Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əliyev Əhmədağa Orucəli oğlu (Əhməd Orucoğlu) — Azərbaycan yazıçı-dramaturqu.
Əhməd Orucoğlu | |
---|---|
Əhmədağa Orucəli oğlu Əliyev | |
Doğum adı | Əhmədağa Əliyev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | ssenarist |
Əsərlərinin dili | azərbaycanca |
Əhməd Orucoğlu 1951-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakının Binə kəndindəki 121 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra 1966-cı ildə 3 saylı Bakı tibb məktəbinə daxil olub. 1970-ci ildə İncəsənət Dövlət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. 1974-cü ildə hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıtdıqdan sonra Pirallahı və Suraxani Mədəniyyət saraylarında və Tibb işçiləri evində bədii rəhbər vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Dövlət Televiziyasının buraxılış şöbəsində redaktor vəzifəsində çalışıb. Sonradan ədəbi-dram verilişlərində "Səhər görüşləri" proqramına redaktor vəzifəsinə keçirilib. Əhməd Orucoğlu ondan çox yeni il "Mavi işıq" proqramının, həmçinin novruz şənliklərinin ssenari müəllifidir. Bundan başqa Nəsibə Zeynalovaya həsr olunmuş "Qeyri-adi görüşlər" daha sonra "Təsəvvür edirsiz,Yaşar Nuri", "Qrammafondan videomaqnitafonadək" verilişlərinin ssenari müəllifi, "Köhnə saat", "Qonşular", "Təzə qonşular" televiziya tamaşalarının müəllifidir. Əhməd Orucoğlu 1993-cü ildən "BMT" telekanalında musiqili-əyləncəli verilişləri departamentinin rəhbəri, 2000-ci ildə isə "ABA" telekanalının baş prodüseri vəzifəsində çalışıb. "ABA" telekanalında yayımlanan "Bu axşam", "Nəm-nəm", "Necəsən dostum", "Qaraj-Ramiz Əzizbəylinin iştirakı ilə", "Şirin, Şəkər" uşaqlar üçün əyləncəli proqram, "Marafon", "Novruz boxçası", "Yeni il şənliyi" və.s. verilişlərinin ssenari müəllifi olub.
2001-ci ildə "Lider" televiziyasında Azərbaycan televiziya məkanında ilk dəfə olaraq intellektual veriliş olan "Teletime" proqramının ideya müəllifi və qrup rəhbəri olub. Həmin illərdə "Lider" televiziyasında "Nəm-nəm" verilişinin yeni formatda, yeni il şənliklərinin ssenari müəllifi, "Səhər" proqramının baş redaktoru olub. Əhməd Orucoğlu 2007-ci ildən yenidən Azərbaycan Dövlət Televiziyasinda fəaliyyətini davam etdirir. Burada "Gülməşəkər", "Benefis", "Bu axşam", "İnlellekt", "1001 sual" verilişlərinin müəllifidir. 2013-cü ildə "Min bir sual" intellektual proqramı MDB ölkələrinin televiziya proqramları arasında "TEFİ" mükafatına layiq görülüb. "Min bir sual" intellektual oyunu Azərbaycan televiziya müstəvisində "TEFİ" mükafatına layiq görülən ilk proqramdır. 2013-2020 illərə qədər AzTV-də "Görüş yeri" tok-şousunun layihə rəhbəri olub.
Əhməd Orucoğlu yaradıcılığa yumoristik hekayələr və pyeslərlə başlamışdır. İlk yazdığı "Qonşular" komediyası 1981-ci ildə, daha sonra "Yeni qonşular" və "Qaynana əməliyyatı" komediyası televiziyada lentə alınmışdır. Sonradan 1993-cü ildə "Pul dəlisi, "Məhəbbət bir bəladır", "Nənənin kələyi", "Açarlarını itirənlər" komediyaları Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Bundan savayı "Oğru" və "Açarlarını itirənlər" komediyası Lənkəran teatrında, "XXB" komediyası İrəvan teatrında, "Açarlarını itirənlər" komediyası Sumqayıt teatrında, "Nənənin kələyi" və "Qaynana əməliyyatı" komediyaları Dağıstan teatrında, "Nənənin kələyi" komediyası" Mingəçivir teatrında, "Sonuncu seriya", "Pul dəlisi" komediyaları Qazax teatrında tamaşaya qoyulmuşdur. Əhməd Orucoğlu uşaqları da yaddan çıxarmayıb onlar üçün "Zınqırovlu pişik" pyesini yazıb. Həmin pyes 2010-cu ildə Abdulla Şaiq adına Kukla teatrında, 2011-ci ildə isə Qax teatrında tamaşaya qoyulub. Bundan savayı Əhməd Orucoğlu Səttar Bəhlulzadəyə həsr olunmuş "Sonuncu Dərviş", "Kişiləri qoruyun" filmlərinin və "Bakı qalaları", "Susmayan vicdan" sənədli filmlərinin ssenari müəllifidir.
Hazırda Əhməd Orucoğlunun rəhbərlik etdiyi "Dövran" teatrı fəaliyyət göstərir. Bu teatırda "Açarlarını itirənlər", "Gülməliyik" və "Kvartet-şou" tamaşaları oynanılır. Əhməd Orucoğlunun bu illər ərzində 7 kitabı işıq üzü görüb. Bunlar "Əncir yarpağı", "Qaynana əməliyyatı", "Gülməsən tez qocalarsan", "Gülməliyik", "Dəlixanada toy", "Monoloqlar, Novellalar, Komediyalar", "Necəsən, dostum?" kitablarıdır. Əhməd Orucoğlu bu günə kimi 16 komediyanın müəllifidir.