Əlövsət Cəfərxan oğlu Vəliyev — Qarabağ müharibəsi
Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı.
1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı.
1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun taqım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“
1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir. Yerli qüvvələrlə birlikdə Əlövsət Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Erməni qoşun birləşmələrinin irimiqyaslı hücumları isə daim davam edir. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu igid qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salır. Onun sonrakı taleyi isə indiyədək məlum deyil.[1]