Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ələddin Mahmudov — azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor.
Ələddin Mahmudov | |
---|---|
Elmi dərəcəsi |
Avqust ayında doğum günü qeyd edilən görkəmli şəxsiyyətlərdən biri də professor Ələddin Mahmudovdur. O, Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndələrndən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır.
Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında "Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir. Professor Ə.Mahmudov ömrünün sonuna qədər, yəni 1997-ci ilədək bu kafedrada çalışmışdır.
O, 1994-cü ildə nüfuzlu Amerika Riyaziyyatçılar Cəmiyyətinin üzvü, 1995-ci ildə isə Nyu York Akademiyasının həqiqi üzvü seçilmişdir.
Professor Ələddin Mahmudov 70-ə yaxın elmi işin, (o sıradan da iki monoqrafiyanın) müəllifi olmuşdur. Bu əsərlərdən 40-ına təkbaşına müəlliflik etmişdir. 20 məqalə isə respublikanın hüdudlarından kənarda dərc olunmuşdur. Keçmiş Sovetlər İttifaqının nüfuzlu elmi nəşrlərində, o cümlədən də SSRİ Elmlər Akademisyasının "Xəbərlər"ində, "Ümumittifaq differensial tənliklər", "Ukrayna – riyaziyyat" jurnallarında, habelə Rumıniya, Amerika Birləşmiş Ştatları, Almaniya və İranda çap olunmuş elmi məqalələri ona geniş şöhrət qazandırmışdır. Ə.Mahmudovun SSRİ Elmlər Akademiyasının "Məruzələri", Differensial Tənliklər, Ukrayna-riyaziyyat jurnalı, "Ali Məktəblərin "Xəbərləri" . Riyaziyyat"
jurnallarında dərc edilən bütün əsərləri Amerika Birləşmiş Ştatlarının riyaziyyat üzrə nəşrlərində yenidən dərc olunmuşdur.
1989-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının "Xəbərlər"ində verilmiş "Qeyri-xətti spektral məsələlərin həllərinin qlobal bifurkasiyası (budaqlanması)" adlı məqaləsi həmin il riyaziyyat üzrə ən yaxşı əsərlərdən biri hesab olunmuşdur. Həmin məqalənin qısa məzmunu sonralar Almaniya Federativ Respublikasında çap olunmuşdur. H.Kurant adına Amerika Riyaziyyat İnstitutunun elmi əsərlərində də prof. Ə.Mahmudovun bu məqaləsinə istinad edilmişdir.
Professor Ələddin Mahmudovun çoxillik gərgin elmi fəaliyyətinin əsas yekunları onun 1997-ci ildə 25 çap vərəği həcmində nəşr olunmuş "Qeyri-xətti məxsusi qiymətlər məsələsi və bifurkasiya nəzəriyyəsi" adlı monoqrafiyasında öz əksini tapmışdır. Əsər dünya təhsil ocaqlarının bir çox elmi kitabxanalarına və ali riyaziyyat üzrə müxtəlif cəmiyyətlərə göndərilmişdir.
Professor Ələddin Mahmudov Azərbaycan və dünya riyaziyyat elminə həm də 1952-ci ildə Amerika məntiqçisi və riyaziyyatçısı Henri Moris Şeffer tərəfindən təklif edilən Hammerşteyn qeyri-xətti inteqral tənliklərinin yeni öyrənilmə metodlarını inkişaf etdirmiş bir alim kimi daxil olmuşdur. Onun bu sahədə xidmətləri tanınmış sovet riyaziyyatçıları M.A. Krasnoselski və P.P.Zabreykonun "Qeyri-xətti analizin həndəsi metodları", P.P. Zabreykonun icmal xarakterli "Riyaziyyat toplusu", alman riyaziyyatçısı V. Petrenin, həmçinin digər sovet və əcnəbi riyaziyyatçıların əsərlərində qeyd olunmuşdur.
1966-cı ildən isə Ə.Mahmudov respublikamızda ilk dəfə olaraq ballistikada yaranan məsələlərin (riyaziyyat elmində V. Nikliborts kimi tanınan məsələ) tədqiqi ilə maraqlanmağa başlamışdır. Ə.Mahmudovun məxsusi qiymətlərə aid qeyri-xətti məsələlər nəzəriyyəsi üzrə aldığı əsas nəticələr onun 1984-cü ildə dərc olunmuş "Qeyri-xətti spektral analizin əsasları" adlı monoqrafiyasına daxil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Elmi İnformasiya İnstitutu , İllinoys Universitetinin kitabxanası, ABŞ referativ jurnalının redaksiyası və müxtəlif ölkələrdən olan alimlər bu monoqrafiyaya xüsusi maraq göstərmiş və müəllifdən elmi işin onlara göndərilməsini xahiş etmişlər.
1979-cu ildə Ə.Mahmudov Polşanın Sileziya Riyaziyyat İnstitutunun dəvəti ilə orada qonaq olmuş, müəllim və tələbələr qarşısında mühazirələrlə çıxış edərək öz tədqiqat işləri, axtarışları haqqında geniş məlumat vermiş, həmkarları ilə fikir mübadiləsi aparmışdır.
Professor Ələddin Mahmudov bütün ömrü boyu çalışdığı Bakı Dövlət Universitetinin elmi və ictimai həyatında xüsusi iz qoymuş şəxsiyyətlərdən biridir.
O, ayrı-ayrı illərdə mexanika-riyaziyyat fakütəsinin dekanı (1965 – 1969-cu illər), dekan müavini (1963 – 1965-ci illər), universitetin hazırlıq fakültəsinin dekanı (1970–1972-ci və 1994–96-cı illərdə) vəzifələrində çalışmışdır.
Ə.Mahmudov həmçinin BDU-nun ictimai və pedaqoji həyatında xüsusi fəallığı ilə seçilmişdir. O 1979–88-ci illərdə tədrisə nəzarət məqsədilə yaradılmış universitetdaxili təşkilati-metodik komissiyanın sədri olmuş, ayrı-ayrı vaxtlarda universitetin Elmi Şurasının, 1966 −1975-ci illərdə isə fizika-riyaziyyat elmləri namizədi və doktoru elmi dərəcələrinin verilməsi məqsədilə yaradılmış Elmi Şuranın üzvü olmuşdur.
Ə.Mahmudov elm və tədris sahəsində gərgin və nümunəvi işinə görə müxtəlif illərdə medal və fəxri fərmanla təltif edilmişdir.
Gənc kadrların yetişdirilməsində də alimin xüsusi xidmətləri olmuşdur. Professor Ə.Mahmudovun rəhbərliyi altında 8 gənc tədqiqatçı müdafiə edərək elmlər namizədi dərəcəsi almışlar. Azərbaycanlılarla yanaşı, rus, özbək, vyetnamlı tələbələri onun elmi rəhbərliyi altında müdafiə edərək alimlik dərəcəsi almışlar.
Professor Ə.Mahmudov həm də Gürcüstan azərbaycanlıları icmasının tanınmış simalarından biri olmuşdur. O, bu icmanın tədbirlərində yaxından iştirak etmiş, bəzi ictimai problemlərin müzakirəsinə və həllinə öz töhfəsini vermişdir.