Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əhməd Paşa | |
---|---|
Əhməd Əli oğlu Paşayev | |
Doğum tarixi | |
Doğum yeri | Ardanış, Göyçə |
Vəfat tarixi | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Mükafatları |
Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır.
Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu.
Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür. 1965-ci ildə "Səhər duyğuları", 1986-cı ildə "Göyçə lövhələri" və 1998-ci ildə "Göyçə dərdi" adlı kitabları nəşr olunmuşdur.
Yaşadığı dövrdə ictimai-siyasi həyatda baş verən eybəcərliklər, kommunist rejiminin riyakar siması Əhməd Paşanın satirik qələmi ilə kəskin tənqid atəşinə tutulur, poeziyanın dili ilə ifşa edilirdi.
Xalqa bol-bol vədlər verən, plan adı altında saxta rəqəmlərlə əhalini aldadan kommunist rəhbərlər Əhməd Paşanın tikanlı misralarından yaxa qurtara bilmirdilər. Belə bir güclü satiranın müəllifi heç də müftəxor rəhbərlik tərəfindən fərəhlə qarşılanmır, əksinə, çox vaxt təqiblərə məruz qalırdı.
Şair öz gözü ilə gördüyü əliəyrilikləri, oğurluqları, talançılıqları ifşa etməkdən çəkinmirdi. O, "Mələmə, heyvan mələmə" satirik şeirində yazırdı:
Dözün dərdə a qoyunlar,
Başınızda çox oyun var.
Qırxılanda zərif yunlar,
Pulu gedəcək sələmə,
Mələmə, heyvan mələmə...
Uzun illər dil-ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru işləyən Əhməd Paşa bir sıra qələm yoldaşları kimi 1988-ci ildən qaçqınlıq taleyi yaşamışdır. Ermənilərin doğma Göyçəni işğal etməsi onu son dərəcə sarsıtmışdır. Bu dövrdə Vətən dərdi, el həsrəti şairin qəlbini göynədən başlıca mövzuya çevrilmişdir.
Bu ağır dərd çəkilməzdi, çəkilməz,
Ev yıxıldı, tikilməzdi, tikilməz!
Yaddan çıxmaz, dərd qalası sökülməz,
Hara gedim dağ boyda yük belimdə?
Vaxtı ilə xalq şairi Hüseyn Arifin millətə, xalqa xəbərdarlıq məqsədilə yazılmış "Göyçəlilər, dağılmayın Göyçədən" şerinə Əhməd Paşa qəmli bir sızıltı ilə belə cavab verir:
Hüseyn Arif, sən dediyin Göyçəni,
Dırındızla güzəm kimi atdılar.
Qılınckəsməz, topdağıtmaz ordunu,
Pərən-pərən bir-birinə qatdılar.
Əhməd Paşa qürbətdə qalan vətənlə bağlı daha bir sıra şerlər yazır və erməni daşnak birləşmələrinin törətdikləri qanlı faciələrə öz poetik misralarında ağı tutur, atəş açır. Bugünkü və gələcək nəsli düşmənə qarşı ayıq olmağa, amansızlıqla mübarizə etməyə, qisası yerdə qoymamağa çağırır. Bu qəbildən olan şerlərinə "Göyçə dərdi", "El yeridi", "Dedim ayrılmayaq", "Qış düşəndə", "Dağıldı", "Tələsə-tələsə" kimi poetik nümunələr misal ola bilər.
Əhməd Paşa dərdli-ələmli misraları ilə göynəyə-göynəyə yaşadığı dəqiqələrdə ümidsizliyə qapılmır. Ümidinin işığına yön tutaraq, gələcəyin aydınlığına söykənir:
Mənim Göyçəm, niyə ağlar, qəribsən?
Gözəllərsiz buz bulaqlar, qəribsən.
Ağ sürülü yaşıl dağlar, qəribsən,
Ümidvaram, görüşünə gələrəm!
Əhməd Paşa şer janrının əksər növlərində zəngin irs qoymuşdur. Onun "Bülbül qəfəsdə ötür", "Şəhla", "Vətən eşqi" kimi poemaları, onlarla lirik və satirik şerləri oxucu kütləsinə məlumdur. Şair ömrünün sonlarına yaxın "Müşgünaz", "Abbas və Gülgəz" adlı mənzum dramları üzərində işləyirdi və bu əsərləri tamamlayıb tamaşaya qoymaq istəyirdi. Lakin amansız ölüm onun bu arzularını yarımçıq qoydu.
Əhməd Paşa 1954-cü ildə "Əməkdə fərqlənməyə görə" medalla, 1965-ci ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" medalı, 1985-ci ildə "Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" medalı ilə təltif olunmuşdur. Uzun illər qüsursüz və nümunəvi işlərinə görə əmək veteranı və respublika əhəmiyyətli fərdi pensiyaçı idi.