Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil.
Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi. 1941-ci ildə ölkədə "Əfqanıstan radiosu" yeni radioyayım mərkəzi yaradıldı. Ölkədə hərbi çevrilişlərin hökm sürməsinə baxmayaraq telefon və teleqraf rabitə sistemi fəaliyyət göstərməyə başladı. Lakin bu sistemdən hökumət və bir sıra sənaye maqnatları istifadə edə bilirdilər. 1996-cı ildə taliblərin hakimiyyətə gəlməsi ilə telekommunikasiya növbəti tənəzzülə uğradı. Ölkəyə televiziya, kinematoqraf, musiqi, peyk televiziya antenlərinin gətirilməsi belə qadağan olundu. Beləliklə, XX əsrin əvvəllərində ölkədə əhali üçün kütləvi informasiya vasitəsi "Əfqanıstanın şəriət radiosu" oldu.
1983-cü ildə Əfqanıstanda 31200 telefon xətti mövcud idi, yəni hər bir nəfərə bir telefon düşürdü. 1998-ci ildə ölkə paytaxtı Kabildə 21000 telefon xətti var idi. Ölkədə beynəlxalq rabitə xəttinin məhdud olması nəticəsində Kabil, Məzari-Şərif, Herat, Qəndəhar, Cəlilabad arasında rabitə yerüstü radiorele xətləri və peyk stansiyaları vasitəsilə yaradılırdı.
Ölkədə telekommunikasiyanın inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq hökumət bir sıra işlər həyata keçirir. Əfqanıstanın Rabitə Nazirliyi telekommunikasiya proqramı çərçivəsində 100 milyon dollar dəyərində 15 layihə hazırlamışdır. Bununla yanaşı, Kabil- Qəndəhar-Məzari-Şərif- Gündüz arasında fiber-optik rabitə kabelinin çəkilişi planlaşdırılıb. Həmçinin Kabil və Qəndəharın Pakistan xətti ilə birləşdirilməsi nəzərdə tutulmuşdur. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi milli telekommunikasiya sistemlərinin yaradılması məqsədilə Əfqanıstan Rabitə Nazirliyinə 14,2 milyon dollar sərmayə ayırmışdır. Bu layihə nəticəsində telefon rabitəsi və internetə qoşulma imkanları genişlənəcək. Əfqanıstan Rabitə nazirinin məlumatına əsasən, telekommunikasiya sisteminin bərpa olunması ilə əlaqədar Ümumdünya Bankı 3 milyon dollar dəyərində qrant ayırmışdır.
2001-ci ildə taliban hərəkatı internetdən istifadəyə qadağa qoymuş və bununla yanaşı, şəbəkədən istifadə edən şəxslərin şəriət qanunlarına uyğun olaraq cəzalandırılması tələbini irəli sürmüşdür. Lakin sonralar ölkədə internetin inkişaf etdirilməsi üçün hökumət xüsusi kompaniyalarını telekommunikasiya bazarına dəvət etməyə başladı. İlk dəfə paytaxtdan kənarda internet Qəndəharda 2003-cü ilin fevralında meydana çıxmışdır. Orada "Atahad" xüsusi kompaniyası yerli telefon xətti vasitəsilə internet xidmətini təqdim edirdi. İlk internet-kafe isə 2002-ci ildə Kabilin "İnterkontinental" mehmanxanasında "Afqan Wireless" kompaniyası tərəfindən təqdim edilməyə başladı. Bu internet-kafe ilk olaraq əfqan parlamentinin nümayəndələri üçün nəzərdə tutulmuşdu. Yüksək sürətli qoşulma məntəqəsi Heratda yerləşir. 2003-cü ilin mart ayında af. internet domeni öz işinə başlamışdır. 2003-cü ildən Kabildə "NEDA" internet provayderi fəaliyyət göstərir. Rus kompaniyası "Rusneftqazstroy" "NEDA" ilə "RNGS-Afqanistan" Birgə Müəssisəsinin yaradılması ilə əlaqədar saziş imzalamışdır. Sazişdə kompaniyanın informasiya texnologiyalarının işində fəal iştirakı da nəzərdə tutulmuşdur. Ölkədə "Qlobaltel" kompaniyası internetə qoşulma, məlumatların ötürülməsi və s. kimi funksiyaları həyata keçirir.
Ölkədə hərbi əməliyyatların aparıldığı bir zamanda "Ericsson" kompaniyası 2002-ci ildə GSM mobil rabitə standartının təqdim olunması üçün Kabildə avadanlıq quraşdırmışdır. 5 min abunəçinin qoşulması ilə bağlı "Ericsson" kompaniyası R250 modeldə 200 telefon aparatını da təqdim etmişdir. Mobil telefon əhalinin ən çox əldə etdiyi əşyadır. "Afqan Wireless Communications" ölkədə ötürücülər quraşdırmışdır. Bundan başqa, kompaniya ölkədə simsiz rabitəni inkişaf etdirmək niyyətindədir. Ölkədə "ROSHAN", "ACC" kimi mobil rabitə operatorları fəaliyyət göstərir.
Əfqanıstanda peyk rabitə sistemindən istifadə edilir. Bu rabitə sistemləri "İnmarsat" və "Globalstar" kompaniyaları tərəfindən həyata keçirilir.
Əfqanıstanda poçt rabitəsi demək olar ki, yox dərəcəsindədir. İlk poçt qovşaqları ölkədə XIX əsrin ortalarında təşkil edilmişdir. Hacıbulla rejiminin süqutundan sonra poçt sistemi tamamilə məhv olmuşdur. yeganə poçt stansiyası "Baxtar" Kabildə fəaliyyət göstərir. Burada xaricə məktub göndərişi 0.4 dollardır və 2 aya çatdırılır.