbləri ilə zikr edir. İbn Kəsir qeyd edir ki, onunla həm razılaşanlar, həm də ona müxalif olanlar onun şanının, məqamının ucalığında ittifaq ediblər. Elmə olan marağı əvəzsiz idi. Rəvayət olunur ki, Misirə adam göndərib yüz dinara İmam əş-Şafi’nin imlalarını ehtiva edən kitablar almışdır.

Şeyx Əbu Həmid özü bir çox kitabın müəllifidir. Kitabları içərisində ən məşhuru İmam əl-Muzəni’dən gələn müxtəsər və digər kitabların üzərinə yazdığı qeydlərdir. Həmçinin fiqh üsulunda bir çox kitab yazmışdır. "əl-Muxtəsar" adı ilə tanınan bir kitabı vardır ki, əs-Subki "ət-Tabəqat" kitabında o kitabı gördüyünü deyir, lakin qeyd edir ki, "ər-Ravnəq" adı ilə tanınan bu kitab Əbu Həmidə nisbət olunur, lakin atası Təqiyyud-Din əs-Subki o kitabın Əbu Həmidə nisbətində şəkk etmişdir. Bunun səbəbini isə qeyd etmir.

Bu böyük zat hicri 406-cı ildə Bağdad şəhərində vəfat edib. əl-Xatib deyir: "Əbu Həmid dörd yüz altıncı ildə şəvval ayı vəfat etdi. Həmin gün (cənazəsində) çoxlu adam iştirak etmişdi, evində dəfn olundu. Dörd il sonra ordan götürülərək Bəbu Hərb deyilən yerdə dəfn olundu."[7]

Şeyxul-İslam İbn Teymiyyə deyir: "əş-Şeyx Əbul-Həsən Muhəmməd bin Abdil-Məlik əl-Kərxi əş-Şəfi’i "əl-Fusul fil-Usul anil-Əimmətil-Fuhul İlzəmən li Zəvil-Bidəi val-Fudul" adlandırdığı kitabında deyir: … İmam Əbu Mənsur Muhəmməd bin Əhmədi belə deyərkən eşitdim: İmam Əbu Bəkr Abdullah bin Əhmədi belə deyərkən eşitdim: Şeyx Əbu Həmid əl-İsfərayini’ni belə deyərkən eşitdim: "Məzhəbim, əş-Şafi’nin və bütün ölkələrin fəqihlərinin məzhəbi budur ki, Allahın Kəlamı məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Quranı Cibril – aleyhissələm – Allahu Təalədən eşitmiş olaraq daşımışdır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Cibrildən eşidib və səhabələr onu Allahın elçisindən – salləllahu aleyhi va səlləm – eşidiblər və bizim dillərimiz ilə dediyimiz, (kitabın) iki üz arasında olan, eşidilmiş, yazılmış, hifz edilmiş və nəqş olunmuş olaraq sinələrimizdə olan Odur. "Bə" və "tə" kimi hər bir hərfi Allahın Kəlamıdır, məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun." Şeyx Əbul-Həsən deyir: "Şeyx Əbu Həmid (əl-İsfərayini) əl-Bəqilləni və kəlam əhlini şiddətlə inkar edərdi." Əbul-Həsən deyir: "Bir çox imam və şeyxlərdən eşitdiyimə görə şafi’i imamları əl-Əşariyə nisbət edilməyə hər zaman nifrət etməyə və bunu çirkin bir iş saymağa, əl-Əşari’nin öz məzhəbini üzərində qurduğu (prinsiplərdən) bəraət etməyə və bu (prinsiplərin) həndəvərinə yaxın getməyi tələbələrinə qadağan etməyə davam ediblər. Bunu eşitdiyim şeyxlərdən biri əl-Hafiz əl-Mu’təmin bin Əhməd bin Əli əs-Səci’dir. Onlar deyirlər: Bir qrup etibarlı şeyxlərdən belə dediklərini eşitdik; dedilər: Elmi və tələbələri ilə Yer üzünü bürümüş imamların imamı Şeyx Əbu Həmid Əhməd bin Tahir əl-İsfərayini Kərxin bölgəsindən əl-Mənsur camisinə cüməyə tələsərkən caminin böyründəki ər-Ravzi adı ilə tanınan bağa daxil olardı və orada olanlara yaxınlaşaraq deyərdi: "Mənim adıma şahidlik edin ki, əl-Bəqilləni’nin dediyi kimi yox, Əhməd bin Hənbəl’in dediyi kimi Quran Allahın Kəlamıdır, məxluq deyildir." Bunu insan qrupları arasında təkrarlayardı. Ondan bunun səbəbini soruşduqda belə cavab vermişdi: "Mənim onlardan – yəni əşarilərdən – uzaq olmağım, əl-Bəqilləni’nin məzhəbindən uzaq olmağım haqqındakı xəbər ölkədə salehlərin və insanların arasında yayılması üçün (belə edirəm), çünki qəribdə olan fəqihlərdən bir qrup gizlicə əl-Bəqilləni’nin yanına daxil olurlar, onun yanında kitablar oxuyurlar və onun məzhəbi ilə fitnəyə düşürlər və öz ölkələrinə qayıtdıqda heç şübhəsiz ki, bidətlərini aşkarda yayırlar. Camaat da elə zənn edir ki, onu məndən öyrəniblər, guya mən demişəm, halbuki mən əl-Bəqilləni’nin məzhəbindən və əqidəsindən uzağam." Şeyx Əbul-Həsən deyir: "Şeyxim İmam Əbul-Mənsur əl-Fəqih əl-Əsbəhəni’ni belə deyərkən eşitdim: Şeyximiz İmam Əbu Bəkr əz-Zəzəqani’ni belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini’nin dərsində idim və öz tələbələrini "Kəlam" elmindən və əl-Bəqilləni’nin yanına daxil olmaqdan çəkindirərdi. Bir qrup tələbəsinin "Kəlam" elmini öyrənmək üçün gizlicə əl-Bəqilləni’nin yanına daxil olması xəbəri çatdı və mənim də onlarla birlikdə onlardan olduğumu zənn etdi." Davamında bir hekayəni nəql edir və axırında deyir ki, "Şeyx Əbu Həmid mənə dedi: Ey oğlum! Sənin bu adamın – yəni əl-Bəqilləni’nin – yanına daxil olmağın xəbəri mənə çatdı. Ondan uzaq ol, çünki o, bidətçidir və insanları zəlalətə çağırır. Əks halda mənim məclisimdə iştirak etmə!" Dedim: "Mən onların dediyində Allaha sığınıram və Allaha dönürəm. Sizi şahid tuturam ki, mən onun yanına getmirəm." (Şeyx Əbul-Həsən) dedi: "əl-Fəqih İmam Əbu Mənsur Səd bin Əli əl-İcli’ni belə deyərkən eşitdim: Bağdaddakı bir neçə şeyx və imamdan eşitdim və güman edirəm ki, Şeyx Əbu İshaq əş-Şirazi onlardan biri idi, dedilər: "Əbu Bəkr əl-Bəqilləni Şeyx Əbu Həmid əl-İsfərayini’dən qorxduğu üçün hamama üzü örtülü gedərmiş." (Şeyx Əbul-Həsən) dedi: Etibarlı bir qrup alim — onlardan biri də əl-Qadi Əbu Mənsur əl-Yəqubidir – mənə İmam Abdullah bin Muhəmməd bin Əli’dən – və o, Şeyxul-İslam əl-Ənsari’dir – belə dediyini xəbər verdi: Abdur-Rahmən bin Muhəmməd bin əl-Hüseyni – və o, əs-Suləmi’dir – belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini, Əbut-Tayyib əs-Su’luki, Əbu Bəkr əl-Qaffəl əl-Mərvazi və Əbu Mənsur əl-Həkim’i "Kəlam" elmini və onun əhlini inkar edərkən gördüm." Dedi: "Əhməd bin Əbi Rafi və bir qrup alimdən eşitdim ki, Əbu İshaq əl-İsfərayini’nin əl-Bəqilləni’yə qarşı şiddətini zikr edirdilər." Şeyx Əbul-Həsən əl-Kərxi dedi: "Şeyx Əbu Həmidin kəlam əhlinə qarşı şiddəti məşhurdur, hətta əş-Şafi’nin fiqh üsulunu əl-Əşari’nin üsulundan ayırmışdır və ondan bunları Əbu Bəkr əz-Zəzəqani qeydə almışdır. O qeydləri məndə mövcuddur. Şeyx Əbu İshaq əş-Şirazi də "əl-Lumə" və "ət-Təbsira" kitablarında onu özünə nümunə götürmüşdür, hətta əl-Əşari’nin görüşü əshabımızın bir görüşünə müvafiq olduqda ikisini ayırardı və deyərdi: "Bu, əshabımızdan bəzisinin görüşüdür və əşarilər də bu görüşdə olublar və onları əş-Şafi’nin əshabından saymamışdır. Üsulud-Din hələ bir yana qalsın, heç fiqh üsulunda onlara və məzhəblərinə yaxşı baxmamışdır."[8]

  1. "Tabəqat əş-Şəfiiyyə əl-Kubra", 4/64
  2. "Təhzibul-Əsmə val-Luğat", 2/209; "Tabəqat əs-Subki", 4/62; "Siyər Əaləmin-Nubələ", 17/194
  3. "Təhzibul-Əsmə val-Luğat", 2/210; "Siyər Əaləmin-Nubələ", 17/194
  4. "Tərix Bəğdəd", 4/369
  5. "Təhzibul-Əsmə val-Luğat", 2/209–210; "Siyər Əaləmin-Nubələ", 17/195
  6. "Tabəqat əş-Şəfiiyyin", 1/345
  7. "Tərix Bəğdəd", 4/370
  8. "əl-Fətəva əl-Kubra", 6/599–601