Əfqan qalası

Ordubad şəhərində orta əsrlər zamanı şəhərin həyatında mühüm rol oynamış bir qala vardır. Şəhərin qərb tərəfində, Dübəndiçayın sağ sahilində yerləşən qala əhali arasında "Əfqan qalası" adı ilə tanınır. Çox da yüksək olmayan təpə üzərində yerləşən qala şərq tərəfdən sıldırım qayalarla məhdudlaşır. Digər tərəflərdə müdafiə məqsədi ilə iri qaya parçalarından hörülmüş müdafiə divarı vardır. Divarın hörgüsündə bərkidici kimi əhəng məhlulundan istifadə edilmişdir. Qala divarının aşınma nəticəsində dağılmasına baxmayaraq bəzi yerlərdə 5 metr hündürlükdə salamat qalmışdır.[1]

Qalanın daxilində vaxtilə inşa olunmuş tikintilər tamamilə dağılmış vəziyyətdədir. Bəzi qisimlərdə dördkünc formalı binaların qalıqlarını izləmək mümkündür.

Araşdırmalar zamanı qalanın ərazisində son orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatı toplanmışdır. Əldə olunan yerüstü arxeoloji materiallara və qala divarının tikinti texnikasına əsasən Əfqan qalasını XIV-XIX əsrlərə aid etmək olar.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  2. Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 97.