XX əsrdə dünya əhalisi 1,5 mlrd. nəfərədək artmışdır. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər gedir. IEÖ-də artım sürəti son iki onillikdə sabit alçaqdır. Keçid iqtisadiyyatına malik ölkələrdə artım sürəti kəskin azalmışdır. Rusiyada, bir sıra MDB ölkələrində, Baltikyanı ölkələrdə, Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunur. Əhalinin artım sürətinin azalması IEOÖ-də, xüsusən, Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verir. Hal-hazırda işçi qüvvəsinin 2/3-i adambaşına ən kiçik ÜDM göstəricilərinə malik ölkələrin payına düşür.[1]
Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər IEOÖ üçün səciyyəvidir və uşaqların çox olması, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması ilə səciyyələnir. 2-ci tip IEÖ və keçid iqtisadiyyatına malik ölkələr üçün səciyyəvidir və, əksinə, uşaqların azlığı, yaşlı insanların çoxluğu ilə səciyyələnir. Uşaqların çoxluğu IEOÖ-də ona gətirib-çıxarır ki, bu ölkələrdə əməkqabiliyyətli insanların sayı azdır. Bu məktəblərin tikintisi, iş yerlərinin yaradılmasında çətinliklər yaradır. Əksinə, IEOÖ-də və keçid iqtisadiyyatlı ölkələrdə əhalinin demoqrafik qocalması baş verir. BMT-nin kriterilərinə görə, ölkənin əhalisi o zaman qoca sayılır ki, 60 və daha yaşlı insanların sayı əhalinin ümumi sayına nisbətən 12% və daha çox təşkil edir. Isveçdə bu göstərici 22,1%, Almaniyada 20,1%, Yaponiyada 19,9%, Rusiyada isə 16,6%-dir. Bu hal cəmiyyətin iqtisadi yükünü artırır. Bir sıra IEÖ-də əməkqabiliyyətli insanların sayı pensiyaçıların sayından bir qədər çoxdur və bu üstünlük get-gedə azalır.[1]
1950-ci illərin əvvəllərində dünya üzrə qadınların orta ömür müddəti kişilərə nisbətən 2,4 il çox idi. 1980-ci illərin əvvəlində bu fərq 2,6 ilədək, o cümlədən, inkişaf etmiş ölkələrdə 7,4 ilədək, IEOÖ-də isə 2,0 ilədək artmışdır. Şimali Amerikada qadınların orta ömür müddəti kişilərə nisbətən 8 il, Şərqi və Qərbi Avropada 6,1 il, Avstraliya və Yeni Zelandiyada 6,3 il, Latın Amerikasında 4,2 il, Afrikada 3,1 il, Asiya ölkələrində 1,5 il çoxdur.[1]
Bu halların ölçüləri bir sıra demoqrafik göstəricilərdən, ölkələrin sosial-iqtisadi durumundan, adət və ənənələrdən asılıdır. Dünya xalqlarının əksəriyyəti hal-hazırda monoqam ailələrlə yaşayır. Lakin bir sıra Asiya və Afrika ölkələrində (əsasən, müsəlman ölkələrində) poliqiniya, bəzi Cənubi Hindistan, Nepal, Mərkəzi Amerika xalqlarında poliandriya (çoxərlilik) yayılmışdır. Tropik Afrika ölkələrində 100 evli kişiyə 150 ərli qadın düşür. Kənd yerlərində 15 yaş və yuxarı yaşda olan 3 kişidən biri poliqin nikaha malikdir, yəni iki və ya üç arvada malikdir. Poliqin nikahlar ərəb ölkələrində də yayılmışdır.
Ümumiyyətlə, dünya üzrə kişilər, adətən, 25-29 yaşlarında, qadınlar isə 20-24 yaşlarında nikaha daxil olur. Ölkələr üzrə nikah yaşı qanunun tələblərindən çox, milli adət-ənənələrlə müəyyən olunur və qanunlar bir çox hallarda bu adətlər nəzərə alınmaqla qəbul edilir. Daha isti qurşaqlarda cinsi yetkinlik tez baş verdiyindən erkən nikahlar geniş yayılmışdır. Bu baxımdan Cənubi Asiya ölkələri seçilir. Median yaş, yəni bu nəslin nikaha girən nümayəndələrinin yarıdan çoxunun yaşı, Avropada kişilər üçün 25, qadınlar üçün 22-dir. Asiya, Afrika və Latın Amerikası ölkələrinin əksəriyyətində bu yaş kişilər üçün Avropadakına yaxın – 23-25 yaş, qadınlar üçün isə 19-21 yaşdır, yəni bir qədər az. Dünya üzrə dul qadınların sayı dul kişilərin sayından təxminən iki dəfə çoxdur. Bu bir tərəfdən qadınların daha uzunömürlülüyü, digər tərəfdən isə bir sıra IEOÖ-də dul qadınların yenidən ailə qurmasına qarşı pis münasibətdir. Müşahidələr onu deməyə əsas verir ki, II Dünya müharibəsindən sonra əksər ölkələrdə boşanmaların sayı kəskin surətdə artmışdır və indi də artmaqda davam edir. Çox güman ki, boşanmaların artması doğumun azalması və övladsız ailələrin çoxluğu ilə əlaqədardır.[1]