Əfqanıstanda Novruz bayramı

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda – Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-Şərifə təkcə şənlənməyə getmirlər.

Əfqanlar Məzari-Şərifə gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusuna yerinı yetir.